13 C
Bakı
25 Sentyabr 2025 09:47
CəmiyyətGündəmİdmanŞikayət

Formula-2-dən SOCAR-a: Azərbaycan hakimiyyətinin vitrin siyasəti və xalqın məğlubiyyəti

Formula-2-dən SOCAR-a: Azərbaycan hakimiyyətinin vitrin siyasəti və xalqın məğlubiyyəti

Bakı küçələrində milyonlarla avro sərf edilən Formula-2 yarışı sona çatdı. Rəsmi qalib amerikalı Cek Krouford oldu. Amma bu yarışın əsl “məğlubunu” əvvəldən hamı bilirdi: Azərbaycan xalqı.

Rəsmi rəqəmlər gizlədilsə də, müstəqil hesablamalara görə, Bakıdakı Formula yarışlarına hər il on milyonlarla avro büdcə vəsaiti xərclənir. Təkcə yarış üçün yolların hazırlanması, təhlükəsizlik və təşkilati xərclər 30–50 milyon avro arasında dəyişir. Bu vəsaitlərlə ölkədə yüzlərlə kənd məktəbi təmir edilə, minlərlə müəllim və həkimin əməkhaqqısı artırıla bilərdi. Amma hakimiyyət üçün əsas məqsəd sosial problemləri həll etmək deyil, vitrin yaratmaqdır: “Bakı artıq Monako ilə eyni səviyyədədir.” Halbuki reallıqda ölkənin sosial durumu Monako ilə deyil, daha çox Əfqanıstanla müqayisə oluna bilər.

İllərdir bu vitrin siyasətinin əsas dayaqlarından biri Dövlət Neft Şirkəti, SOCAR-dır. Şirkət Avropada milyonlarla avro dəyərində sponsorluqlara imza atıb: Madridin Atletico klubuna forma reklamı, Türkiyənin Galatasaray klubuna sponsorluq, UEFA Avro-2020 və digər turnirlərə milyonlarla avro ödəniş, İsveçrə, Almaniya və Gürcüstanda lobbiçilik şəbəkələri. Bu pullar Azərbaycanın təhsilinə, səhiyyəsinə və sosial problemlərinə yönəlmir. Əksinə, xalqın neft sərvəti hakimiyyətin imic oyunlarına qurban verilir.

Paytaxtın mərkəzində asfalt üzərində təmtəraqlı şou nümayiş etdirilərkən, həmin küçələrin kənarında minlərlə ailə uşaqlarını doyurmaq üçün zibilliklərdə yemək axtarır. Bölgələrdə məktəblərdə şagirdlər üçün parta çatışmır, xəstəxanalarda ən sadə dərmanlar yoxdur. İşsizlik isə minlərlə gənci ölkədən didərgin salır.

Azərbaycan hakimiyyətinin bu siyasəti təkcə yerli problem deyil. Dünyada avtoritar rejimlərin hamısı eyni üsula əl atır: Qətərdə futbol, Rusiyada Olimpiya, Azərbaycanda Formula. Məqsəd eynidir, sosial böhranı idman şousu ilə ört-basdır etmək.

Formula-2 trasında qalib pilot Cek Krouford ola bilər. Amma Azərbaycanın sosial trasında əsl qalib hakimiyyətin vitrin siyasətidir. Məğlub isə, hər zamankı kimi, Azərbaycan xalqıdır. Bu yarış hələ bitməyib, və xalqın uduzduğu hər gün davam edir.

Qeyd edək ki, Formula-2 Formula-1-ə keçid üçün əsas pillə sayılır və yüksək səviyyəli təlim funksiyasını yerinə yetirir. Yəni bundan sonra Formula 1 yarışları başlayır.

Bəhruz Əliyev

 

Tacxeber.com

Bizimlə əlaqə:[email protected]

Oxşar xəbərlər

ABŞ və Britaniya səfirləri Hüseyn Cavidin abidəsinin önündə Navalnını yad etdilər – Foto

admin

Arayik Arutyunyan Xankəndidən qaçıb?

admin

“Neftçi”nin “gəzəyən” baş məşqçisini tanıyaq: 21 ildə 20 komanda dəyişib

redaktor