Bugünlərdə təhsil üzrə ekspert Kamran Əsədovun sosial şəbəkədə Stanford Universitetinin açıqladığı dünyanın ən nüfuzlu alimləri siyahısında Azərbaycan universitetləri ilə bağlı fikirləri öz əksini tapıb.
Ekspert qeyd edib ki, həmin siyahıda dünyanın ən nüfuzlu alimlərinin 2%-i siyahısında Azərbaycan üzrə 41 tədqiqatçının adının çəkilməsi ilk baxışdan qürur doğurur:
“Amma bu məlumatlara dərindən baxanda ortaya çox ciddi manipulyasiya və etik problem çıxır.
Siyahıda bəzi universitetlərin adları çoxlu sayda “alim”lə təmsil olunur, lakin həmin şəxslər nə o universitetdə işləyirlər, nə də Azərbaycanda yaşayırlar. Xüsusilə bəzi özəl ali məktəblərin – Xəzər Universiteti və Qərbi Kaspi Universitetinin siyahıda yer alan “tədqiqatçıları”na baxanda görürsən ki, onların adlarının əksəriyyəti nə azərbaycanlıdır, nə də həmin universitetlə faktiki əlaqəsi var. Onların hər biri ya ABŞ-da, ya Avropada, ya da Asiyanın elmi mərkəzlərində çalışan alimlərdir”.
Məsələ ilə bağlı Qərbi Kaspi Universiteti Kamran Əsədova cavab verib. Cavabda qeyd edilir ki, Stenford kimi nüfuzlu universitetin təhlilini şübhə altına almaq qeyri-peşəkar yanaşmanın göstəricisidir:
“Azərbaycandan 41 elmi tədqiqatçının olması, elmimizi yüksək qiymətləndirmək əvəzinə öz işini düzgün qura bilmiş universitetləri təhqiredici ifadələrlə ittiham etmək, adlarını qaralamaq nə deməkdir?
Əlavə etdiyimiz siyahıda müxtəlif ölkələrdə çalışan əcnəbi və ya Azərbaycanlı alimlərin hansı universitetlə özünü əlaqələndirdiyi göstərilib. Baxaq bu universitetlər hansıdır? Bahoo! Burada az qala bütün Azərbaycan universitetlərinin adları var ki! Bəs nə əcəb bu düşük şərbaz onları saxta adlandırmayıb? Hazırda əcnəbi alimlərin Qərbi Kaspi Universiteti ilə əməkdaşlıq əlaqəsi uzun illərdir beynəlxalq elmi layihələrin, birgə tədqiqat proqramlarının nəticəsidir.
Özünü təhsil eksperti kimi cəmiyyətə soxuşduran təhsil alverçisinin və tələbə köçürmələri ilə ad çıxarmış möhtəkirin, xırda mafiyoz “ekzemplyar”-ın 30-40 deyil, 70-dən çox Qərbi Kaspi Universiteti ilə əməkdaşlıq edən alim-müəllimləri universitetə gəldikcə bir-bir sübut olaraq gözünə soxacağıq. Bu adamlar üçün reketlik, onun-bunun sifarişi ilə kimisə qaralamaq bir həyat tərzidir.
Bir şeyi bilmədən, öyrənmədən, dəqiqləşdirmədən öz ala-bula “ekzpertiza”-sı ilə özünü hər yerə soxub başından böyük, istədiyi şəkildə hərəkət edir. Köçürmə möhtəkiri, təhsilin “t”-sindən xəbəri olmayan, öz intellekti ilə anlaya bilmədiyi məsələlərə bazar əhli səviyyəsində qiymət verir. Onun yazdıqlarını yayımlayan mətbuat orqanı da onun tayıdır.
Anlamır ki, etdiyi reket fəaliyyətindən başqa bir şey deyil! Bu cəmiyyəti sən nə sayırsan? Bunun üçün sən kimsən axı? Həmin Qərbi Kaspi Universitetindən qovulan sən deyilsənmi? Özünü universitetə sırıyıb, tələbələrin kontaktlarını yığıb digər universitetlərə köçürmə ilə məşğul olmaq, öz çirkli biznesinə imkanlar yaratmaq, qısa zamanda da qovulmaq. Bəlkə bunun qıcığı qalıb içində?
Sonda bir daha bu adamcığaza deyirik yerini bil! Akademik həyatı bulandırma, sənin yerin deyil!”(Faktinfo.az)