Mühacirətdə olan Rusiya müxalifətçisi Vladimir Kara-Murza Kremlin əleyhdarları arasındakı gərginliyi azaltmağa çalışıb. Gərginlik Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezident Vladimir Putinin opponentlərinin səsini daha güclü eşitdirəcək qərarıyla bağlıdır.
“Current Time”a müsahibəsində Kara-Murza deyib ki, Kremlin xaricdəki əleyhdarlarının AŞPA-da nümayəndə heyəti “mgeniş təmsilçilik xarakteri” daşımalıdır, bu, “onun legitimliyini təmin edə biləcək yeganə amildir”.
Müsahibə oktyabrın 6-da alınıb. Ondan beş gün öncə isə AŞPA 80 səs lehinə, 4 səs bitərəf qalmaqla “Rusiya Demokratik Qüvvələri ilə Dialoq Platformasının yaradılması”na dair qətnamə qəbul edib.
Qətnamədə deyilir ki, məqsəd “Rusiya demokratik qüvvələrinin Rusiyada dayanıqlı demokratik dəyişikliklər yaratmaq qabiliyyətini gücləndirmək, Ukraynada davamlı, ədalətli sülhün təmin edilməsinə yardım etmək, eyni zamanda Rusiya aktorlarının beynəlxalq cinayətlərə görə məsuliyyətə cəlb olunmasını təmin etmək”dir.
Rusiya 2022-ci ilin fevralında Ukraynaya genişmiqyaslı hücuma başlayandan bir neçə həftə sonra Avropa Şurası və onun Parlament Assambleyasından çıxarılıb. Kara-Murza AŞPA-nın Putin hökumətinə müxalifətə dialoq platforması vermək qərarını “tarixi” adlandırıb.
“Rusiya demokratik müxalifətinin səsi… Avropa Şurasının divarları arasında eşidiləcək”, – o deyib. Müxalifətçi bunu “gələcəkdə Putindən sonrakı Rusiyanın Avropa hüquq məkanına və Avropa institutlarına reinteqrasiyası üçün yol xəritəsinin hazırlanması baxımından ən vacib platforma” adlandırıb.
“Current Time” müxbiri Aleksey Aleksandrov yazır ki, AŞPA-nın qərarı Rusiyada parçalanmış müxalifət arasında sosial mediada qəzəbli mübahisələr doğurub. Gərginliyə qətnamə ilə birlikdə yayımlanan memorandum səbəb olub. Orada xaricdəki əsas müxalifət qüvvələri sadalanıb və bu siyahının nümayəndə heyətinə salınma üçün kriteriya olacağı təəssüratı yaranıb.
“Tənqid və ziddiyyət”
Memorandumda Mixail Xodorkovski, Harri Kasparov və Kara-Murza kimi şəxslərlə yanaşı, mərhum Aleksey Navalnı və onun Korrupsiya ilə Mübarizə Fondunun (FBK) da adı çəkilir. Bu fondu hazırda onun həyat yoldaşı Yuliya Navalnaya və digər yaxınları idarə edir.
Memorandumda qeyd olunur ki, FBK uğurları ilə yanaşı, “Rusiya müxalifəti daxilində tənqid və mübahisə yaradan hərəkətlərlə də diqqət çəkib”, 2023-cü ildə Berlində “Rusiya Demokratik Qüvvələri Bəyannaməsi”ni imzalamayıb.
“Onları indiyədək Assambleyanın təşəbbüslərinə cəlb etmək cəhdləri uğurlu olmayıb və hazırda Assambleyanın müəyyən etdiyi Rusiya Demokratik Qüvvələrinə daxil deyillər”, – memorandumda deyilir.
FBK-nın təmsilçiləri Mariya Pevçix və Leonid Volkov bu hissəni onlayn tənqid ediblər. Bəzən də Xodorkovski kimi müxalifətçilərlə qarşı-qarşıya gəliblər.
Kara-Murza isə Navalnaya və FBK üzvlərinin qəbul edilməməsi fikrini “gülünc” adlandırıb, memorandumun “ilk sənəd” olduğunu, nümayəndə heyətinin formalaşdırılması mexanizminin hələ işlənib hazırlanmadığını deyib:
“FBK-nın Rusiya demokratik müxalifətinin aparıcı təşkilatlarından biri olduğu aydındır. Şəxsi mövqeyim belədir ki, onlar mütləq prosesdə iştiraka dəvət olunmalıdırlar”.
Siyasi məhbuslar
Kara-Murza ümid edir ki, müxalifət platformasının üzvlərinin seçimi mexanizm yaradılandan sonra, dekabrın ortalarında başlaya bilər. Bu halda nümayəndə heyəti yanvarın sonlarında başlayacaq AŞPA plenar sessiyasına qədər formalaşmış olar.
Putin və hökumətinin çoxdankı rəqibi Kara-Murza 2022-ci ilin aprelində həbs olunub. O, “Kremldəki diktatura rejimini Ukraynada müharibə cinayətləri törətməkdə” açıq ittiham etmişdi.
Müxalifətçi dövlətə xəyanətdə təqsirli bilinərək 25 il həbs cəzasına məhkum edilib. Bu, Putini, Ukraynadakı müharibəni tənqid edənlərə kəsilən ən uzunmüddətli cəza idi. Amma müxalifətçi 2024-cü ilin avqustunda Rusiyada böyük məhbus mübadiləsi ilə azad edilən 16 nəfərdən biri olub.
Kara-Murza bildirib ki, AŞPA və Rusiya müxalifətinin nümayəndə heyəti “Putin rejiminin Ukraynada törətdiyi cinayətlərə görə ədalət tələb etməlidir”. Həm də “Rusiyada hər gün artan siyasi məhbuslara beynəlxalq dəstək” onların əsas müzakirə mövzusu olmalıdır.
Rusiyanın tanınmış müxalifət liderlərinin çoxu hazırda xaricdədir. Ukraynaya qarşı müharibəni tənqid edən xeyli sayda insan isə Rusiyada həbsdədir, narazılara qarşı repressiyalar kəskin artıb. (AzadlıqRadiosu)