“Biz, illərdir Bakı Beynəlxalq Kitab Sərgisinə ölkənin ən böyük nəşriyyatlarından biri kimi qatılır, yüzlərlə müəllifin kitablarını təqdim edir, onlarla tədbir təşkil edir, minlərlə oxucu ilə görüşürük. Lakin təəssüf ki, hər il bu səylərimiz təşkilatçılar tərəfindən aqressiya ilə qarşılanır”.
Tacxeber.comxəbər verir ki, bu sözləri “Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu deyib.
O iddia edib ki, keçən sərgidə yer haqqı üçün onlardan 13 min manat tələb olunub və sərgi nəticəsində ziyanla çıxıblar:
“Bu il isə, əvvəlcə bizə və “Əli və Nino” kitab şəbəkəsinə sərgi salonunun sonunda yer ayrıldığı bildirilsə də, son anda bu yerlər başqa təşkilatlara verildi. Dünən gün ərzində Mədəniyyət Nazirliyinin müxtəlif məsul şəxsləri ilə davamlı danışıqlardan sonra bizə söz verildi ki, əvvəlki yerimiz bərpa olunacaq. Lakin bu gün məlum oldu ki, həmin söz yerinə yetirilməyib.
Bu, təkcə “Qanun” və “Əli və Nino”ya qarşı deyil, yerli müstəqil nəşriyyat sektoruna, oxuculara və müəlliflərə qarşı hörmətsizlikdir. Əgər bizə sərgidə ədalətli və uyğun yer təqdim olunmasa, sərgidə iştirakdan imtina edəcəyik və nəzərdə tutulan təqdimat və müəllif görüşləri təxirə salınacaq.
Müəlliflərimiz və oxucularımız qarşısında üzr istəyir, onlara bu tədbirləri daha münasib və peşəkar bir şəraitdə keçirməyi söz veririk”.