13 C
Bakı
25 Sentyabr 2025 10:28
CəmiyyətGündəmHadisə

Vasif Talıbovun oğlu Gürcüstandakı lüks oteli geri alıb – 8.6 milyon dollara

Xülasə

  • Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun oğlu Rza Talıbov Gürcüstanda 8.6 milyon dollara otel, 730 min dollara 2 min kvadratmetrlik torpaq sahəsi alıb.

  • Həmin oteli o, 2023-cü ildə atasının Naxçıvandakı repressiv idarəçiliyinə təzyiqlər vaxtı satmışdı.

  • R.Talıbov OCCRP-yə bildirib ki, otel və sahilyanı əmlak Gürcüstan və Azərbaycan banklarından götürülmüş kreditlərlə maliyyələşib.

  • Naxçıvandan keçmiş gömrük sədri məhkəmədə deyirdi ki, Vasif Talıbova hər il 30 milyon dollardan çox pul çatdırırmış.

Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun oğlu Rza Talıbov Gürcüstandakı lüks oteli yenidən əldə edib. Həmin oteli o, 2023-cü ildə atasının Naxçıvandakı repressiv idarəçiliyinə təzyiqlər vaxtı satmışdı.

O zaman V.Talıbov 30 ilə yaxın vəzifədə qalandan sonra istefa verib, Naxçıvan rəhbərliyi dəyişib. R.Talıbov isə “Divan Suites” adlı oteli 2023-cü ilin yanvarında satıb, üstündən iki ildən çox keçəndən sonra qaytarıb. Bu haqda jurnalistlərin korrupsiya araşdırmaları layihəsi olan OCCRP yazır.

R.Talıbov bu ilin mayında Batumidəki oteli geri almaqdan ötrü 8.6 milyon dollar ödəməyə razılaşıb. Bunu səhm alqı-satqı sənədində görmək olar.

730 min dollara torpaq sahəsi də alıb

OCCRP 43 yaşlı R.Talıbovun hazırda Bakıda miqrasiya rəsmisi kimi yüksək vəzifədə olduğunu yazır. Jurnalistlər onun Gürcüstan sahilində daşınmaz əmlaklarını daha da genişləndirdiyini də üzə çıxarıblar.

R.Talıbov e-mail-lə suallara cavabında yazıb ki, otel və sahilyanı əmlak Gürcüstan və Azərbaycan banklarından götürülmüş kreditlər hesabına maliyyələşib. Dediyinə görə, iki il öncəki satış və otelin yenidən alınması “aktivlərin və investisiyanın digər potensial hədəflərə yönəldilməsi” strategiyası olub.

Hazırda otel”London 1889″ brendi ilə fəaliyyət göstərir. R.Talıbov bu əmlakı “London 1889″un sahibi “B-Pearl Turizm” MMC-nin 100 faiz səhm paketini almaqla əldə edib. O, daha sonra bu şirkət vasitəsi daha çox daşınmaz əmlak alıb. İyulda şirkət Batuminin kənarında yerləşən sahilyanı Maxincauri qəsəbəsində 2 min 82 kvadratmetrlik torpaq sahəsini 730 min dollara alıb.

OCCRP yazır ki, bu alış R.Talıbovun Gürcüstanda daşınmaz əmlak biznesinə qayıtdığını göstərir.

63 milyon dollarlıq əmlak

1995-ci ildən Naxçıvan Ali Məclisinə sədrlik edən V.Talıbovun idarəçiliyi dövründə bu region “Azərbaycanın Şimali Koreyası” kimi dövlətin qəddar idarəçiliyi ilə ad çıxarıb, – OCCRP vurğulayır. Talıbov ailəsi sərvətini artırıb. Onların aktivlərinə 100 faiz ailə üzvlərinə məxsus “Naxçıvan Bank” da daxil idi.

2022-ci ilin sonunda Talıbov administrasiyasına təzyiqlər güclənib və V.Talıbov həmin il dekabrın 21-də istefa verib. Əliyev hökuməti bildirib ki, Naxçıvanın yeni rəhbərliyi korrupsiya ilə mübarizə aparacaq.

OCCRP 2022-ci ildə Rza və qardaşı Seymurun saxta şirkətlərdən şübhəli köçürmələrlə 20 milyon dollardan çox vəsait əldə etdiyini üzə çıxarıb. Qardaşların BƏƏ-də və Gürcüstanda 63 milyon dollarlıq əmlak aldığı da bildirilirdi. O zaman qardaşlar şərh verməmişdilər.

R.Talıbov son tranzaksiyalarla bağlı OCCRP-nin suallarını cavablandırmayıb. Amma qeyd edib ki, Azərbaycan qanunvericiliyinə görə, dövlət qulluqçularının hüquqi şəxslərdə səhm və ya pay sahibi olması qadağan olunmayıb.

“Dövlət qulluğu haqqında” Qanunda isə deyilir ki, dövlət qulluqçusu qulluq keçdiyi orqanın rəhbərinə hər il öz gəlirləri və əmlak vəziyyəti haqqında maliyyə hesabatı verməli, orada əlavə gəlirlərin mənbəyini, növünü və məbləğini göstərməlidir.

R.Talıbovun gəlir deklarasiyası verib-vermədiyi isə ictimaiyyətə açıqlanmayıb. İndiyədək Talıbovlar ailəsindən heç kəs mənimsəmə, yaxud vəzifə səlahiyyətlərindən sui-istifadədə suçlanmayıb.

Vasif Talıbova hər il 30 milyon dollardan çox pul çatdırdığını deyirdi

Naxçıvanın bir sıra keçmiş vəzifəliləri isə külli miqdarda mənimsəmələrdə təqsirli bilinsələr də, onlara yüngül cəzalar kəsilib. Məsələn, Naxçıvanın keçmiş maliyyə naziri Rəfael Əliyev 145 milyon manata yaxın büdcə vəsaitinin yeyintisində təqsirli bilinib, ancaq məhkəmə ona şərti cəza kəsib. R.Əliyev məhkəmədə deyib ki, ittihamda onun nazir olduğu dövrdə 3 milyon 120 min manat mənimsədiyi göstərilib, amma bu pulu özü götürməyib, Naxçıvan MR Ali Məclisinin keçmiş sədri V. Talıbovun oğlu S.Talıbova verib.

Yaxud regionun gömrük komitəsinin keçmiş sədri Səhət Həbibbəyli gömrükdə rüsum kimi toplanan qeyri-rəsmi ödənişlərin – hər ay 2.5-3 milyon dolların rəhbərliyə çatdırıldığını etiraf edib. Dediyinə görə, V.Talıbova hər il 30 milyon dollardan çox pul çatdırırmış.

Azərbaycan hakimiyyəti ölkədə korrupsiya ilə sistematik və davamlı mübarizə aparıldığını bildirir. Son illər bir sıra rayonların icra hakimiyyəti başçıları, yüksəkvəzifəli dövlət qulluqçuları mənimsəmə, rüşvətxorluq ittihamları ilə həbsə atılıb, mühakimə olunub. Amma “Transparency International” təşkilatının 2024-cü il Korrupsiyanı Qavrama İndeksinə görə, Azərbaycan 100 baldan 22 bal toplayaraq 180 ölkə arasında 154-cü sırada olub. Əvvəlki illə (2023) müqayisədə ölkənin sırası dəyişməsə də, balı 1 pillə azalıb.

Hakimiyyətin yüksək eşelonunda korrupsiyanı ifşa edən “AbzasMedia” jurnalistləri isə hazırda müxtəlif iqtisadi cinayətlərdə təqsirli bilinərək uzunmüddətli həbs cəzası çəkirlər. Onlar məhz korrupsiya araşdırmalarına görə cəzalandırıldıqlarını deyirlər. (AzadlıqRadiosu)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

“Zakir Qaralov bir şapalaqla döşəməyə yıxıldı” – Hadisə necə olub?

admin

Problemə obyektiv, ədalətli, hüquqi yanaşma…

redaktor

Bakıda tanınmış bloger qəzaya düşdü, qolu amputasiya edildi – VİDEO

redaktor