Suriya Dövlət Başçısı Əhməd Şaranın amerikalı jurnalistin “Siz dəyişmisinizmi?” sualına cavab olaraq aralarında keçən dialoq:
Jurnalist Marqaret Brennan:
“…Sizinlə bağlı danışdığım bir çox rəsmilər sizi praqmatik şəxs kimi təsvir edirlər. Amma şübhə edənlər də var; onlar deyirlər ki, Suriyada o anda nəyə ehtiyac duyulursa, siz ona uyğun dəyişirsiniz. Bəs siz tamamilə fərqli bir insan olduğunuzu etiraf edirsinizmi?
Suriya dövlət başçısı Əhməd Şara:
“…Praqmatiklik anlayışı ilə tam razı deyiləm, çünki bu söz ərəbcədə müəyyən mənfi çağırışlar doğura bilər.
Məsələ budur: gəlin, mediada deyilənlərdən asılı olmayaraq, indi baş verənlərə baxaq.
Bu gün biz xalqı həqiqətən də zalım bir rejimin zorakılığından qurtardıq.
Qaçqınlar və ölkə daxilində yurd-yuvasından didərgin düşən insanlar üçün ümidləri yenidən canlandırdıq ki, öz ölkələrinə qayıda bilsinlər.
Kimyəvi silahlarla bombalanan insanlara dayaq olduq.
Eyni zamanda İŞİD-lə də mübarizə apardıq.
İran milislərini və “Hizbullah”ı bölgədən çıxardıq.
Suriyada həyata keçirdiyimiz bütün bu ali işlər əslində beynəlxalq ictimaiyyətin borcu olmalı idi.
Amma beynəlxalq ictimaiyyət bircə əsiri belə azad edə bilmədi; aclıqdan ölənlərin olduğu bircə kəndin mühasirəsini belə yara bilmədi.
Beynəlxalq ictimaiyyət rejimi kimyəvi silah işlətməkdən çəkindirməkdə də uğursuz oldu.
Ona görə müttəhim kürsüsündə biz oturmamalıyıq; əksinə, biz başqalarına sual verməliyik:
– Suriya torpaqlarında bu dəhşətli cinayətlər törədilərkən siz niyə susdunuz?
Mən inanıram ki, dünya Suriyanı üzüstə qoydu, amma artıq kömək etməlidir. Dünya bir daha suriyalıların qırğınına şərik olmamalıdır – nə sanksiyaların aradan götürülməsini yubadaraq, nə də suriyalıların öz ölkəsini yenidən qurmasına mane olaraq.
Sanksiyaların ləğvinə qarşı çıxan hər bir tərəf, Suriya xalqının qətlə yetirilməsində şərikdir”.
Mirzə Rəşad Orbey