Sentyabrın 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlının işi üzrə növbəti məhkəmə iclası keçirilib.
Prosesdə istintaqın zərərçəkən kimi tanıdığı Qurbanəli Yusifov Qasımlının vəkillərinin suallarını cavablandırıb.
Müdafiə tərəfinin sözlərinə görə, hakim Telman Hüseynov iclas zamanı bəzən vəkillərin suallarını kəsib, hətta “zərərçəkən” adlandırılan şəxsin əvəzinə cavab verib.
Buna baxmayaraq, vəkillər Yusifovun ifadələrində ciddi ziddiyyətlər olduğunu sübut ediblər. Belə ki, o, istintaqa verdiyi birinci ifadəsində zəng aldığı vaxt Antalyada, ikinci ifadəsində isə Bakıda olduğunu bildirib. Yusifov bu ziddiyyətin səbəbini izah edə bilməyib.
Həmçinin Yusifov istintaqa zəngin edildiyi nömrənin ekran görüntüsünü təqdim etdiyini desə də, materiallarda belə bir dəlil yer almayıb.
Müdafiə tərəfinin Yusifovun ifadələrinin saxta olduğunu əsas gətirərək sübutlar siyahısından çıxarılması barədə verdiyi vəsatət qəbul edilməyib. Hakim vəkilin vəsatəti sona qədər oxumasına imkan verməyib.
Məhkəmənin növbəti iclası oktyabrın 1-də keçiriləcək. Bu dəfə Azər Qasımlının ifadəsi dinləniləcək. (Azadlıq Qəzeti)