22 C
Bakı
25 Sentyabr 2025 22:19
CəmiyyətGündəmİdmanSiyasət

Afərin Qarabağ! “Benfika” üzərində bu möhtəşəm qələbə hamı kimi məni də çox sevindirdi

Özündən qat-qat titullu rəqibin meydanında ilk 16 dəqiqə ərzində 2 top buraxdıqdan sonra geri dönüş edərək 3:2 hesabı ilə qalib gəlmək nadir futbol hadisələrindəndir.

Məncə, Qarabağın bu tipli qələbəsinə “Real”, “Barselona”, “PSJ” və s. tipli komandalar da qibtə edə bilərlər. İlham Əliyev də “Qarabağ”ı təbrik etdi. Təbrikində bu qələbənin Azərbaycan futbolunun və idmanının zəfəri olduğunu söylədi. Təbii ki, Azərbaycan idmançılarının dünya miqyasında xeyli uğurları var və bu danılmaz faktdır. “Qarabağ”ın da Avropanın tanınmış klublarından birinə çevrildiyi də bir gerçəklikdir.

Bir güllə yaz olmaz deyirlər. Məncə, “Qarabağ”ın uğurları Azərbaycan futbolunun inkişaf səviyyəsi ilə yox, bu komandanın baş məşqçisi Qurban Qurbanov fenomeni ilə bağlıdır. Adam bu sahədə qeyri-adi dərəcədə istedadlıdır. Çox əminliklə və qətiyyətlə bildirirəm ki, dünyanın ən güclü klublarına məşqçilik edə bilər, bəlkə də onların indiki məşqçilərindən daha uğurla. Ölkəmizdə idmanla bağlı rəsmi təbliğatın məğzi bundan ibarətdir ki, beynəlxalq arenalarda qazanılmış bütün uğurlar yalnız İlham Əliyevin ölkə idmanına diqqəti və qayğısı sayəsində mümkün olur və buna görə də ona minnətdar olmalıyıq.

Bu iyrənc təbliğatı alt-üst etmək üçün elə “Qarabağ”ın timsalında bir misal göstərim. UEFA Çempionlar Liqasının əsas mərhələsinə yüksəlmək üçün ard-arda 3 komandanı yarışlardan kənarlaşdırdı. Həmin klublarla ev oyunları Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilirdi. Meydançanın ot örtüyünə baxanda adamın ürəyi bulanırdı. “Analoqu olmayan inkişaf” ölkəsininin stadionu yəqin ki, belə olmalıdır.

Azərbaycan millisi də Ukrayna millisi ilə dünya çempionatının seçmə oyununu da həmin stadionda keçirdi. Ot örtüyü yenə də it günündə idi. Ukrayna millisinin baş məşqçisi Rebrov meydançanın vəziyyətindən narazılığını bildirməli oldu. Azərbaycan çempionatının premer liqasında 12 komanda yarışır. Onların təxminən yarısının öz stadionu yoxdur. Ev oyunlarını başqa stadionlarda keçirməli olurlar.

35 ildir ki, müstəqil dövlətik və hakimiyyət iddia edir ki, dünyada bizim kimi sürətlə inkişaf edən ikinci bir dövlət yoxdur. Amma Sumqayıtda standartlara uyğun futbol stadionu keçən il (ola bilsin ki, inişil) istifadəyə verilib. Gəncə boyda şəhərin “Kəpəz” komandası ev oyunlarını Tovuzda keçirməli olur. Düzdür, bu il nəhayət ki, Gəncənin də öz stadionu olacaq. Bu da MDB oyunlarının Gəncədə keçirilməsi ilə bağlıdır.

Yəni, həmin stadionu MDB oyunlarına görə tikməli oldular. Naxçıvanın “Araz” komandası ev oyunlarını Bakıda və Şamaxıda keçirir. Amma İlham Əliyev öz vətəndaşları üçün bağlı saxladığı sərhədləri Formula-1 yarışı üçün taybatay açır. Heç kimə sirr deyil ki, Azərbaycan xalqı nəinki bu yarışlardan məmnun deyil, hətta ondan əsəbləşir, ona nifrət edir. Bu yarış təxminən iki həftə bakılıların həyatını cəhənnəmə döndərir, onların həyat ritmini pozur, ciddi problemlər yaradır. Rejim isə bu antixalq yarışına bir neçə yüz milyon dollar pul xərcləyir. Futbol stadionu tikməyə isə pul tapılmır.

Son anda öyrəndim ki, Formula-1 yarışlarının vaxtı 2030-cu ilədək uzadılıb. Bax, buna görə də Azərbaycanın futbol üzrə milli komandası dünya və Avropa çempionatlarının seçmə oyunlarında həmişə qrupda axırıncı yer tuturlar, amma Gürcüstan Avropa Çemopionatının final mərhələsində oynayır. Ermənistan öz seçmə qrupunda liderlik uğrunda mübarizə aparır. Gürcüstan demişkən, bu günlərdə basketbol üzrə Avropa çempionatı keçirilirdi. Gürcüstan nəinki bu yarışın final mərhələsinə vəsiqə qazandı, hətta orada adlı-sanlı rəqiblərini yenərək dörddə bir finaladək irəlilədi. Oyunçuların hamısı da gürcülər!

Amma Paris Olimpiadasında güləş üzrə final yarışında ölkəmizi gürcü güləşçi təmsil edirdi və rəqibi də Gürcüstandan olan gürcü idi. Bizi təmsil edən gürcü qalib gəlmişdi, amma bu qələbə əslində Gürcüstanın idi. Bunun səbəbi çox sadədir. Düşüncə və mahiyyətcə milli olmayan hakimiyyətin də milli qüruru yoxdur. Ona görə də məhz milli idmançılarımızın yarışmalı olduğu yarışlara əcnəbiləri göndərməzdilər. Saxtakarlıq bunların bütün hüceyrələrini bürüyüb.

Məhkəmədə saxtakarlıq, seçkidə saxtakarlıq, gömrükdə saxtakarlıq, bir sözlə, hər sahədə saxtakarlıq. Əliyev hakimiyyətinin əsas sütünlarından biri də saxtakarlıqdır. Ölkə həyatının bütün sahələri saxtakarlığın təsiri altındadır və bu, rəsmi dövlət siyasətidir. Saxta müxalifət yaratmaq, sosial şəbəkələrdə saxta adlar altında onminlərlə trol ordusu yaratmaq da bu siyasətin nəticəsidir. Bəzən saxtakarlıqlar elə sahələrdə tətbiq edirlir ki, hakimiyyətin qorunmasında heç bir heç bir rolu olmasa da, amma yenə də vərdişlərindən əl çəkə bilmirlər.

Belə sahələrdən biri də idmandır. Bir çox idman növləri üzrə milli komandamızın üzvləri ya tamamilə, ya da əksəriyyəti əcnəbilərdən ibarət olur. Axı niyə? Əgər bu, milli komandadırsa, onu özümüzünkülərdən formalaşdırmaq lazımdır. Milli komanda kollektiv idman növləri üzrə klub komandası deyil ki, bura legioner cəlb edəsən. “Varını verən utanmaz” deyiblər. Nəyimiz varsa, ona da qane olmalıyıq və çalışmalıyıq ki, zəif olduğumuz idman sahələrini inkişaf etdirək və buradan da milli komandamız üçün də səviyyəli idmançılar qazanaq.

Bütün bunlar İlham Əliyevin “Azərbaycan idman ölkəsidir” deyə bilməsi üçün edilir. Ona görə də əsasən korrupsioner məmurlarınn rəhbərlik etdikləri idman federasiyaları beynəlxalq yarışlarda Azərbaycan adına daha çox medal əldə etmək üçün bu yola baş vururlar və əksər hallarda da məqsədə çatılmır.

Bugünlərdə Liverpulda boks üzrə, Zaqrebdə isə sərbəst güləş üzrə dünya çempionatı keçirilirdi. İmkan daxilində həmin yarışları izlədim. Düzdür, yunan-roma güləşi üzrə çempionat da burada keçirilirdi. Heyif ki, daha çox mill olan yunan-roma güləş komandamızın yarışını izləmək imkanım olmadı, amma sərbəst güləşimiz tam bir rəzalət idi, adam utanırdı.

Qonşularımız – Türkiyə, İran, Gürcüstan və Ermənistan hamısı öz idmançıları ilə təmsil olunurdular. Azərbaycan isə əsasən Şimali Qafqazdan cəlb edilmiş saqqallı oğlanlarla təmsil olunurdu. Güləş idmanın elə növüdür ki, məhz bu sahədə olimpiadalarda, dünya və Avropa çempionatlarında öz idmançılarımız yüksək nəticə göstərə bilirlər. Azərbaycan dünyada güləş ölkəsi kimi qəbul edilir və buna da öz milli idmançılarımızın sayəsində nail olmuşuq. Elə isə bu əcnəbilərə nə ehtiyac var? Onların qələbəsi bizi öz milli idmançılarımızn qələbəsi kimi sevindirmir. Təbii ki, yox. İngilis, fransız, ispan və s. həmin idmançının əslində kim olduğunu bilməyə bilər, biz ki bilirik.

Axı nəyə lazımdır bu əllaməlik? Himni oxuya bilmirlər, müsahibəni rusca verirlər. Bu yerdə qardaş ölkə Özbəkistan və Qazaxıstan idmançıları həmin yarışlarda iştiraklarını bir nümunə kimi qeyd etməliyəm. Bu qardaş türk ölkələrinin idmançıları həm rinqdə, həm də güləş döşəyində dominantlıq edirlər. Bu yerdə Özbəkistanı xüsusi qeyd etməliyəm. İndi Özbəkistan dünyanın 1 nömrəli boks ölkəsidir. İstər kişi, istərsə də qadın idmançılarının hamısı milli idmançılardır. Adam özbək qardaşlarımıza qibtə etməyə bilmir. Onlar gedib Şimali Qafqazdan saqqalı idmançılar gətirmirlər, yalnız öz milli idmançılarına güvənirlər. Birinci yeri tutmuş özbək idmançılarının pyedestalın birinci pilləsində qürurlar dayanmaları, ölkə himnini oxumaları, səliqəli və pozitiv görünüşləri ilə qürurlanmamaq mümkün deyil. Bir sözlə, hansı sahədə saxtakarlıq varsa, ora tənəzzülə məhkumdur, o cümlədən də idmanımız.

Tofiq Yaqublu

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Heydər Əliyevə xidmət edən tibb bacısı: “Əlimi buraxmırdı, onun yaşıl gözlərini heç vaxt unutmayacağam…”

redaktor

“Biz iki aya ələ keçirdik, USQ iki günə azad etdi” – İşğalçılar isterika içində

redaktor

Bakıda diqqət çəkən “yolka”lı “Ferrari”nin sahibi o imiş – VİDEO

redaktor