23 C
Bakı
25 Sentyabr 2025 12:27
CəmiyyətGündəmTəhsil

Hədiyyə rüşvət deyil – Təbrik mədəniyyətimiz niyə problemə çevrildi?

Gülməyim gəldi. Yaxşıdır, hərdən tək gülmək üçün də  elə mövzu olur ki, səsli gülürəm. Əvvəllər belə adamlara dəli kimi baxardım. Demə, adamın gerçəkdən gülməyi gələndə tək də səsli gülərmiş.

Demək, belə, Feysbuk açan kimi  5 Oktyabr Müəllim Günü ilə bağlı çağırış çıxdı qarşıma. Açıq  çağırış edilir ki, müəllimlərə hədiyyə verməyin.

Təsəvvür edin, heç bir peşə sahibinə qarşı belə çağırış olmur, ancaq müəllimlərə qarşı belə alçaldıcı bir çağırışa rəva görülür.
Problemlər kobud və təhqiramiz formadamı həll edilməlidir?

Mən bayram günlərində yaltaqlıqdan və məcburiyyətdən hədiyyə verilməyin əleyhinə olanlardanam. Vəzifəsindən sui istifadə edib hədiyyə qəbul etməyi özünə peşə edənlərdən isə ikrah edirəm. Amma bayram günündə ürəyin istəyən adamı sevindirməyi həyatın ən xoş məqamlarından biri kimi dəyərləndirirəm.

İstər müəllim olsun, istər iş yoldaşım, istər bir rəfiqəm, fərqi yoxdur, kiməsə hədiyyə verəcəyəmsə, bunu edəcəyəm, kimsənin qadağası mənə necə mane ola bilər?!

Hər bir insanın hədiyyə vermək və hədiyyə almaq hüququ vardır. Hədiyyə rüşvət deyildir ki, onu qadağan edəsən. Amma təbrikin ədəb-ərkanı olmalı. Məcburən pul yığmaq yolverilməzdir və yaxud məktəbdə nümayişkaranə müəllimə hədiyyə vermək etik deyildir. İmkanı olan var, olmayan var. Cəmiyyət bu istiqamətdə ümumi maarifləndirilməlidir.

Müəllim adı artıq o qədər mənfi məsələlərdə çəkilir, menecerlər bunu elə bir normaya çeviriblər ki, hər il bu vaxtlarda belə bir çağırış artıq heç kimə təəccüblü gəlmir. Mənim nəzərimcə isə bu məktəblərin daxilində tənzimlənməli məsələdir. Bu, bildiriş kimi direktorlara göndərilməli, daxili toplantılarda gündəliyə çıxarılmalı məsələdir. Belə qaba bir müraciət isə idarəçilərin səriştəsizliyidir. İndi guya bunlar tərtəmiz adamlardır, bircə rüşvətxor varsa, o da müəllimdir. Yəni görürsünüz, biz etiraz edirik, günah bizdən getdi… Bu nəyə bənzəyir: valideyn çıxıb camaatın qarşısında uşağını tənbeh edib göstərir ki, mən yaxşı valideynəm, haramzadə budur.

Mən belə qavrayıram bu məsələləri… Müəllimlərin əvəzinə özümü pis hiss edirəm. Verilən hədiyyələri evə bir günah kimi aparmaq axı kimə xoş gələr?…
Niyə təbrik mədəniyyətimizi itirib onu problemə çevirdik?

 

Könül Aydın

Tacxeber.com

Oxşar xəbərlər

3 aydır tapılmayan Rasimin yaxınları aksiya keçirdi – Yolu bağladılar

admin

“Mən arıqlamışam?” – VİDEO

redaktor

Son futbol xəbərləri

admin