Bir müddət əvvəl Britaniyanın “The Telegraph” nəşri yazmışdı ki, Nyu-Yorkda BMT Baş Assambleyasında ABŞ prezidenti Donald Trampla görüşün qapalı hissəsində Vladimir Zelenski ondan “Tomahavk” qanadlı raketləri istəyib. Tramp da onun bu xahişinə müsbət cavab verib. Ardınca da Zelenskinin özü bu məlumatı təsdiqləyən açıqlama ilə gündəmə gəlmişdi. Düzdür, Ukrayna prezidenti tam olaraq Tomahavq raketindən bəhs etməmişdi. Amma demişdi ki, Tramp onun Rusiya paytaxtını vurmağa imkan verəcək uzaqmənzilli qanadlı raket tələbi ilə razılaşıb. Görünür, Zelenskinin bu açıqlaması ilə “The Telegraph” nəşrinin xəbəri üst-üstə düşdüyündən hər kəs ABŞ-ın Tomahavk raketlərini Ukraynaya nə zaman verəcəyini müzakirə etməyə başlamışdılar.
Qeyd edək ki, Rusiya rəsmiləri də “Tomahavk” qorxusundan yuxuları qaçırmış, hətta ölkə başçısı Vladimir Putin 2 oktyabrda keçirilən “Valday” görüşündə bu mövzuya münasibət bildirmişdi. Demişdi ki, ABŞ-ın Ukraynaya uzaqmənzilli “Tomaqavk” qanadlı raketləri tədarükü “Rusiya ilə ABŞ arasında münasibətlər də daxil olmaqla, eskalasiyanın keyfiyyətcə yeni mərhələsinə” qədəm qoymasına yol aça bilər.
Sual olunur: ABŞ həqiqətən də Ukraynaya bu raketləri verməyə hazırlaşırmı?
“Axios”un bildirdiyinə görə, Ukrayna həqiqətən də Ağ Evdən “Tomaqavk” qanadlı raketlərinin təhvil verilməsini xahiş edib, lakin ABŞ bu fikirlə qətiyyən razılaşmayıb. Bu yaxınlarda ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq da raketlərin təhvil verilməsi ilə bağlı qərarın hələ verilmədiyini bildirərək, bunun sırf Amerika Birləşmiş Ştatları prezidentinin səlahiyyətində olduğunu qeyd etmişdi. İlk baxışdan görünən budur ki, ABŞ həqiqətən də “Tomahavk” raketlərinin Ukraynaya tədarükü barədə düşünür.
Amma dediyim kimi bu ilk baxışdan belədir. Əslində isə ABŞ istəsə belə, Ukraynaya bu raketi verə bilməz. Məsələ orasındadır ki, 1983-cü ildən istehsal olunan bu raketin əvvəl 3 versiyasi var idi: hava, su və quru versiyaları. 1987-ci ildə SSRİ rəhbəri Qorbaçovla ABŞ prezidenti Reyqan arasında baş tutan görüşdə orta və yaxın mənzilli raketlərin ləğvi barədə müqavilə imzalandı. Bu müqaviləyə əsasən, ləğv olunması nəzərdə tutulan raketlərdən biri də Tomahavkın quru və hava versiyaları idi. Faktiki olaraq o vaxtdan indiyədək ABŞ-ın arsenalında yalnız Tomahavkın dəniz versiyaları qalıb. Yəni ABŞ onları versə belə, Ukraynanın həmin raketlərdən istifadə etməsi üçün məkanı yox kimidir. Çünki Ukrayna o raketlərdən istifadə etmək üçün mütləq Qara dənizə Tomahavk raketi daşıyan gəmi çıxarmalıdır. Bu zaman isə həmin gəmi Rusiyanın açıq və asan hədəfi halına gələ bilər.
Bunları deyərkən, heç də ABŞ-ın Ukraynaya uzaqmənzilli raketlər verməyəcəyini iddia etmirəm. Əksinə, fikrimcə, Ukraynanın rus neft və qaz bazalarını, istehsal və istismar müəssisələrini məhv etməsi ABŞ-ın da mənafeyinə tamamilə uyğundur və Vaşinqton Kiyevə bu məqsədini reallaşdırmaq üçün bütün dəstəklərini əsirgəməyəcək. Amma bu, yəqin ki, Tomahavk yox, başqa raketlər olacaq.
Prinsipcə, Zelenski də öz açıqlamasında Trampla Tomahavk raketlərini almaq barədə razılaşdırğını ifadə etməyib, sadəcə “uzaqmənzilli qanadlı raket”lərdən barədə danışıb. Fəqət görünən budur ki, Tomahavkın da eyni kateqoriyalı raket olması həm dünya mediasını, həm də Putini çaşdırıb.
Zelenskinin zarafata bənzər açıqlamasının Putini belə çaşdırması onu göstərir ki, Rusiya lideri nə qədər ciddi səhvə verdiyini anlayıb. Amma bu, onu səhvini düzəltməsinə vəsilə olacaqmı? İnanmıram. Bütün diktatorlar özlərinə və ordularına aşırı inamlarından tələyə düşürlər, sonra isə səhvlərini anlasalar belə, bu tələdən çıxa bilmirlər. Nə yazıq ki, Putin də hazırda bu sindromu yaşayır. Və görünən budur ki, yaxın zamanlarda Ukrayna Tomahavk olmasa da, ona bənzər raketlərlə Rusiya ilə “Tom və Cerri” oyunu oynayacaq.
Heydər Oğuz