Deputat Müşfiq Cəfərov iddia edib ki, ABŞ-ın Azərbaycan və Ermənistan arasında sülh təşəbbüsləri Donald Tramp administrasiyası dövründə başlayıb.
Tacxeber.com xəbər verir ki, “Fakt Yoxla” bu iddianın doğru olub-olmadığını yoxlayıb.
2-ci Qarabağ müharibəsi ABŞ-də 2020-ci il prezident seçkiləri ərəfəsində baş vermişdi və bu seçkilərdə Co Bayden qalib gəlmişdi.
Co Bayden administrasiyası dövründə ABŞ dövlət katibi Antoni Blinken dəfələrlə tərəfləri birbaşa dialoqa təşviq edib.
2022-ci ilin sentyabrında Azərbaycan-Ermənistan sərhəddində baş verən toqquşmalardan sonra Blinken Nyu-Yorkda iki ölkənin xarici işlər nazirlərinin görüşünü təşkil edib.
2023-cü ilin may və 2024-cü ilin iyul aylarında isə onun vasitəçiliyi ilə Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüşlər keçirilib – Əsas mövzulardan biri sülh sazişi olub.
2023-cü ilin sentyabrında Azərbaycanın Qarabağda öz suverenliyini tam bərpa etməsi ilə nəticələnən hərbi əməliyyatlardan sonra dövlət katibi Blinken həm Bakı, həm də Yerevanla birbaşa təmas saxlayaraq gərginliyin artmaması üçün çağırışlar edib.
2024-cü ilin iyun və iyul aylarında isə ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayen Azərbaycana və Ermənistana səfər edərək tərəfləri sülh sazişinin imzalanmasına təşviq edib.
ABŞ-ın Azərbaycan-Ermənistan sülh təşəbbüslərinin yalnız Trampın hakimiyyətə gəlməsindən sonra başladığına dair iddia faktlarla ziddiyyət təşkil edir. “Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, Müşfiq Cəfərovun iddiası yanlışdır.