“Qlobal İnnovasiya İndeksi 2025”-in nəticələri göstərir ki, Azərbaycanda startap ekosistemin investisiya göstəriciləri iflic vəziyyətindədir.
“Bazarın inkişafı” bloku üzrə xeyli irəliləyiş olsa da “Investment” bloku üzrə ümumi nəticəmiz ötən illə müqayisədə 110-cu yerdən 124-ə yuvarlanıb.
İndeksin vençur kapital üzrə bütün subindekslərində “0” bal toplamışıq və 139 ölkə arasında ən axırlardayıq.
Xatırladıram ki, həqiqətən də Azərbaycanın innovasiya və startap ekosistemində real investisiya mühiti, maliyyə bazarı yoxdur.
Qonşu ölkələrdə, regionda çox sayda belə fondlar olsa da, bizdə cəmi bir dövlət-özəl vençur fondumuz – “Caucasus Ventures” Fondu var. O da ki, yerli ekosistem üçün əlçatan deyil, əsasən xaricə yönəlik fəaliyyətə üstünlük verib.
İRİA hələ də bu Fondun fəaliyyətini normal bir vəziyyətə gətirə bilməyib.
Maraqlıdır ki, dünyada, qonşu ölkələrdə milyonlarla vençur kapitalı dövr etsə də bizdə on illərdi ki bu bazar formalaşa bilmir.
Uzun illərdir vençur maliyyələşmə haqqında qanun da yoxdur.
On ildən çoxdur ki, RİNN, ASAN, İN bu istiqamətdə açıqlamalar versələr də , qanun layihəsini hazırlayıb ortaya çıxara bilməyiblər.
Mərkəzi Bank bir müddət öncə artıq bu qanun layihəsinin hazırlandığı haqqında açıqlama verib.
Belə olan halda isə nəinki xarici vençur fondlardan, heç daxili fondlardan danışmaq mənasızdır.
Beləliklə, düşünürəm ki “Qlobal İnnovasiya İndeksi 2025”-in “İnvestisiya” bölməsi üzrə, xüsusən də vençur sahəsində ölkəmzidəki utancverici vəziyyətlə bağlı göstəriciləri təəssüf ki reallığı əks etdirir.
Yeri gəlmişkən, bu gün Bakıda 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilir.
Osman Gündüz