Zelenski açıq şəkildə bəyan edir ki, Ukraynanın niyyəti müharibəni Rusiyanın ərazisinə keçirməkdir. Etiraf etmək lazımdır ki, son iki ay ərzində bu proses faktiki olaraq baş verir.
Müharibədə yeni bir “ilk” yaşandı: USQ-nin Belqorod İstilik Elektrik Stansiyasına zərbəsindən sonra Belqorod boyda şəhər işıqsız qaldı və kütləvi blekaut baş verdi.
Əsas dövlət müəssisələrinin alternativ enerji mənbəyi generatorlardır. Amma generatorların işləməsi üçün yanacaq lazımdır. Bəs həmin yanacaq tapılacaqmı?
Əslində bu, Ukraynanın yeni strategiyasının ilk sınağı kimi görünür. Strategiya isə belə ola bilər:
1. Əvvəlcə şəhəri qoruyan HHM sistemləri sıradan çıxarılır ki, növbəti zərbələr daha effektiv olsun.
2. Sonra NEZ-lər və neft anbarları vurularaq şəhərin yanacaq təminatı kəsilir.
3. Sonda isə İES və digər enerji mənbələrinə zərbələr endirilir.
Nəticədə, cəmi üç mərhələdən ibarət qısa və sürətli əməliyyatla böyük şəhər işıqsız qalır, bütün infrastruktur iflic vəziyyətinə düşür.
Bundan əlavə, son günlər ərzində müttəfiqlərin rekord sayda silah daşıyan təyyarələri müşahidə olunur və bu da, sanki nəyəsə gedən hazırlığa bənzəyir.
Aydındır ki, USQ müharibədə təşəbbüsü ələ alıb və güclənməkdə davam edir. Əgər Ukrayna Rusiya ərazisini tam alovlandıra bilsə, onda vəziyyət köklü şəkildə dəyişəcək.
Kamran Cəfərov