23 C
Bakı
25 Sentyabr 2025 12:50
DünyaSiyasət

Moldova seçkiləri: Rusiya və Avropa qarşı-qarşıya

Sentyabrın 28-də Moldovada növbəti parlament seçkiləri keçiriləcək. Bu seçkinin əhəmiyyəti təkcə Moldovanın özü ilə məhdudlaşmır: nəticələr postsovet məkanında və ümumən Avropada geosiyasi şəraitə və təhlükəsizliyə ciddi təsir göstərəcək. Moldova Avropa İttifaqı üzvlüyünə rəsmi namizəd statusu alsa da, hələ ki, onun strateji seçiminin qəti və dönməz olduğunu söyləmək mümkün deyil. Ölkədə rusiyayönümlü revanş ehtimalı var. Ukraynada müharibənin davam etdiyi bir dövrdə Moldovada Rusiyaya bağlı siyasi qüvvələrin hakimiyyətə qayıdışı həm Ukrayna, həm də Qərbin maraqları baxımından yeni risklər yaradacaqdır. Bu səbəbdən Avropa İttifaqı və qitənin böyük dövlətləri Moldovada prezident Maya Sandu və onun partiyasını dəstəklədiklərini gizlətmirlər. Bu yazıda Moldovada seçkiqabağı vəziyyət və ehtimal edilən təhlükəsizlik riskləri təhlil olunur.

Moldovada 3,3 milyona yaxın seçici qeydiyyata alınıb. Ölkədə proporsional seçki sistemi tətbiq olunur. 101 yerdən ibarət qanunverici orqanda təmsil olunmaq üçün siyasi partiyalara 5%, seçki bloklarına 7%, müstəqil namizədlər üçün isə 2% minimal keçid həddi müəyyənləşdirilib. Mərkəzi Seçki Komissiyasında 15 siyasi partiya, 4 blok və 4 müstəqil namizəd – ümumilikdə, 23 subyekt qeydiyyatdan keçərək, 28 sentyabr seçkilərində iştirak etmək hüququ əldə edib. Rəy sorğuları fərqli rəqəmlər ortaya qoysa da, mübarizənin hakimiyyətdəki Fəaliyyət və Həmrəylik Partiyası (PAS) ilə Sosialistlərin, Kommunistlərin Vətənpərvər Seçki Bloku, Moldovanın Ürəyi və Gələcəyi adlı müxalif blok arasında keçəcəyi şübhə doğurmur. PAS və sol ittifaq Moldova toplumunda antaqonist ideoloji-siyasi qütbləri təmsil edən 2 böyük siyasi sütundur. Alternativ blokun və Bizim Partiyanın da minimal seçki baryerini aşmaq şansı var. Yeni parlamentdə 3, yaxud maksimum 4 siyasi partiya və blok təmsil olunacaq.

PAS, yoxsa sol ittifaq?

Sağ-mərkəzçi, liberal Fəaliyyət və Həmrəylik Partiyası (PAS) Moldovanın hakim partiyasıdır. 2016-cı ildə indiki prezident Maya Sandu tərəfindən təsis edilən partiyaya hazırda parlamentin sədri İqor Qrosu liderlik edir. PAS qərbyönümlü elektoratın əsas ünvanıdır və bu əhali təbəqələrinin mütləq əksəriyyətini, xüsusən diasporanı öz ətrafında birləşdirib. PAS sonuncu – 2021-ci ildə keçirilən növbədənkənar parlament seçkilərində 52,8% səs alaraq təkbaşına çoxluğa nail olub.

Rusiyayönümlü seçicilərin başlıca ünvanı isə Sosialistlərin, Kommunistlərin Vətənpərvər Seçki Bloku, Moldovanın Ürəyi və Gələcəyiadlanan seçki ittifaqıdır. İyulun 22-də elan olunan bu sol koalisiyada sabiqlər – keçmiş prezident İqor Dodonun Sosialistlər Partiyası, keçmiş prezident Vladimir Voroninin Kommunist Partiyası, Qaqauziyanın sabiq rəhbəri İrina Vlahın liderlik etdiyi Moldovanın ÜrəyiPartiyası və sabiq baş nazir Vasili Tarlevin rəhbərlik etdiyi Moldovanın Gələcəyi Partiyası təmsil olunur. 2021-ci il seçkilərində Voronin və Dodonun liderliyində Sosialistlər və Kommunistlər Bloku 27% səs toplamışdı.

Bu siyasi qüvvələrin və liderlərin dünyagörüşü, Rusiya ilə yaxın əlaqələri məlum məsələdir. Vladimir Voronin sovet dövründə partiya strukturlarında yüksək vəzifələrdə çalışıb, SSRİ-nin dağılmasından qısa müddət öncə Moldaviya Sovet Sosialist Respublikasının daxili işlər naziri olub. 1994-cü ildən Moldova Kommunist Partiyasına rəhbərlik edən Voronin 2001-2009-cu illərdə iki dəfə parlament tərəfindən prezident vəzifəsinə seçilib. İqor Dodon isə Voroninin dövründə İqtisadiyyat və Ticarət naziri, Baş nazirin müavini vəzifələrini tutub. 2011-ci ildə kommunistlərdən ayrılaraq Sosialistlər Partiyasının sədri seçilib. O, 2016-cı ildə prezident seçkilərinin 2-ci turunda qalib gələrək prezident seçilib. Andiçmədən 3 gün sonra prezident iqamətgahından Aİ bayrağını çıxarıb. 2018-ci ilin mayında Dodonun müraciəti əsasında, Moldova Avrasiya İqtisadi İttifaqına müşahidəçi statusu ilə qəbul edilib. Lakin parlamentin o vaxtkı sədri Adrian Kandu bu qərarın hüquqi qüvvəyə malik olmadığını və ratifikasiya olunmayacağını bildirib. Moldovanın Gələcəyi Partiyasının lideri Vasili Tarlev də prezident Voroninin komandasının üzvü olub və 2001-2008-ci illərdə Baş nazir vəzifəsini tutub. O, Moldovada Rusiyanın dostları ictimai təşkilatının sədridir. Moldovanın Ürəyi Partiyasının lideri İrina Vlah 2015-2023-сü illərdə ölkənin muxtar ərazisi olan Qaqauziyanın başqanı olub. Qaqauziya Moldovanın ən rusiyayönümlü regionudur, pravoslav xristian olan türkdilli qaqauzlar seçkilərdə stabil olaraq rusiyayönümlü siyasi-ideoloji platformaları dəstəkləyirlər.

Xatırlatmaq yerinə düşər ki, Qaqauziya prezidenti, 2023-cü ildə bu vəzifəyə seçilmiş Yevgeniya Qutsul bu ilin martında polis tərəfindən saxlanılıb və avqust ayında məhkəmənin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilib. Qutsul Moldovada fəaliyyəti qadağan olunmuş Şor Partiyasının namizədi kimi Qaqauziya başqanı seçilib. Bu partiyanın lideri, 2019-cu ildə ölkədən qaçmış iş adamı İlan Şor məşhur 1 milyard dollarlıq bank oğurluğu hadisəsində ittiham olunaraq, qiyabi 15 il müddətinə azadlıqdan məhrum edilib. Şor Moldovadakı prezident seçkiləri və Aİ-yə üzvlüyün Konstitusiyada təsbitinə dair referendum öncəsində, 2024-cü ilin aprelində Moskvada Qələbə adlı siyasi blok yaratdığını elan edib. Qutsul bu blokun icracı katibi idi. Qanundankənar Qələbə bloku MSK tərəfindən 2024-cü il prezident seçkilərinə və referenduma, eləcə də hazırkı seçki kampaniyasına buraxılmayıb. İrina Vlahın da hüquqi problemləri var.  MSK sentyabrın 17-də Ədliyyə Nazirliyinə müraciət edərək qanunsuz maliyyələşmə səbəbi ilə Moldovanın Ürəyi Partiyasının fəaliyyətinin məhdudlaşdırılmasını istəyib. Moldova hökuməti yanında İdarələrarası Nəzarət Şurasının qərarı ilə Vlahın 5 bank hesabı bloklanıb. Siyasətçi MSK-ya təqdim etdiyi gəlir bəyannaməsində həmin hesabları qeyd etməyibmiş. Avqust ayında Kanada, sentyabrda isə Litva Rusiyanın Moldovadakı siyasi proseslərə müdaxiləsinə dəstək verdiyinə görə Vlaha sanksiya tətbiq edib və onun bu ölkələrə girişinə qadağa qoyulub.

Dodon, Vlah və Tarlev iyul ayında Rusiyaya səfər edərək, Baş nazirin müavini Aleksandr Novakla görüşüblər.

Diaspora faktoru və Avropanın mövqeyi

Moldova Xarici İşlər və Avrointeqrasiya Nazirliyinin məlumatına görə, təxminən 1 milyon 250 min vətəndaş hazırda ölkə xaricindədir. MSK xaricdə 301 seçki məntəqəsi yaradacaq. Diaspora kəskin qütbləşmənin mövcud olduğu Moldova siyasətində son illər həlledici amilə çevrilib. 2024-сü ilin oktyabr-noyabr aylarında keçirilmiş referendumun və prezident seçkilərinin taleyini məhz diasporanın səsləri müəyyənləşdirdi. Avrointeqrasiya kursunun Konstitusiyada təsbit edilməsinə dair referendumda bülletenlər sayılarkən ölkə daxilində yox cavabı öndə idi, lakin diasporanın səsləri sistemə daxil olduqca aradakı fərq qapanmağa başladı və yekunda cüzi üstünlüklə (lehinə 50,35%, əleyhinə 49,65%) təklif qəbul edildi. Prezident seçkilərinin 2-ci turunda isə Moldova daxilindəki səslər – bülletenlərin 95%-i sayıldıqdan sonra sosialistlərin namizədi Aleksandr Stoyanoqlo 51%-lə irəlidə olduğu halda, xaricdəki 330 minə yaxın moldovalının səsləri sayılmağa başladıqdan sonra Maya Sandu 55%-lə qalib gəldi. Prezident Sandu bu dəfə də diasporaya ümidlidir, çünki sırf ölkə daxilində hakim partiyanın, birinci olsa belə, çoxluq əldə etməsi mümkün görünmür, yalnız xaricdəki seçicilərin aktivliyi nəticəsində PAS öz çoxluğunu qoruyub saxlaya bilər. Bu səbəbdən Sandu son həftələrdə Avropaya səfər edərək diaspora nümayəndələri ilə görüşlər keçirib.

Avropa İttifaqı və qitə liderləri seçki ərəfəsində Sandu hökumətinə açıq dəstək nümayiş etdirməkdən çəkinməyiblər. Aİ qarşıdakı 2 il üçün Moldovaya 1,9 milyard avro ayırıb, bu məbləğ Moldova kimi kiçik ölkə üçün az deyil. Avqustun 27-də Fransa Prezidenti, Almaniya Federal Kansleri və Polşa Baş nazirinin Moldovada ölkənin müstəqilliyinin 34-cü ildönümünə həsr olunmuş rəsmi tədbirlərdə iştirak etmələri daha öncə görünməmiş diqqət idi. Seçkilərdən cəmi 10 gün əvvəl – sentyabrın 17-də isə Kişinyovda Avropa Komissiyasının sədri Ursula von der Leyen və Aİ prezidenti Antonio Kostanın iştirakı ilə 1-ci Moldova-Avropa İttifaqı zirvə toplantısı keçirilib. Aİ liderləri 1,9 milyard avroluq maliyyə yardımının 270 milyon avroluq ilk tranşının ayrıldığını açıqladılar. Tramp administrasiyasının xarici yardımları ciddi ixtisar etməsinə və ümumiyyətlə, bu cür ianələrə neqativ yanaşmasına baxmayaraq, ABŞ hökuməti Moldovanı Rumıniya və Avropanın elektrik şəbəkəsi ilə birləşdirəcək yüksək voltlu elektrik xəttinin çəkilməsinə 130 milyon dollar ayırıb. Bu, Moldovanın enerji təhlükəsizliyinin təmin olunmasında Qərbin nə qədər maraqlı olduğunu göstərən faktdır. Bütün bunlar Moldova əhalisinə ölkənin Avropa İttifaqına inteqrasiyasının illüziya olmadığını və real mahiyyət kəsb etdiyini nümayiş etdirmək baxımından vacib hadisələrdir. Hətta Rumıniya Prezidenti konkret tarix də tələffüz edərək, Moldovanın 2028-ci ildə Aİ-yə üzv ola biləcəyini və bu məqsədə çatmağın 28 sentyabrdakı seçkilərin nəticələrindən asılı olduğunu Moldova xalqının nəzərinə çatdırıb. Hazırda 1 milyona yaxın moldovalı Rumıniya pasportu daşıdığı üçün Buxarestin Moldova daxili siyasətinə təsir imkanı var.

Avropada təhlükəsizlik baxımından Moldovanın əhəmiyyəti

2023-cü ilin dekabrında Moldova parlamentində qəbul olunan milli təhlükəsizlik strategiyası xarici və daxili təhdidlərin, risklərin qiymətləndirildiyi mühüm konseptual sənəddir. İlk dəfə olaraq, Moldova rəsmi şəkildə Rusiya Federasiyasını və onun daxildəki tərəfdarlarını öz milli təhlükəsizliyinə ən real və daimi təhdid mənbəyi elan edib. İkinci təhdid kimi korrupsiya göstərilib.

Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra artan risklər Moldovanı axtarışlara sövq edib və Aİ ilə təhlükəsizlik sahəsində də əməkdaşlığın qurulmasına başlanıb. 2024-cü ilin mayında tərəflər arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığa dair saziş imzalanıb. Sazişdə birgə hərbi təlimlərin keçirilməsi, kəşfiyyat məlumatlarının mübadiləsi və Moldovanın Aİ-nin silah alışı sisteminə daxil edilməsi əksini tapıb. Moldova Aİ ilə bu tip razılaşma imzalayan ilk ölkədir. Bununla yanaşı, Fransa ilə təhlükəsizliyə dair ikitərəfli müqavilə də imzalanıb. Əlbəttə ki, bu anlaşmalar Moldova üçün təhlükəsizlik təminatları yaratmır. Lakin Rusiyanın Ukraynaya hücumundan sonra Aİ-nin siyasətində baş verən paradiqma dəyişikliyi göz önündədir. Aİ Moldovaya namizəd statusu verməklə və üzvlük prosesini sürətləndirməklə bu ölkəni öz himayəsinə aldığını nümayiş etdirmiş olur. Əslində, Konstitusiyaya əsasən, Moldova neytral dövlətdir, amma yeni reallıqlar neytrallığın təhlükəsizlik təminatı olmadığını göstərir. İsveçin neytrallıqdan imtina edərək NATO-ya üzv olduğu bir dövrdə Moldovanın real və praktik təhlükəsizlik təminatları axtarışına çıxmasını başa düşmək olar.

Moldovadakı seçkilərin əhəmiyyəti ondan ibarətdir ki, rusiyayönümlü qüvvələr qalib gələrsə, Avropada təhlükəsizlik şəraiti daha da pisləşəcək. Revanş baş tutarsa, yeni hökumət Aİ-yə üzvlük müzakirələrini dayandıraraq ölkənin strateji inkişaf istiqamətini yenidən Moskvaya doğru çevirə bilər. Ən böyük risk Rusiyanın Ukraynaya hücumunda Moldovanın platsdarma çevrilməsi ehtimalıdır. Məlum olduğu kimi, Ukrayna ilə həmsərhəd Dnestryanı region Rusiyanın faktiki nəzarətindədir. Orada tamamilə qanunsuz olaraq Rusiya Qoşunlarının Operativ Qrupu mövcuddur. Bu hərbi qruplaşma SSRİ dövründəki 14-cü ordunun davamıdır və o vaxtdan tərkibi ixtisara məruz qalsa da, Moldovadan çıxmayıb. Bundan başqa, ərazidə Rusiya sülhməramlı qüvvələri də var. Moldova hökuməti öz ərazisindəki Rusiya qoşunlarının rotasiyasına və sayının artırılmasına icazə verməyərək onların çıxarılmasını tələb edir. Lakin sol blok hakimiyyətə gələrsə, Rusiya onların icazəsi ilə Ukraynanın Odessa vilayəti ilə həmsərhəd Dnestryanı regiona böyük qoşun cəmləşdirib, yeni cəbhə aça bilər. Putin rejiminin Odessa vilayətini işğal etmək niyyəti sirr deyil. Məsələn, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Gerasimovun bu il avqustun 30-da keçirdiyi brifinqdə onun otağındakı xəritə jurnalistlərin diqqətini cəlb edib. Xəritədə Krım, Donbas, Xerson və Zaporojye ilə birlikdə Odessa və Nikolayev vilayətləri də Rusiyanın tərkibində göstərilib.

Rusiya Odessanı ələ keçirərsə, bir neçə strateji vəzifəyə nail olacaq:

  1. Ukraynanı dənizdən təcrid edəcək;

  2. Moldova və onun Dnestryanı regionu ilə quru əlaqəsi yaradacaq;

  3. Daha bir NATO dövləti – Rumıniyanın sərhədlərinə çıxış əldə edəcək.

Moldovanın milli təhlükəsizlik strategiyasında (19-cu maddənin 1-ci bəndi) bildirilir ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi və Moldovaya quru dəhlizi açmaq ambisiyası Moldovanın Konstitusiya quruluşunun zorakılıqla dəyişdirilməsi və onun dövlətçiliyinin ləğvi təhlükəsi yaradır. Bu rəsmi qiymətləndirmə də təsdiqləyir ki, Moldovadakı seçkilər Ukrayna və Rumıniya başda olmaqla, bütün Avropanın təhlükəsizliyi baxımından kritik önəmə sahibdir. Hakim partiya PAS qalib gələrsə, qorxulu ssenarilər baş tutmayacaq, Moldovanın avrointeqrasiyasının uğurla gerçəkləşməsi üçün münbit zəmin yaranacaq, Ukrayna və Avropa rahat nəfəs alacaq.

Şahin Cəfərli

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Medvedev: Putini həbs etmək Rusiyaya qarşı müharibə elan etməkdir

redaktor

Toyda bəy gəlini yumruqla vuraraq döydü – ANBAAN GÖRÜNTÜ

redaktor

Putinin əsas varisi açıqlandı – Siyahıda kimlər var?

admin