21 C
Bakı
03 Oktyabr 2025 14:34
DünyaSiyasət

Benqal körfəzinin geosiyasi əhəmiyyəti: Hindistanın “cücə boğazı”na qarşı Çinin Malakka boğazı

Dünənki yazımda Nepalda baş verən “Zet” nəsli üsyanının Pakistan və Çinin Hindistanı iki yerə bölmək təhdidi yaratmaq istədiyindən qaynaqlana biləcəyini bildirmişdim. Amma təbii ki, bu, yeganə səbəb deyil. Fikrimcə, bundan da mühüm bir başqa səbəb də var: Çinin “Bir kəmər, bir yol” layihəsi çərçivəsində Benqal körfəzinə çıxmaq hədəfi.

Benqal körfəzinə çıxmaq Çin üçün niyə önəmlidir?

Məlumdur ki, Çinin 3 dənizə çıxışı var: Sarı dəniz, Şərqi Çin dənizi və Cənubi Çin dənizi. Fəqət bu 3 dənizin üçü də Sakit okeana açılır. Çinin Avropaya və Yaxın Şərqə açılması üçün mütləq Hind okeanına çıxması lazımdır. Sakit okeandan Hind okeanına keçmək isə ciddi əngəllərlə – adalarla doludur. Bu günə qədər Çin Malakka boğazından keçib Hind okeanına çıxırdı. Malakka boğazından keçmək isə o qədər də asan deyil. Malayziya yarımadası (Qərbi Malayziya) ilə İndoneziyanın Sumatra adası arasında yerləşən bu boğazın uzunluğu 805 km, eni isə bəzən bir neçə km-ə qədər daralır. Böyük çətinliklə keçilən bu əngəli aşan Çin ticarət gəmilərini Bab ül-Məndəb boğazı və Süveyş kanalına uzanan uzun dəniz yolçuluğunda həm də əzəli düşməni gözləyir – Hindistan. Hindistanın son zamanlar Malakka boğazı ətrafında ağır döyüş gəmilərini yerləşdirdiyi iddia olunur. Yəni Hindistan istənilən an Malakka boğazını Çinin üzünə bağlaya bilər. Malakka boğazının kəsilməsi Çin üçün ölümcül nəticələr doğura bilər. Yalnız onu qeyd etmək istərdim ki, Çinin Yaxın Şərqdən aldığı neftin 75 faizi bu boğazdan keçir. Mən hələ Avropaya və Yaxın Şərqə ixrac olunan məhsulları demirəm. Məhz bu təhlükə ilə qarşılaşmamaq üçün Çin Hind okeanına alternativ marşrutlarla çıxmaq istəyir.

Marşrutlardan biri Pakistandan keçib Oman körfəzinə açılan Çin-Pakistan İqtisadi Dəhlizidir. Digər marşrut isə Myanmardan keçərək Benqal boğazına çıxır. Görünən budur ki, bütün yumurtaları eyni səbətə toplamaq istəməyən Pekin Benqal körfəzinə ikinci marşrutu da yaratmaq istəyir. Bu da Banqladeş üzərindən Benqala çıxmaqdır. Banqladeşlə isə Çinin bir başa torpaq əlaqəsi yoxdur. Bu irtibatı yaratmaq üçün Nepal və Hindistanın “cücə boğazı”nı – Siliquri dəhlizini öz təsir dairəsinə almaq lazımdır.

Banqladeşlə Pakistan arasındakı qədim düşmənçiliyi aradan qaldırmaq da Çinin Hindistan qarşısında gücünü artırır. Məlum olduğu kimi, Pakistanın 220 milyon, Banqladeşin isə 170 milyon əhalisi var. Hər iki dövlətdə əhalinin 85-90%-i müsəlmandır. Bu da hardasa 400 milyon əhali edir. Bir də buna 200 milyondan çox Hindistan müsəlmanlarını əlavə etsək, Pakistanın əhali sarıdan nisbi zəifliyi qismən də olsa kompensasiya olunar. Nəticədə Hindistanla Pakistan-Banqladeş arasında çıxması ehtimal olunan savaşda Çin sadəcə öz müttəfiqlərinə siyasi və silah dəstək verməklə müharibənin heç nə itirməyən əsl qalibinə çevrilər.

Heydər Oğuz

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

“Rusiya və Ukrayna 200 hərbi əsir dəyişdirilməsi ilə bağlı razılığa gəlib” – Ərdoğan

redaktor

Britaniyadan Azərbaycan səfirliyinə hücumla bağlı AÇIQLAMA

redaktor

İsrail generalı bu dronla öldürülüb – İddia

redaktor