24 C
Bakı
07 Oktyabr 2025 17:03
CəmiyyətGündəm

İnhisarın dərmanı yoxdur, amma bütün dərmanlar inhisardadır.

Bu günlərdə 187 adda dərman preparatlarının qiymətləri bahalaşdırıldı. Onsuz da dərmanlar baha idi. Bundan sonra daha da baha olacaq. Azərbaycandan oğurlanan pullarla xarici ölkələrdə dərman zavodları tikirlər. Amma ölkə içində dərmanlar dünya qiymətlərindən 2-3 dəfə bahadır. Məsələn, Azərbaycan vətəndaşlarının hakim ailənin apteklərindən aldığı dərmanlar qonşu İran və Türkiyədə pərakəndə satışda olan dərmanlardan orta hesabla 3 dəfə, Gürcüstan və Rusiyada pərakəndə satışda olan dərmanlardan  2 – 2,5 dəfə bahadır.

Bu halda hökumət 187 adda dərmanın yenidən bahalaşmasını nə ilə izah edir? Dünya bazarında bahalaşma gedibmi? Hətta gedibsə də dünya bazarı ilə müqayisə də bizdə fərq faizlə yoz dəfələrlə böyükdür. Bura dərmanların keyfiyətini də əlavə etsək mənzərə daha aydın olar. Dəfələrlə təcrübəli həkimlər açıqlama veriblər ki, bizim ölkədə satılan dərmanlar tərkib baxımından standartlara uyğun deyil. Bu da ayrı bir məsələdir. Ölkədə dərman inhisarı yaradılıb. Deyilənlərə görə bütün inhisarlar kimi dərman inhisarı da hakim ailə və hakim zümrənin əlindədir. Bir sıra xəstələrə verilən dərmanların çeşidi çox məhdud, keyfiyyəti isə çox aşağıdır. Artıq uzun müddətdir Azərbaycanda apteklər səhiyyə müəssisəsindən daha çox ticarət obyekti kimi fəaliyyət göstərir.

Tibbi sığorta tətbiq edilən ölkələrin bir çoxunda xəstələrin dərmanla təminatı sığorta paketinə daxildir. Məsələn, Türkiyədə. Bizdə isə əksinə nəinki dərman preparatları sığortaya daxil deyil, hətta xəstəxanalarda dərman və tibbi ləvazimatları belə xəstələrə aldırırlar.

Səhiyyə sığortası şikəst edilib və yalnız ölü dəfn etməyə hesablanıb. Bir sıra xəstəliklər sığortaya düşür, bəziləri düşmür. Məsələn ölkədə artıq təhlükəli xarakter alan onkoloji xəstəliyin müalicəsinin icbari tibbi sığortaya daxil edilməməsi nə ilə bağlıdır? Bunu rəsmilər onkoloji xəstəliklərin müalicəsinin çox bahalı olması ilə izah edirlər.

Axı, sığorta hansısa xəstəliyin müalicəsinin bahalı və ya ucuz qurulması üzərində qurula bilməz. Digər tərəfdən sığorta əsasən bahalı, vətəndaşların gücü daxilində olmayan xəstəliklərinin müalicəsini qarşılmaq üçündür. Sadəcə olaraq hakim ailənin akademik bir üzvü (Cəmil Əliyev) ölkədə onkoloji inhisar yaradıb. Budur səbəb. Qalanları təfərrüatdır.

Harada görünüb ki, bir xəstəliyi sığorta qarşılaya bilər, digər xəstəliyi yox. Ölkədə artıq xərçəng xəstələrinin sayı 80 min ətrafındadır. Yoluxanların sayı hər il orta hesablar 12-13 min nəfər artır. Səbəb? Qida və dərban təhlükəsizliyi orqanları işləmədikcə xərçəng təhlükəsi sürətlə artır. Müayinə və müalicə baha olduğu üçün xəstəlik kütləviləşir.

Tibbi sığorta yalnız dövlət büdcəsindən ayırmalar hesabına deyil, həm də işləyən vətəndaşların ödənişləri hesabına formalaşır. Təsəvvür edin əhali səhiyyə xidməti baxımından fəlakət həddindədir. Amma 2025-ci il üçün 2,5 milyarddan bir qədər çox olan tibbi sığortanın bir hissəsi də (300 milyon manatı) ötən illərdə xərclənməyən vəsait hesabına formalaşır. Yəni bir tərəfdən “bahalı” xəstəlikləri sığorta paketinə daxil etmirlər, digər tərəfdən ayrılan vəsaiti təyinatı üzrə xərcləməyib növbəti ilə keçirirlər.

Bir vaxtlar xəstəxanalar ətrafında yaşıllıq zolaqları salmaq üçün ayrılmış ərazilər ələ keçirildi. Yaşıllıqlar məhv edilib yerində hündürmərtəbəli binalar və ya kotec şəhərciklər salındı. Sərhədlər açıq olanda adamlar İran və Gürcüstanda etibarlı və ucuz səhiyyə yardımı (həm də dərman) ala bilirdilər. Altı ilə yaxındır sərhədləri qapadıb əhalini bu imkandan da məhrum ediblər.

Sığortanın qarşıladığı səhiyyə müəssisələrin çoxunda  lazımi tibbi avadanlıq yoxdur. Maqnit rezonans tomoqrafiyası (MRT), Kompüter tomoqrafiyası (KT), rentgen, ultrasəs, bir sıra bahalı analizlərə ehtiyacı olan xəstələr  hakim zümrəyə məxsus xəstəxanalara göndərilir və ödənişli xidmətdən keçir. Sığorta ilə əməliyyata gələn xəstə “etibarlı” əməliyyat üçün bir o qədər də pul, yəni rüşvət ödəməli olur. Çünki sığorta səhiyyənin mərkəzi siması olan həkimin əməyinə yetərli qiymət vermir, xəstənin ehtiyaclarını ödəmir.

Avadanlıq olanlar da sadəcə Ağcəbədinin mal bazarını xatırladır. Xəstələr gecə saat 4-dən – 5-dən növbə tutur. Növbələr pozulur və təzədən düzülür, adamlar saatlarla, günlərlə vaxt itirir. Əgər sürətli keçmək istəyirsənsə ödəniş etməlisən. Bəs sığorta harada qaldı? Yəni belə sığorta xidməti xəstənin sağalmasına yox, daha tez ölməsinə xidmətdir.

Tibbi sığorta qonşu Gürcüstanda da var. Beş addım yoldur. Beş nəfər ezam edin görün bu işi necə qurublar siz də elə qurun. Bizdə İlham Əliyev quş qoyub ki, tibbi sığorta var. Quş uçub gedib, sığorta da dərdə dəymir. O həm  var, həm də yoxdur. Sığortalı xəstəyə tibb müəssisələrində cüzəmli adam kimi baxırlar. Keçmiş SSRİ-də tətbiq edilən heyvan sığortası son illər Azərbaycanda tətbiq edilən tibbi sığortadan daha işlək idi. Bunların bütün işləri belədir. İndi də pensiyaların yeni qaydada hesablanmasın tətbiq edirlər. Görən yenə hansı əhali qrupunun pensiyasını kəsmək, həcmini azaltmaq istəyirlər.

Ölkədə  səhiyyə bərbad vəziyyətə salınıb. Sığortaya 5-10 manat pul ayırırlar. Həkimlər də müayinə vaxtının çoxunu xəstəlik tarixinin əl ilə yazmasına, sənədləşməyə sərf edir. Səhiyyənin bu vəziyyətə düşməsinin əsas səbəbi idarəçilik “islahatlarıdır”. Deməli ölkədə həm Səhiyyə Nazirliyi var, həm Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi – TƏBİB, həm də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA). Eyni işi – Səhiyyə nazirliyinin görməli işi 3 qurum görməli olur. Üçü də yarıtmaz formada.

Səhiyyə nazirliyi əslində yarıtmaz “islahatlar” adı altında səhiyyədən uzaqlaşdırılıb.  Yalnız tibb üzrə təhsil müəssisələri nazirliyə baxır. Onların potensialından da səhiyyədə istifadə edilmir. Bunun üçün ayrıca nazirlik saxlamağa elə bir ehtiyac yoxdur. Həmin təhsil müəssisələri Təhsil və Elm nazirliyinə verilə, Nazirlik də ləğv edilə bilər. Amma niyə? TƏBİB hansı işi görür ki, Səhiyyə Nazirliyi onu görə bilmirdi.

Ölkə səhiyyəsində yaranan bu acınacaqlı durum bilavasitə TƏBİB-lə bağlıdır. Bir dəfə Xruşşov islahatlarından sonra kənd və sənaye rayonları yaradılmışdı. Bir kənddə pambıq suvaran işçi kənd rayonuna, MTS-də işləyən sənaye rayonuna aid idi. Onlar həftə sonu bir yeməkxanada yeyib içib sərxoş olanda suçunu kənd rayonunun, MTS işçisin sənaye rayonun ayıltma məntəqəsinə aparırdılar.

İndi bizim səhiyyədə də eyni vəziyyət yaranıb. İdarəçilik xərclərini azaltmaq əvəzinə eyni işi 3 idarə görür. Nəticədə Təcili yardım ölüm ayağında olan xəstəni xəstəxanaya aparmaqdan imtina edir.

 

Cəmil Həsənli

Tacxeber.com

Oxşar xəbərlər

Tahir Kərimli: “Alimlərdən soruşdum ki, İranda yaşayan azərbaycanlılarla eyni millətik? Dedilər ki, bəli…”

redaktor

Qar mikrob və infeksiyanı öldürür? – AÇIQLAMA

redaktor

Ermənistan mina xəritələrini Azərbaycana verdi

redaktor