Xatırlayırsınızsa, Trump bir müddət əvvəl Rusiyanı masaya oturtmaq üçün neftin qiymətini kəskin aşağı salmaqdan danışırdı. Hətta bu məqsədlə bəzi addımlar da atılmışdı. Kölgə donanmalara, rus neftini alan ölkələrə sanksiyalar qoyulurdu.
Bu məntiqli yanaşma idi. Çünki ABŞ-da yaxşı bilirdi ki, Rusiya 2022-2025-ci illər ərzində enerji sektorundan ümumilikdə 900 milyard dollarlıq gəlir əldə edib. Bu gəlirin 600 milyard dolları sadəcə neft və neft məhsulları hesabına əldə edilib. Yəni, Rusiyanın can damarı neft və neft emalı sənayesidir.
Son aylarda isə Ukrayna dronlarla Rusiyanın dərinliklərində yerləşən neft emalı zavodlarına kütləvi zərbələri artırıb. Artıq Rusiyanın 38 ən böyük neft emal zavodundan 16-nın zərbə aldığı deyilir. Trump-ın dediklərini xatırlayanda bu yanaşmanın olduqca strateji addım olduğu aydın olur. Məqsəd bəllidir, Rusiyanın neft emalı sənayesinə ciddi zərbə vurmaq və onun enerji imkanlarını məhdudlaşdırmaq. Təkcə neft satmağına yox, ümumiyyətlə istehsal qabiliyyətinə zərbə vurmaq.
İlkin məlumatlara görə, Rusiya neft emal sənayesi də bu strateji hücumdan ciddi şəkildə təsirlənib. Belə ki, avqust və sentyabr aylarında neft emal sənayesinin 38% geriləmə yaşanıb. Dizel və benzin istehsalında avqust ayı ərzində 6%, sentyabrda isə 18% geriləmə var. Rusiya 30 sentyabrdan etibarən yenidən xaricə dizel və benzin satışına qadağa qoyub.
Neft emal zavodları vurulduğu üçün Rusiya dizel və benzini özü istehsal etmək əvəzinə, daha çox idxal etməyə məcbur olur. Xaricə isə daha çox xam neft satır.
Mənə Rusiyanın düşdüyü vəziyyət qədər, Azərbaycanın bir “enerji təminatçısı” kimi prosesə reaksiyası da maraqlıdır. İnanmıram ki, kiminsə ağlına Rusiyaya ehtiyacı olan neft məhsullarını satmaq gəlməsin. Nəticədə Trump “almayın” deyib, “satmayın” deməyib. Mediada da son vaxtlar Rusiyanı söymürlər, sakitlikdir. Putinin də ad günüdür bu günlərdə. Yeni bir Adnan tapılacağına inanıram)
Bilinən odur ki, Rusiya hələlik Belarusdan dizel və benzin idxalını ciddi ölçüdə artırıb. Amma hücumlar davam etdikcə və neft emal sənayesi daha da zəiflədikcə ehtiyac da artacaq. Bu problem dərinləşsə, Rusiyanın Azərbaycanla daha isti münasibətlərinin şahidi ola bilərik. Görək nələr olacaq…
Avropa da ümid edir ki, şirin dillə Azərbaycanı Rusiyadan ayırmaq mümkün olacaq.
Araz Əliyev