Ya mən şişirdirəm, özümü inandırmağa çalışıram, ya da dünənki matçda Qurban Qurbanov kiçik də olsa, strateji bir addım atdı. Futbol detallarıyla gözəldi.
İkinci hissədə rəqibin ciddi təzyiqi “Qarabağ”ı əməlli-başlı yormuşdu. Hətta çaş-baş salmışdı da deyə bilərik. Ardıcıl hücumlar bir-birini əvəzlədikcə hamımızda “indi vuracaqlar” hissi yaranmışdı. Çünki danimarkalıların əldə etdiyi epizodlar təhlükəli idi və əvvəl-axır öz nəticəsini verəcəkdi. Topu ən yaxşı halda mərkəzə qədər çıxara bilir, sonra yenidən geri qayıdıb sırf döyüşkənlik və mübarizlik hesabına nələrsə etməyə çalışırdıq. Məşqçinin müdaxiləsi lazım idi. Yorulan Kaşuk meydanda yalnız say olaraq vardı. Dəyişilməli idi. Duran da həmçinin. O da bir hücumçudan tələb olunan işin öhdəsindən gələ bilmirdi.
Yerlərinə çıxacaq oyunçular isə həm irəlidə top saxlamaq, həm də nəhayət mövqe hücumu təşkil etməyimiz üçün imkan yaradacaqdılar. Bu həmlə nə qədər tez edilsəydi, bir o qədər yaxşı idi. Məntiq bunu deyirdi. Amma aşkar görünən addımı atmayan Qurban Qurbanov bu əvəzetməni 70-ci dəqiqə və sonrasına saxladı. Gecikmiş qərar idi. Aleksey də, Kamillo da 60-65-ci dəqiqələr arasında ehtiyata göndərilməli, əvəzində daha təzə, daha gümrah olan oyunçular döyüşə atılmalı idi.
Biz bu cür, Qurbanov isə başqa cür düşünürmüş və bunu bilərəkdən edibmiş. Həmişə əvəzetmələrdə gecikdiyini dediyimiz Hocanın oyunsonrası mətbuat konfransında dediklərindən bir hissəyə baxın: “Belə turnirlərdə anlar olur ki, onlara dözmək lazımdı. Bunu əsasən 2-ci hissədə hiss etdik. Rəqib fasilədə dəyişikliklər edərək daha çox riskə getdi. Bu zaman bizim top itkilərimiz bir qədər çox oldu. Ancaq mübarizə aparmalıydıq və bu cür mübarizə bizə qarşıdakı oyunlarda çox fayda verəcək”.
Sözbəsöz belədi. İlk cümləmdə də yazdım: bəlkə də mən şişirdirəm, özümü inandırmağa çalışıram. Amma deyəsən, Qurban Qurbanov dünyanın ən nüfuzlu turniri olan ÇL gedə-gedə, çox vacib matçda çətin anlar yaşaya-yaşaya oyunçularına vəhşi təcrübə qazandırmağa, onları möhkəmləndirməyə, bərkitməyə, dözüm qabiliyyətlərini artırmağa çalışıb. Belədisə, bir qədər avantürist, amma fantastik bir cəhddi.
Belə çıxır ki, Qurbanov “qoy meydanda olan oyunçular xarakter nümayiş etdirsinlər, qıraqdan kömək gözləmədən özləri bu cür vəziyyətlərdən çıxmağa çalışsınlar” deyə düşünüb. Sabah əvəzetmə sayı qurtara, ehtiyat qüvvə az, zədəli sayı çox ola bilər. Hər cür ssenariyə hazır olmaq lazımdı.
Ruslar buna “проверка боем”, yəni döyüşlə sınaq deyir.
Həqiqətən belədisə, Qurban Qurbanov öz komandasından komando düzəltməyə çalışır. Rəsmən “futbol 052-si” hazırlayır adam. Bəs hədəf nədir? Hansı zirvə fəth olunacaq?