16 C
Bakı
26 Sentyabr 2025 03:48
DünyaSiyasət

Tramp Londondan Vaşinqtona hansı nəticələrlə qayıdır?

Böyük Britaniyanın Baş naziri Key Starmerlə ABŞ prezidenti Donald Trampın bərabər imzaladıqları müqavilənin arxasından bir-birinə “cic” etmələrinə aldanmayın. İki ölkə liderləri arasında dərin fikir ayrılıqları var və Trampın Böyük Britaniya səfəri bu problemi çözə bilmədi.

İki lider arasında ən başlıca fikir ayrılığı Fələstin və Ukrayna məsələsinə baxışlarındadır. Böyük Britaniya ABŞ-ın Yaxın Şərq siyasətinə sarsıdıcı zərbə vurmaq üçün Fələstini bir dövlət kimi tanmaq fikrindədir. ABŞ isə nəyin bahasına olursa olsun bunun qarşısını almağa çalışır.

Zənnimcə, Trampı Böyük Britaniya kralı III Çarlsın ayağına gətirən əsas məsələ də bu idi. Aparılan danışıqlardan ABŞ üçün müsbət nəticənin çıxdığına inanmıram. Trampın səfər sonunda keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirlərdən də belə anlaşılır. O, çıxışında “bu məsələdə Starmerlə aralarında ciddi fikir ayrılığı olduğunu” səmimi şəkildə etiraf edərək deyib: “bu, əslində bizim bir neçə fikir ayrılığımızdan biridir”.

Ukrayna-Rusiya savaşına fərqli münasibətlərə gəlincə, yadınızdadırsa, Ukrayna prezidenti Zelenskinin Ağ evə məşhur səfəri zamanı təhqirə məruz qalmasından sonra həşəmətli Kral III Çarlz Baş nazir Starmerin əlinə bir bitik verib Vaşinqtona göndərmişdi. Bitikdə Böyük Britaniyanın müasir kralının Trampa məktubu yer alırdı. Trampın laqeydliklə qəbul etdiyi bu məktubda ABŞ prezidenti Londona dəvət olunurdu. Dünənki səfər də məhz ovaxtkı dəvətin icabı idi. Təbii ki, kralla prezident arasındakı danışıqların əsas mövzularından biri də, məntiqlə, Ukrayna-Rusiya savaşı olmalı idi.

Səfər sonrası brifinqdə Trampa yönəldilən sual da Rusiya ilə bağlıydı. Tramp bu suala nə qədər qaçamaq cavab versə də, Putinin onu “ara yerdə qoyduğunu” gizlətmədi və rusiyalı həmkarından incidiyini dilə gətirdi. Onu da təkrarladı ki, Ukrayna savaşı çıxarkən hakimiyyət kürsüsündə Bayden oturmuşdu. Yox, əgər Bayden yox, Tramp otursaydı, müharibə ümumiyyətlə olmayacaqdı. Bəs, konkret olaraq, indiki situasiyada onun hansı addımı atacağı ilə bağlı suala isə konkret cavab vermədi.

Bununla belə, o, ilk dəfə Ukrayna savaşının təcavüzkar tərəfinin Rusiya olduğunu etiraf etmək məcburiyyətində qaldı.

Ortaq məxrəcə gəlinməyən əsas məsələlərdən biri də Trampın bütün xahişlərinə rəğmən rəsmi Londonun bəzi ABŞ mallarına gömrük rüsumunu sıfırlamaması oldu. 1News`un məlumatına görə, “Britaniya rəsmiləri, bəzi təfərrüatları hələ açıqlanmayan sövdələşməni əldə etmək üçün rəqəmsal xidmətlər vergisini və internet tənzimləməsini ləğv etməyə razı olmayıblar”.

ABŞ-ın London boyunduruğundan qurtulduğu 1812-1814 müharibəsindən sonra bəlkə də ilk dəfədir ki, bu iki dövlət arasında bəzi məsələlərə fərqli yanaşmalar ortaya çıxır. Əsas qırılma nöqtələrindən birinin Fələstin, digərinin isə Ukrayna məsələsi olması da maraqlıdır. Belə bir zamanda ərəb və digər müsəlman dövlətlərinin İslam NATO-su barədə müzakirələrə başlaması təsadüfə bənzəmir. Görünən budur ki, Londonun təşviqi, İsrailin təhrikedici hərəkətləri ilə Yaxın Şərq ölkələri ABŞ-ın təsir dairəsindən uzaqlaşmaq xətti tutmaq ərəfəsindədir. Məhz belə bir məqamda MHP başkanının Türkiyə-Rusiya-Çin ittifaqından bəhs etməsi də diqqətdən yayınmır.

Qısası, dünyada yeni geopolitik konfiqurasiyanın ortaya çıxmasını müşahidə edirik. Türkiyə və ölkəmiz də bu yeni konfiqurasiyanın tam mərkəzində yer alır. Bir sözlə, yaxın zamanlarda çox ciddi və mürəkkəb proseslərə şahidlik edəcəyik.

P.S. İslam NATO-su barədə fikirlərimi ayrı bir məqalədə qələmə alacağam.

Heydər Oğuz

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

İvanişvili biabırçılıq etdi, üzr istəməlidir.

admin

Savaş Ukrayna sərhədini aşa bilər – “Hədəfəki beş ölkədən biri Gürcüstandır”

admin

Kəmaləddin Heydərov Süleyman Soylu ilə görüşdü – Foto

redaktor