Azərbaycanda hər 1000 nəfərə cəmi 1.4 domen düşür.
Milli domen sahəsindəki inhisarçılıq Azərbaycanın innovasiya sahəsində onsuzda zəif olan mövqeyini daha da zəiflədir.
“Qlobal İnnovasiya İndeksi 2025”-də Azərbaycan öz potensial imkanlarından xeyli aşağıda, 139 ölkə arasında 94-cü yerdə oturuşub.
Artıq bu qlobal hesabatla bağlı bir neçə yazı yazmışam. Bu, bəlkə də sonuncusudur. Bu qlobal indeks müxtəlif sahələrə aid çoxsaylı subindekslər əsasında formalaşır. Ötən gün innovasiyaya təsir edən gömrüklə əlaqəli məqamları qeyd etmişdim. Bu gün innoasiyaya təsir edən domen məsələsini qeyd edəcəyəm.
“Qlobal İnnovasiya İndeksi 2025”-də “Yaradıcılıq nəticələri ” blokunda “Top-level domains (TLDs)/th pop. 15–69” subindeksi var.
Bu indeks 15-69 yaş arası əhalinin hər 1000 nəfərinə düşən domen sayını göstərir. Domen olaraq da milli domen(.az) və 5 əsas qlobal domenlərdən (.com, .net, .info, .biz, .org) istifadə səviyyəsini göstərir.
Anlaşıqlı desək, bu indeks ölkənin rəqəmsal iştirak və onlayn kreativlik potensialını qiymətləndirir.
Azərbaycan bu göstərici üzrə də çox zəif nəticə əldə edib, cəmi 1.4 bal toplayaraq 95-ci yerdə qərarlaşıb. Bu, olduqca aşağı bir göstəricidir. Bu indeksə cavabdeh qurum da birbaşa RİNN-dir.
Bu sahədə zəif nəticəmizin səbəbi, əlbəttə, ümumi iqtisadi inkişafla bərabər, əsasən də milli domen ekosistemindəki uzun illər oturuşan konservativ və qeyri-münbit mühitlə də bağlıdır.
Əsas problem .az domeninin tənzimlənməsindəki illərdir davam edən inhisarçılıq və qeyri-şəffaflıqdır.
Əvvəllər .az domeni üzrə yalnız bir qeydiyyatçı vardı, indisə mövcud qeydiyyatçıların əksərinin bir nəfərə bağlı olması da şübhə doğurmur. Müstəqil qeydiyyat biznesi qurmaq istəyənlər üçün münbit şərait yoxdur. İndiyədək heç bir hüquqi sənəddə göstərilmir ki, .az domeninin milli administratoru kimdir.
Xatırlayıram ki, İKTA .az domeninin tənzimlənməsinə cəhdlər etdi, milli domenin inhisarçısı olan Faiq Fərmanovu da İKTA-ya dəvət etdilər, lakin yanaşmalar düzgün olmadığından, bəlkə də gücləri çatmadığından İKTA bu prosesdən əl çəkdi.
Çox güman ki, RİNN məhz bu səbəblərdən .az domeni sahəsində tənzimləmənin, tənzimləyici qurum olan İKTA-da deyil, İRİA olmasında maraqlı oldu.
Bir müddət öncə Prezidentin təsdiqlədiyi sənədlər əsasında .az domeninin tənzimlənməsi sahəsində müəyyən səlahiyyətlər İRİA-ya verilib. Problemlər isə hələlik həllini gözləyir.
Düşünürəm ki, .az domeninin milli administratoru müəyyən olunmalı, maraqlı tərəflərin iştirakı ilə kollegial tənzimləyici formalaşmalı, müstəqil registrantlar olmalı, şəffaf və hesabatlı idarəçilik mexanizmi qurulmalıdır.
Milli təhlükəsizlik baxımından .az domen infrastrukturunun kritik qanunvericilik perimetrinə daxil edilməsi də çox vacibdir.
Bu sahə ictimai nəzarətə açılmalı, rəqabət və inkişaf stimullaşdırılmalıdır.
P.S. Yeri gəlmişkən, hazırda start verilən MilliNet.az müsabiqəsinin əsas məqsədlərindən biri də məhz milli resursların inkişafını, domen istifadəçilərinin sayının artmasını stimullaşdırmaqdır.
Oaman Gündüz