Təxminən on gün öncə bacım Gülənay Məmmədovanın “Məlhəm” hospitalda ilk övladı dünyaya gəldi, amma həkim səhlənkarlığından uşaq problemli doğuldu”.
Tacxeber.comxəbər verir ki, bu barədə jurnalist Ulucay Akif sosial şəbəkə hesabında yazıb.
O qeyd edib ki, körpənin beynində ciddi problemlər, sinir zədələnməsi var: “Kompüter tomoqrafiyasının nəticələrinə görə onun həyatda qalması qeyri-mümkündür. Bunu həm “Məlhəm” xəstəxanasının həkimləri, həm də digər xəstəxanaların həkimləri təsdiq edirlər. Artıq uşağın həyatda qalmayacağı həqiqətini qəbullanmışıq, çünki müayinə nəticələrinə baxıb ümidli nəsə deyən bircə nəfər də olmadı. “Məlhəm” hospitalı özü də bunu təsdiqləməsinə rəğmən uşağı hələ də küvəzdə saxlayır neçə gündür. Uşaq nə gözlərini açır, nə də nəyəsə reaksiya verir. Amma xəstəxana israrla bizə bu zülmü yaşadır.
Üstəlik, doğuşu gerçəkləşdirən həkim Pərvin Xəlilova doğuşdan sonra öz cinayət xarakterli əməllərini pərdələmək məqsədilə bacımı ittiham edir. Guya problemin uşağın göbək ciyəsində düyün olması, ciyənin iki dəfə uşağın boynuna dolanmasında olduğunu deyir. Buna aid mesajlar da yazıb bacıma və prokurorluğa ərizəmizə o mesajları da əlavə etmişik”.
Şikayətçi qeyd edib ki, həkim problemin uşağın göbək ciyəsində düyün olması, ciyənin iki dəfə uşağın boynuna dolanması ilə əlaqələndirib: “Məsələ odur ki, 8 aylıq hamiləlik dönəmində, həmçinin “Məlhəm” hospitalında müayinələr zamanı bacıma bu cür problemlərin olduğu deyilməyib. Ciyənin iki dəfə uşağın boynuna dolanmasını sentyabrın 3-də USM müayinəsi nəticəsində bilmişik. Əgər bu hal normal doğumun həyata keçirilməsi üçün problem yarada bilərdisə, həkim bununla bağlı ərizəçini məlumatlandırmalı və ona mümkün riskləri izah etməli idi. Hazırda “Məlhəm” hospitalı bizə sözün hər mənasında əzab yaşadır. Mənasız bir gözləyiş içində qalmışıq, məsuliyyətdən yayınmaq üçün də sadəcə vaxt qazanmağa çalışırlar. O günahsız körpə də orada əziyyət çəkir, bacım da, biz də…”
Problemlə bağlı “Məlhəm” hospitalla əlaqə saxladıq. Xəstəxanadan şikayətin əsassız olduğunu, bu gün hadisə ilə bağlı tibb müəssisəsində mətbuat konfransının təşkil olunacağı bildirildi.
Doğuşu həyata keçirən həkim-ginekoloq Pərvin Xəlilova məsələ ilə bağlı “Yeni Sabah”a açıqlama verib: “Pasiyent bizim çox sevimli işçimizdir. Mən onu anlayıram. Ana olub və nəticə uğursuz olduğuna görə, emosional reaksiyalar təbiidir. Amma burada belə bir məqam var: 20 ildir bu sahədəyəm, hələ belə hadisə ilə qarşılaşmamışam. Kitablarda və ədəbiyyatlarda oxumuşdum, lakin praktikamda ilk dəfədir. Son ana qədər uşağın ürək vurğusu normal olub, heç bir problem müşahidə edilməyib. Doğuş zamanı məlum oldu ki, uşaq həm iki dəfə dolanma, həm də həqiqi düyünlə doğulub. Məhz bu düyün son 4-5 dəqiqədə uşağa boğulma effekti yaradıb. Nəticədə beyin işemiyası ocaqları meydana çıxıb.
Biz ailəyə izah etdik ki, qidalanma pozuntusu da bu səbəbdən baş verib. Normalda iki dəfə dolanma olduqda əməliyyata keçmirik. Protokola görə, ancaq ürək döyüntüsündə problem yaranarsa, təcili əməliyyat edilir. Bu halda isə belə hal olmayıb. Ana nəzarət altında idi, sadəcə doğum gücü zəifliyi vardı.
Doğuşun sonunda epiziotomiya etdik, amma uşaq doğulduqdan sonra ağlamadı. Göbək bağına baxanda düyün və dolanma aşkar olundu. Hazırda uşağın durumu nəzarətdədir, aparatdan ayrılıb, irəliləyiş var. Amma beyin işemiyası nəticəsində müəyyən ocaqlar qalacaq”.
Həkim qeyd edib ki, doğuş normal keçib, anada qanaxma və fəsad olmayıb:“Protokollara görə bəzi hallarda maşa ilə müdaxilə olunur, amma burada buna ehtiyac olmayıb. Burada həkim səhvi yoxdur, çünki həqiqi düyünü ultrasəs müayinəsi ilə görmək mümkün deyil, yalnız doğuş zamanı aşkarlanır. Xəstəxananın rəhbərliyi uşağı tamamilə təmənnasız nəzarətə götürüb. Mən də doğuşu pulsuz icra etmişəm, çünki pasient bizim əməkdaşımızdır. Hazırda bütün imkanlar səfərbər olunub”.
Tacxeber.com