Oktyabr gözəl aydır.
Nobel həftəsi başlayır.
Hər il oktyabr ayında dünyanın elmi, ədəbi ictimaiyyəti diqqətini İsveçə və Norveçə yönəldir.
6–13 oktyabr tarixləri arasında 2025-ci il Nobel mükafatları elan ediləcəklər.
Bu axşam İstanbula geri qayıtdım.
Sabahdan bütün diqqətin İsveç Kral Akademiyasında olacaq.
Bir çoxları kimi mən də nəfəsimi dərib fiziologiya və tibb, fizika, kimya, ədəbiyyat, sülh və iqtisadi elmlər üzrə laureatların kimlər olacağını gözləyəcəm. Nobel həftəsi yalnız mükafatı alanların elan olunması deyil, o həm də elmin təntənəsidir.
Süni İntellekt, yeni dövr və Nobel
Son illərdə Süni İntellekt (Sİ) elmi tədqiqatlarda sürət, analiz gücü və verilənlərdən çıxarılan dərin anlayışlarla inqilab yaradır. 2024-cü ildə Kimya, Tibb və Biologiya, Fizika, İqtisadiyyat üzrə Nobel mükafatlarını Sİ-nin dərin iştirakı və tədqiqatları ilə birbaşa bağlıdır.
Məncə, 2025-ci ildə də Sİ-nin şəksiz rolu və onun gətirdiyi elmi sıçrayışlar mühüm yer tutacaqlar.
Düşünürəm ki, Nobel həftəsi bu il də elm və mədəniyyət səmasında parlaq bir işıq saçacaq. Keçmişin quruluşu, indinin elmi tərəqqisi və gələcəyin ümidləri bu zaman dilimində birləşəcək. Süni intellektin artan varlığı, elmin multidissiplinar dönüşü və humanitar aspektlər Nobel mükafatçılarının seçimində daha çox nəzərə alınacaq.
Əvvəllər elm adamı yalnız öz sahəsində, məsələn, fizika, biologiya və ya ədəbiyyatla məşğul olurdu. İndi isə sərhədlər silinib: fizika biologiya ilə, biologiya informatika ilə, informatika fəlsəfə ilə, fəlsəfə süni intellekt və etika ilə əməkdaşlıq edir. Məsələn:
–Bioinformatika — biologiya + kompüter elmləri;
–Koqnitiv elm — psixologiya + neyroelm + dilçilik + süni intellekt;
–Kosmik biologiya — astronomiya + biologiya + kimya
Builki Nobel həftəsini də mənim səhifəmdən izləyin. İmkan daxilində son xəbərləri anında sizinlə paylaşacam, Nobel laureatlarını sizə tanıdacam.
Hansı kəşflər insanlığa yeni qapılar açacaq, hansı tədqiqatlar insan düşüncəsini dəyişdirəcək?
Sabahdan etibarən səhifəmə mütləq nəzər salın…
Oktyabr ayı həm də düşüncənin, ideyanın, elmin və yaradıcı enerjinin zamanıdır…
İbrahim Nəbioğlu