DünyaSiyasətTarix

Yalançı qələbə, “ov”un parçalanması planı, məhvə sürükləyən yol…

Hitler Münhen konfransında hamını niyə aldada bildi?

1938-ci il sentyabrın 30-da Böyük Britaniya, Fransa, İtaliya və Almaniya rəhbərlərinin qatıldığı Münhen konfransında imzalanmış saziş ilə Çexoslovakiyanın Sudet vilayəti Almaniyaya verildi. Bu, dünya müharibəsinin qarşısının alınacağı və alman faşizminin rəhbəri Adolf Hitlerin yürütdüyü ərazi ekspansiyasına son veriləcəyi ümidilə edilən sakitləşdirmə aktı idi.

Böyük Almaniya

Dünya liderlərinin Münhendə niyə belə hərəkət etdiklərini anlamaq üçün 1935-ci ilə qayıtmaq və Hitlerin torpaq işğallarını izləmək lazımdır. Hitler 1933-cü ildə hakimiyyətə gələndən sonra alman xalqına Birinci Dünya müharibəsindən (1914–1918) və alçaldıcı Versal müqaviləsindən (1919) sonra itirilən əraziləri geri qaytaracağına söz vermişdi. Bundan əlavə, o, alman xalqı üçün Lebensraum (“yaşayış məkanı”) – yəni inkişaf edə biləcəkləri yeni torpaqlar istəyirdi.

Hitlerin aqressiv xarici siyasəti nəticəsində ard-arda ərazi “bərpa”ları baş verdi. Əvvəlcə Almaniya Qərb sərhədindəki kömürlə zəngin Saar bölgəsini geri aldı. Bu bölgə Birinci Dünya Müharibəsindən sonra Millətlər Liqasının (indiki BMT-nin sələfi) idarəsi altında idi. 1935-ci ilin martında Saar əhalisi böyük səs çoxluğu ilə Almaniyaya birləşmək haqda qərar qəbul etdi.

Hitler Yaponiyanın 1931-ci ildə Mancuriyaya, İtaliyanın isə 1935-ci ildə Efiopiyaya təcavüzünə effektli beynəlxalq reaksiya verilməməsindən ruhlanaraq, növbəti addım atdı: Fransa ilə sərhəddə yerləşən, Versal müqaviləsinə görə silahsızlaşdırılmış Reyn bölgəsinə 1936-cı ilin martında qoşun yeritdi.

Hitler Versal müqaviləsini rəsmən denonsasiya etdi və silahlanma proqramına başladı. 1936-cı ildə İtaliya ilə ittifaqlar bağladı: Roma–Berlin oxu və Antikomintern paktı. 1938-ci ildə isə diqqətini doğulduğu ölkəyə – Avstriyaya yönəltdi. Avstriya ilə anşlüs (birləşmə) Hitlerin “Böyük Almaniya” adlandırdığı dövlətə 6,7 milyon almandilli əhali əlavə edəcəkdi. Bundan başqa, Avstriyanın çoxlu təbii sərvətləri və valyuta ehtiyatları vardı. Avstriyaya yiyələnmək Hitlerə gələcək ekspansiya üçün əla strateji mövqe qazandırırdı.

12 mart 1938-ci ildə alman ordusu Avstriya sərhədini keçdi. Üç amil Hitlerin xeyrinə idi: avstriyalıların yarısının dəstəyi, Avstriya ordusunun effektli müqavimət göstərə bilməməsi və İtaliyanın faşist diktatoru Benito Mussolininin qarışmayacağına dair vəd verməsi. Avstriya hökuməti təslim oldu, radiolarda müqavimət göstərilməməsi çağırışları səsləndirildi və Avstriya Üçüncü reyxin əyalətinə çevrildi.

Sakitləşdirmə siyasətinə aludə olmuş Britaniya və Fransa Hitlerin əldə etdiyi nailiyyətlərlə kifayətlənəcəyinə ümid edirdilər və düşünürdülər ki, bu ekspansiya dünya müharibəsinə başlamağa haqq vermir. Onsuz da tutulan torpaqlarda əsasən almandilli əhali yaşayırdı və çoxluq, Avstriya referendumunun göstərdiyi kimi, bundan tam məmnun idi. Problem onda idi ki, Hitler hələ məmnun deyildi. İndi onun hədəfi Çexoslovakiya, xüsusilə Sudet bölgəsi idi. Hərçənd, o, bütün Çexoslovakiyanı tutmaq niyyətində olduğunu hələ 1938-ci ilin mayında generallarına demişdi.

Sudet vilayəti

Çexoslovakiya almanların azlıq təşkil etdiyi demokratik respublika idi. Hitler yenə blefə və hədə-qorxuya əl ata bilərdi, amma bu dəfə istəyinə sərhədi keçən əsgərlərlə deyil, diplomatiya ilə nail olmalı idi. Burada əlavə risk vardı, Çexoslovakiya öz sərhədlərində əla istehkamlara, müasir ağır sənayeyə və yaxşı silahlanmış bir milyonluq orduya malik idi.

İndi, Hitlerin həm Şərqdə, həm Qərbdə işğallara davam etdiyi bilgisi ilə geriyə baxanda, Çexoslovakiyanı “Mərkəzi Avropada düşmənlərin aviadaşıyıcısı” adlandırmasının ciddi əhəmiyyət daşıdığı görünür. Bəlkə də Hitler özünün gələcək düşmənlərinin diplomatik səhvlərindən istifadə etdi, amma yox, onun Avropada hökmranlıq planı vardısa, ilk olaraq Çexoslovakiyaya qarşı bir şeylər etmək zəruri idi. Üç tərəfdən Almaniya ilə əhatə olunan və əsasən – 3 milyona yaxın – almandilli əhali yaşayan Sudet ilk diş vurmaq üçün ideal tikə idi.

Hitler düşünürdü ki, Britaniya və ya Fransa 1938-ci ildə müharibəyə girmək istəməyəcək, ya da hətta girə bilməyəcəklər. SSRİ ilə Fransa 1935-ci ildə Çexoslovakiyanı xarici təhlükədən müdafiə etməyi vəd edən müqavilə imzalamışdı, amma SSRİ yalnız Fransa səfərbərlik keçirəcəyi halda hərəkətə keçəcəkdi. Hitler Fransanın birinci, ələlxüsus da Britaniyasız addım atacağına inanmırdı. Beləliklə, “çex böhranı” adını alacaq hadisədə Böyük Britaniya hökumətinin mövqeyi həlledici idi.

Çexoslovakiya Birinci Dünya müharibəsindən sonra, Avstriya-Macarıstan imperiyasının parçası olan regionlardan yaradılmışdı. Hökumətə prezident Edvard Beneş başçılıq edirdi. O, 10 milyon çex, 3 milyon slovak, 3 milyon almandilli, 700 min macar, 500 min ukraynalı və 60 min polyakdan ibarət kosmopolit əhalini idarə edirdi. Dövlət idarəsi əsasən çexlərin əlində idi və bu, maraqlarının lazımınca təmsil olunmadığını düşünən digər qruplarda narazılıq doğururdu. Hitler həmin narazılıqlardan yararlanaraq, Konrad Henleynin rəhbərlik etdiyi Sudet Alman Partiyasına (SdP) maliyyə dəstəyi verdi və onları təxribat törətməyə sövq etdi. Daxildə almanlara və xaricdə isə mətbuata Sudet almanlarının sıxışdırıldığı barədə nitqlər söylədi – halbuki bu, tamamilə yalan idi. Almaniyanın təbliğat naziri Yozef Gebbels də bu mövzuda davamlı dezinformasiya kampaniyası təşkil etdi.

Çemberlen Hitlerlə görüşür

1938-ci ildə Hitler generallarına “Fall Grün” (“Yaşıl Plan”) kod adlı müdaxilə planı hazırlamağı əmr etdi. Qoşunlar cənub sərhədinə göndərildi. “Yaşıl Plan”ın məxfi başlama tarixi də müəyyənləşdirilmişdi: 30 sentyabr. Elə görünürdü ki, Hitler təcavüzə hazırlaşır, amma bəlkə diktator böhranın öz xeyrinə diplomatik həllinə çalışırdı? Digər tərəfdən, alman ali generaliteti arasında narazılıq vardı. Alman ordusu müharibəyə hazır deyildi. Çexoslovakiya ordusu ilə toqquşmada qüvvələr bərabər idi, amma Fransa da qərbdən hücum edərdisə, alman ordusu darmadağın ediləcəkdi. Britaniya parlamentinin üzvü Robert Butbi bu barədə belə demişdi: “Bütün alman generallar əmin idilər ki, 1938-ci ilin sentyabrında Çexoslovakiyadan ötrü müharibə başlasaydı, təxminən üç həftə ərzində darmadağın olacaqdılar… Onlar Hitleri həbs edib, hərbi hökumət qurmaq niyyətində idilər”.

Hitler Çexoslovakiyanı sırf diplomatiya ilə ələ keçirə bilsəydi, ölkə daxilindəki mövqeyi sarsılmaz olacaqdı. Britaniyanın baş naziri Nevill Çemberlen əmin idi ki, diplomatiya müharibənin qarşısını ala bilər. O, Çexoslovakiyaya qarşı aqressiv addım atmamağa inandırmaq üçün sentyabrın 15-də Bavariyada Hitlerlə görüşdü. Hitler təklif etdi ki, Sudet Almaniyaya verilsin – referendum bölgə əhalisinin razılığını müəyyən etsə. Çemberlen prinsipcə razılaşdı və Britaniya parlamenti məsələni müzakirə edənə və Fransa ilə məsləhətləşmələr aparılana qədər hərbi əməliyyatlara başlamamaq barədə Hitlerdən vəd aldı. Fürer həvəslə razı oldu – bu, ona “Yaşıl Plan”ı hazırlamaq üçün daha çox vaxt qazandırırdı.

Britaniya və Fransa hökumətləri Hitlerin tələbi ilə razılaşdı, lakin Çexoslovakiya hökuməti bunu rədd etdi, çünki bu, gec-tez almanların bütün ölkə üzərində ağalığına gətirib çıxaracaqdı. O zaman Britaniya və Fransa hökumətləri ultimatum verdilər: Sudet Almaniyaya verilməsə, gələcəkdə Çexoslovakiyaya kömək edilməyəcək. Prezident Beneş lakonik şəkildə söylədi: “Bizi şərəfsizcə satdılar”.

Çemberlen yaxşı xəbər vermək coşqusu ilə sentyabrın 22-də Hitlerlə yenidən görüşdü. Baş nazirin nəyin bahasına olursa-olsun müharibədən yayınmaq istədiyini anlayan diktator tələblərini sərtləşdirdi: Çexoslovakiya həm də Polşa və Macarıstanın ərazi iddialarını təmin etməli, bütün çexlər isə əmlaklarının cüzi hissəsini götürməklə Sudeti tərk etməli idi. Çemberlen yeni tələblərə də prinsipcə razılıq verdi, amma Britaniya parlamenti və Fransa hökuməti həmin şərtləri rədd etdi. Bu vaxt Beneş Çexoslovakiya ordusunu səfərbər etdi. 26 sentyabrda Hitler Berlində etdiyi çıxışda Çexoslovakiya hökumətini tənqid etdi. 27 sentyabrda Britaniya donanması səfərbər edildi. Müharibə labüd görünürdü, amma Çemberlen saat 20:30-da BBC radiosunda dedi: “Nə qədər dəhşətlidir, fantastikdir, inanılmazdır ki, uzaq bir ölkədə, haqqında heç nə bilmədiyimiz insanların mübahisəsinə görə biz burada əleyhqaz geyib çıxarmalı oluruq”.

Münhen konfransı

Avropa son məqamda savaşdan uzaqlaşdı. Gecədən xeyli keçmiş Hitler və Çemberlen teleqram mübadiləsi etdilər. Hitler təklif etdi ki, Almaniya Sudeti alsın, amma Çexoslovakiyanın qalan hissəsinin müstəqilliyinə zəmanət versin. İtaliyanın silahlanma baxımından acınacaqlı vəziyyətdə olduğunu anlayan və müharibəni gecikdirməyə çalışan Mussolini Hitlerə teleqram göndərərək böhranın diplomatik yolla həlli üçün son şans kimi Britaniya, Fransa, Almaniya və İtaliya liderlərinin iştirakı ilə Münhendə konfrans keçirməyə çağırdı. Hitler duçenin təklifini qəbul etdi.

Münhen konfransı 29–30 sentyabr 1938-ci ildə Münhendəki Fürerbau binasında keçirildi. Təcridçi siyasət yürüdən ABŞ iştirak etmirdi. SSRİ və Çexoslovakiya isə dəvət edilmədi. Qırmızı orduda böyük repressiyalardan sonra SSRİ hərbi cəhətdən faydalı ola bilməyəcək qədər zəif sayılırdı və Çemberlen onun lideri İosif Stalinə etibar etmirdi. Çexoslovakiya hökumətinin mövqeyi isə əvvəlcədən bəlli idi.

Sakitləşdirmə sazişi

Sakitləşdirmə siyasəti ən ciddi sınağa məruz qaldı. 1935-ci ildən bəri dünya liderləri ümid edirdilər ki, Hitlerin növbəti torpaq zəbti sonuncu olacaq. Əsas prioritet dünya müharibəsindən yayınmaq idi, amma hər qiymətə yox. Çexlər üçün, təəssüf ki, Sudet sülhdən ötrü ucuz ərazi sayıldı.

Sakitləşdirmə siyasətinə qətiyyətlə qarşı çıxan azlıq da vardı, məsələn, Böyük Britaniyanın gələcək baş naziri Uinston Çörçill. Hətta sakitləşdirmənin uğursuz olacağını düşünənlər belə, ümid edirdilər ki, onun sayəsində silahlanma üçün vaxt qazanmaq olar. Ən əsası isə Britaniya və Fransada ictimai rəy təkcə müharibəyə yox, hətta silahlanmaya da qarşı idi. Bu şəraitdə Münhen sazişi hər kəs üçün bir rahatlıq idi – bəlkə də ordusu və iqtisadiyyatı savaşa hələ tam hazır olmayan Hitler üçün də.

Çemberlen sülhün zərurətinə qəti inanırdı və Hitlerin sözünə güvənirdi. Baş nazirin şəxsi katibinin köməkçisi Con Kolvill yazırdı: “Çemberlen sülh ideyasına dərin bağlı idi. Onun üçün müharibə ən böyük kabus idi. O, 1914–18-ci illərdə həmyaşıdlarının Flandriyada ölümünü görmüşdü və hesab edirdi ki, həyatının işi Birinci Dünya müharibəsi qırğınlarının təkrarına imkan verməməkdir”.

Çemberlenin güzəşt siyasətini Britaniya xalqının əksəriyyəti dəstəkləyirdi. Xarici işlər nazirinin müavini Reb Batler bunu belə izah edirdi: “…həqiqəti bilmək istəyirsinizsə, 1938-ci ildə mövqeyimizi qorumamağımızın əsas səbəbi ölkənin tamamilə sülh təbliğatı ilə doyması idi… ordu yenilənməmişdi, ictimaiyyət pasifist əhval-ruhiyyədə idi, Birlik parçalanmışdı – 1939-cu ildə belə deyildi – Amerika ictimai rəyi də Münhen dövründə bizim tərəfimizdə deyildi”.

Münhendə Fransanı baş nazir Eduard Daladye təmsil edirdi. O da Çemberlen kimi Birinci Dünya müharibəsinin dəhşətlərini şəxsən yaşamışdı. Daladyenin əl-qolu bağlı idi – Fransa müharibəyə qəti hazır deyildi. İtaliyanı təmsil edən Mussolini də eyni vəziyyətdə idi, düşünürdü ki, ordusu yalnız 1943-cü ildə müharibəyə hazır ola bilər. Buna görə də Münhendə “neytral vasitəçi” rolunu oynamaqla kifayətləndi. Hitlerin də ordusunun döyüş hazırlığı və loyallığı ilə bağlı problemləri vardı. Münhen konfransı günü səhər Hitler Mussolini ilə qatarda görüşdü və o, Hitlerin fikrinə qatıldı: həmin gün hansı qərar veriləcəksə verilsin, “bir gün biz Fransaya və İngiltərəyə qarşı çiyin-çiyinə döyüşəcəyik”.

Daladye və Çemberlen isə belə öncədən məsləhətləşmələr aparmadılar. Onlar artıq vicdanlarını inandırmışdılar ki, Sudeti təhvil verməklə qanuni hərəkət edirlər, çünki Versal müqaviləsində vəd edilən “öz müqəddəratını təyin etmə” referendumu bölgədə heç vaxt keçirilməmişdi. Beləcə, Münhendəki dörd lider istənilən bədəl hesabına müharibəni təxirə salmaqdan yalnız məmnun idilər. Taleyin istehzası o idi ki, müharibəyə hazır yeganə dövlət – dəvət olunmamış Çexoslovakiya idi.

Tərcüməçi doktor Şmidtin sözlərinə görə, Münhen konfransında bütün liderlər kifayət qədər qeyri-rəsmi və qonaqpərvər ab-havada növbə ilə çıxış edirdilər. Görüş bir neçə saat davam etdi və Mussolini həmin günün əvvəlində Hitler tərəfindən ona tapşırılan təklifi etdi. Qısası, Hitler istədiyini tam aldı. Münhen sazişi sentyabrın 30-da gecə saat bir radələrində bütün iştirakçılar (Almaniya, Böyük Britaniya, Fransa və İtaliya) tərəfindən imzalandı.

Münhen sazişinin maddələri

Münhen sazişinə görə:

Konfransdan sonrakı ab-hava, demək olar, şən idi. Daladye nasist liderə savaş lətifələri, Çemberlen isə balıqçılıq əhvalatları danışırdı. Amma “Hitler onların hər ikisinə qarşı ikrahla dolu idi və sonradan onları “kiçik soxulcanlar” adlandırdı”. İki Çexoslovakiya diplomatı yalnız böyük dövlətlərin ölkələrinin başına nə oyun açdıqlarını eşitmək üçün Münhenə dəvət olunmuşdular. Çex xalqı özünü tamamilə xəyanətə uğramış hiss edirdi. Yekunda Hitler Çemberlenin hazırladığı sənədi imzaladı – orada Britaniya və Almaniyanın heç vaxt bir-birinə qarşı müharibə aparmayacağına söz verilirdi.

Münhenin nəticələri

Vətənə qayıdanda Çemberlen Britaniya xalqına qürurla elan etdi ki, “şərəfli sülh”ə və “dövrümüz üçün sülh”ə nail olub. ABŞ prezidenti Ruzvelt teleqram göndərərək “Afərin” yazdı. Çemberlen hətta Nobel Sülh mükafatına namizəd göstərildi, amma ola bilər, sonra baş verən hadisələrə görə qalib olmadı. 1938-ci il mükafatı norveçli qütb tədqiqatçısı Frityof Nansenin qaçqınlara yardım təşkilatına verildi. Daladyeni şadyanalıq edən kütlə qarşıladı. Hitleri isə Berlində təntənəli parad gözləyirdi. Gələcək silahlanma naziri Albert Şpeerin sözlərinə görə, Hitler tərəfdarları “indi liderlərinin məğlubedilməzliyinə tam inanırdılar”. Gebbels isə daha ayıq şəkildə qeyd etdi: “Hamımız dibsiz uçurumun üzərində tükdən asılmışdıq, indi ayağımızın altında torpaq var… hər kəs sülhün qorunmasına görə sevinir”. Hətta yəhudi Viktor Klemperer oktyabrın 5-də gündəliyində yazırdı ki, Hitler strateji möcüzə yaradıb: “Münhen – Hitlerin Austerlitsi oldu”. Bu, Napoleonun 1805-ci ildə Austerlitsdə böyük taktiki qələbəsinə işarə idi.

5 oktyabr 1938-də Sudet Almaniyaya birləşdirildi və Konrad Henleyn bölgənin qauleyteri (canişini) təyin edildi. Oktyabrın ikinci həftəsində Polşa Tesen bölgəsinin şərqini ələ keçirdi. 1939-cu il martın 14-də Slovakiya müstəqilliyini elan etdi – bu akt Hitler tərəfindən Çexoslovakiyanın parçalanması kimi dəstəklənirdi, – amma o, Yozef Tisonun rəhbərliyi altında Almaniyanın satellit dövlətinə çevrildi. Martın 15-də isə “nizamı bərpa etmək üçün dəvət almaları” bəhanəsi ilə alman əsgərləri Çexoslovakiyadan qalan hissəyə (əsasən Bohemiya və Moraviyaya) daxil oldular. Macarıstan isə Ruteniyanın cənubunu və Slovakiyanın bir hissəsini işğal etdi: bu ərazilərdə əhalinin xeyli və ya əksər hissəsini macarlar təşkil edirdi. Beləcə, Münhen Çexoslovakiyanı xilas yox, məhv etdi.

Stalin başa düşdü ki, Qərb dövlətləri Almaniyanın genişlənməsinə razıdırlar, bir şərtlə ki, Şərqə doğru olsun. Bir sovet diplomatının dediyi kimi, SSRİ-nin Münhendə olmaması “çürük taxtanın üstünə ayaq basmamaq” idi. Stalin gələcək müharibədə müttəfiqləri başqa yerdə axtarmalı oldu. 1939-cu ilin avqustunda Almaniya ilə SSRİ hərbi ittifaq – Molotov-Ribbentrop paktını imzaladılar.

1939-cu ilin martında Almaniya Litvanın Memel bölgəsini işğal etdi. Apreldə Mussolini Albaniyanı tutdu. Bundan sonra Britaniya və Fransa Polşa sərhədlərinin toxunulmazlığına zəmanət verdilər. Nəhayət, Qərb hökumətləri başa düşdülər ki, faşistlər nəyin bahasına olursa olsun, ərazi ekspansiyasına can atırlar. Hitler isə diplomatiyanı vecinə almadı və 1939-cu il sentyabrın 1-də Polşaya hücum etdi. Beləcə, Avropa və qısa müddətdə bütün dünya yenidən müharibəyə sürükləndi.

Sonrakı hadisələrə nəzər salsaq, Münhen sazişi böyük səhv, Almaniyanı güclənməmiş durdurmaq üçün itirilmiş fürsət idi. Robert Butbinin dediyi kimi: “Münhen Britaniya və Fransanın tarixində ən böyük fəlakətlərdən biri idi”. Amma tarixçi A. C. P. Teylorun qeyd etdiyi kimi: “Münhen siyasəti uğursuzluğa düçar olanda hamı dedi ki, belə olacağını əvvəldən bilirdi… Əslində heç kim sonradan iddia etdiyi qədər uzaqgörən deyildi”. Hitlerin Münhendəki gerçək uğuru da bu idi – hamını aldatmaq. Amma bu, yalancı qələbə idi. Nəticəsi Almaniyanın İkinci Dünya müharibəsində demək olar ki, tam məhvi oldu.

Hazırladı: Yadigar Sadıqlı

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

“Həmişə düşünmüşəm ki, süni intellekt insanlardan xeyli ağıllı olacaq” – İlon Mask

redaktor

İlham Əliyevin Aleksandar Vuçiç ilə təkbətək görüşü olub

redaktor

Microsoft 9000 əməkdaşını ixtisar edir – SƏBƏB

redaktor