Ölkə prezidenti İlham Əliyev son dövrlərdə dəfələrlə qeyd edib ki, hakimiyyət son 20 ildə ölkədə işsizliyin 5 faizə endirilməsi kimi tarixi uğura imza atıb. O, sentyabrın 27-də BMT tribunasından bu faktı bir daha təkrarlayıb.
Müstəqil iqtisadçılar bu faktı həmişə şübhə ilə qarşılayır. Onların əsas arqumenti budur ki, Azərbaycan kimi qeyri-rəsmi məşğulluğun miqyasının kifayət qədər böyük olduğu ölkədə işsizliyin belə aşağı səviyyəsi ilə bağlı rəsmi iddialar reallıqdan çox uzaqdır.
Rəsmi hesabatlarda Azərbaycanda qeyri-formal məşğulluğa dair məlumatlar gizli saxlansa da, Bakı Araşdırmalar İnstitunun ötən il apardığı hesablamlara görə, Azərbaycanda Dövlət Statistika Kommitəsnin (DSK) məşğul hesab etdiyi hər 10 nəfərdən azı 4-ü qeyri-rəsmi çalışır. Beynəlxalq Əmək Təşkilatının metodologiyasına görə, qeyri-formal məşğulluq vergi uçotuna düşmədən, əmək müqaviləsi imzalamadan çalışan istənilən statusda məşğul şəxsə şamil edilir.
Statistikanın yüksək səviyyədə siyasiləşdiyi, peşəkarlıqdan uzaq tutulduğu şəraitdə hökumətlər rəsmi olmayan məşğulluğ sferasını istədiyi qədər böyütməklə sənədlər üzərində işsizliyin miqyasını da azaltmağa nail olur.
Bəzi ekspertlər hesab edir ki, işsizliyin alternativ ölçülməsi ilə bağlı müstəqil araşdırmaların olmaması da bu sahədə rəsmi qurumların real faktlarla manipulyasiyasına əlverişli imkan yaradır.
Bununla belə, rəsmi açıqlanan çox vacib bir göstərici var ki, məhz elə onun əsasında rəsmi işsizlik göstəricisinin reallıqdan çox uzaq olduğunu görmək olur.
Söhbət Dövlət Vergi Xidməti tərəfindən müntəzəm açıqlanan göstərici – aktiv vergi ödəyicilərinin sayı barədə məlumatdır. Vergi orqanları sahibkarlıq subyektlərini iki qrupa ayırır: aktiv və passiv biznes subyektləri.
Aktiv vergi ödəyici vergi orqanlarında qeydiyyatda olan və fəaliyyəti dayandırılmamış, yəni vergi hesabatlarını təqdim edən və ya fəaliyyəti mövcud olan biznes subyektləridid (həm hüquqi, həm də fiziki şəxslər).
Passiv vergi ödəyici isə fəaliyyətini dayandırmış, ya da uzun müddət vergi hesabatı təqdim etməyən subyektlərə deyilir. Rəsmi məlumata görə, hazırda rəsmi uçotda olan 1,6 milyondan çox biznes subyektinin təxminən yarısı və ya 831 min vahidi aktiv vergi ödəyicidir.
Halbuki, DSK vergi orqanlarının passiv saydığı, yəni fəaliyyətini ya ümumiyyətlə, dondurduğu, yaxud uzun müddədir dayandırdığı biznes subyektlərini faktiki məşğul şəxslər sayır və işsizliyin gerçək səviyyəsini təhrif edərək gizlətməyə nail olur.
Məsələn, DSK-nın 2024-cü ilin yekunlarına görə açıqladığı əmək bazarı statistikasında fakitiki məşğul əhallinin sayı 5 milyon 30 min nəfər göstərilib ki, bunun da 33,1 faizinin və ya 1 milyon 661 min nəfərinin sahibkarlıq subyektləri olduğu qeyd edilir.
Faktlara diqqət edin: dövlətin bir qurumunun (Dövlət Vergi Xidməti) fəaliyyətsiz (yəni işsiz-gücsüz) saydığı 800 min nəfərdən artıq insanı başqa bir qurumu (Dövlət Statistika Xidməti) faktiki işləyən sayır.
Halbuki həmin iş-gücü olmayan 800 mindən artıq şəxs real olaraq işsizdir və rəsmi statistika orqanı onları məhz bu statusda uçota almalı idi. Belə olsa idi, rəsmi işsizlik səviyyəsi hazırda elan edilən kimi 5 faiz deyil, ən azı 20 faiz olmalıdır.