Deməli, bütün yay boyunca bizim məhəllədə küçə ticarəti gedib. Yaşadığımız Həzi Aslanov metrosunun yaxınlığında 4-5 yerdə piştaxtalar qurulub, kənd camaatı öz məhsullarını alverçi əlinə ötürmədən gətirib buralarda satıb az-çox qazanc götürüb. Başqa bir tərəfdən, burada yaşayan insanlara təzə və ucuz məhsul almaq imkanı yaranıb, hamı sevincək olub. Amma gözlədiyim kimi, bu sevinc uzun sürmədi. Üç-dörd gün əvvəl həmin piştaxtaların hamısını yığışdırdılar. Guya şikayət olunub ki, küçə ticarəti əhalinin rahatlığını və ekologiyanı pozur. Bir yandan Söylünün “eqologiya budurmu” söhbəti yadıma düşdü, bir yandan da müxalifətin “asayişi pozan” mitinqləri ilə bağlı qondarma zəhmətkeş şikayətləri.
Əslində, məsələnin kökü başqadır axı. Həzi Aslanov metrosunun dörd tərəfi böyük marketlər şəbəkəsinin şöbələri ilə əhatələnib. “Bravo”, “Araz”, “Mega store”, “Neptun”, “Rahat market”, “Bazar store”, “Oba”. Küçə ticarəti başlanan ilk gündən barmağımı dişlədim ki, nə əcəb, bu marketlərin ağaları düz marketlərin ağzında belə piştaxtalar açılmasına imkan verib? Axı insanlar o piştaxtalardan aldığı təzə məhsulların 3-4 gündən qalmışını həmin marketlərdən ikiqat bahasına almaq məcburiyyətindədir. Əminliklə bilirdim ki, kasıbların bu xoşbəxtliyi uzun sürməz və elə də oldu. “Zəhmətkeşləri” təşkil etdilər ki, bu asayişi pozan kəndçiləri yığışdırın, bizim obyektlər batır. İndi biriləri qalxıb deyəcək ki, qanunla küçə ticarəti qadağandır. Deyən də öz vicdanını sorğulasın ki, bu ölkənin bütün qadağaları elə kasıb-kusub üçündür?
Ölkədə qadağan olunmalı qanundankənar çox şeylər var, amma nədənsə bütün çanaqlar məhz yetim-yesirin başında çatlayır. Bəs kəndlinin məhsulunu qəpik-quruşa alıb öz marketlərində üçqat bahasına satan monopolistlərə niyə qadağa qoyulmur?
Xatırladım ki, qanunauyğun şəkildə təşkil edilən küçə ticarəti dünyanın çox ölkəsində var və o məhz aztəminatlı insanların həyatını asanlaşdırmağa hesablanıb. Bizdə isə bəlli, hər şey əksinədir…