ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin aparıcı üzvü, senator Cinn Şehin Azərbaycanda haqsız yerə həbsdə saxlanan şəxslərin azad olunmasına çağırış edib. O, bunu Ermənistan və Azərbaycan arasında sülh prosesində əldə olunan irəliləyişlər fonunda ABŞ-Azərbaycan münasibətlərində yeni mərhələnin vacib hissəsi kimi görmək istədiyini bildirib.
Senatorun təşəbbüsü çərçivəsində əməkdaşları ötən ay Bakıya məktublar aparıblar. Məktublar “Azadlıq Radiosu”nun jurnalisti və iqtisadçı Fərid Mehralızadəyə, “Amerikanın Səsi”nin keçmiş müxbiri Ülviyyə Əliyə və hüquqşünas, “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədliyə ünvanlanıb. Şehin məktublarda bu şəxslərin ABŞ qurumları ilə sıx əlaqələrinə diqqət çəkib və onların tezliklə azad ediləcəyinə ümidini ifadə edib.
Cinn Şehin Azərbaycanın Ermənistanla sülhə sadiqliyini alqışlayaraq, bunun ABŞ-Azərbaycan münasibətlərində daha güclü tərəfdaşlıq üçün imkan yaratdığını qeyd edib. Eyni zamanda o vurğulayıb ki, siyasi məhbusların azad edilməsi və onların ailələrinin təqibinin dayandırılması bu yeni mərhələnin ayrılmaz hissəsi olmalıdır:
“Yeganə “cinayəti” ABŞ ilə əməkdaşlıq olan insanların həbsdə saxlanılması tərəfdaşlığın ruhuna ziddir. Mən bu prosesdə strateji tərəfdaşlıq memorandumu ilə bağlı təşəbbüsləri dəstəkləməyə hazıram, amma eyni zamanda insan haqları sahəsində real irəliləyişlər görmək istəyirəm”, – deyə senator bildirib.
Şehin məktublarında hər üç şəxsin fəaliyyətinə ayrıca toxunub.
Fərid Mehralızadəyə yazdığı məktubda onun iqtisadi biliklərini “supergüc” adlandırıb, həbsdə belə kitab oxumaq və krossvord həll etməklə vaxtı səmərəli keçirməsini alqışlayıb. Senator onun azadlığı üçün mübarizəni davam etdirəcəyini və bir gün Senatda onu şəxsən qarşılamağı arzuladığını qeyd edib.
Ülviyyə Əliyə ünvanladığı məktubda isə “Amerikanın Səsi”nin son aylarda üzləşdiyi təzyiqləri xatırladaraq, həmkarları ilə birlikdə bu media qurumunu və onun jurnalistlərini müdafiə etdiyini vurğulayıb.
Ələsgər Məmmədliyə məktubunda onun “Internews” və IREX-dəki fəaliyyəti, azad mətbuat dəyərlərini təbliğ etməsi, həmçinin ATƏT-lə əməkdaşlığı xatırladılıb. Şehin onun həbsdə ciddi sağlamlıq problemləri yaşadığını bildiyini, tezliklə tibbi yardım alacağına və ailəsinə qovuşacağına ümid etdiyini yazıb.
2023-cü ilin noyabrından bəri Azərbaycanda 30-dan çox jurnalist və ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs olunub. Yerli hüquq müdafiəçilərinin siyahılarına görə, hazırda ölkədə 400-ə yaxın siyasi məhbus var. Rəsmi qurumlar isə iddia edirlər ki, heç kəs siyasi səbəbdən deyil, törətdiyi əmələ görə məsuliyyətə cəlb olunub. (AbzasMedia)