Naxçıvan Muxtar Respublikasında əsasən səhiyyə sahəsində baş verən neqativ hallardan çox yazmışam.
Sakinlərin şikayəti əsasında araşdırma aparıb həmişə həllinə nail olmağa çalışmışam. İş olan yerdə problem də olar deyiblər.
Amma hərdən elə problemlər olur ki, müəyyən adamlar, məmurlar tərəfindən süni olaraq yaradılır. İnsanlar bürokratiya girdabına salınır.
Bəzi idarə rəhbərləri kreslo tapan kimi sanki insanlara əziyyət verməyi, onların işlərini çətinə salmağı, süründürməçilik etməyi sevirlər.
Naxçıvan Hava Limanında olduğu kimi. Bildiyimiz kimi Muxtar Respublika tarixi haqsızlıqlar səbəbindən ölkənin əsas ərazisindən ayrı düşüb.
Birinci Qarabağ Müharibəsi zamanı Naxçıvan blokada şəraitində idi. Əhali nə qədər əzab çəkirdi. Kommunikasiya üçün İran ərazisindən də istifadə etməyə məcbur olurduq.
Yeganə ölkədaxili əlaqə vasitəsi isə təyyarə reysləri olub. İndi də bu belədir. Lakin bəzi işbazlar aeroportu ciblərinə uyğunlaşdırıblar.
Beləki, Naxçıvandan Bakıya və digər şəhərlərimizə təyyarə biletini istədikləri qiymətə satırlar. Real qiyməti məsafədən asılı olaraq 50-60 manat arası dəyişən uçuş biletləri dəllalların əlində qazanc mənbəyinə çevrilib.
Sakinlər şikayət etməkdən yorulduqlarını bildirirlər. Şikayətin bir xeyri olmur. Çünki məsələdən hamı xəbərdardır. Naxçıvan MR Ali Məclisin sədrindən başlamış Naxçıvan aeroportunun rəhbərinə, sıravi işçisinə kimi.
Dövlət başçımızın Zəngəzur dəhlizinin açılması uğrunda dünyada gərgin iş apardığı dövrdə bu məmurların belə əməllər törətməsi birbaşa dövlətin siyasətinə qarşı durmaqdır.
Zəngəzur dəhlizinin açılması bilavasitə Naxçıvanla əsas ərazimiz arasında birbaşa əlaqənin yaradılmasına yönəlib. Naxçıvan rəhbərliyi də, Naxçıvanın aeroport rəhbərliyi də bunu yaxşı bilməlidirlər.
Yəqin burunlarının uclarını görə bilmirlər, ya da görmək istəmirlər. Aylarla 60 manatlıq biletin camaata 120 manata satılması gizli qala bilməz.
Əgər bu cür hallara yol verilirsə, deməli, Naxçıvanda heç də hər şey yolunda deyil. Bu məsələdə AZAL da məsuliyyət daşıyır. Hər halda Naxçıvan Hava Limanı AZAL-ın tabeliyindədir.
Ola bilməz ki, hamının bildiyini onlar bilməsinlər. Bu əhalinin həm maddi, həm də mənəvi terrorudur. Bilirlər ki, Naxçıvanın respublikanın əsas hissəsi ilə əlaqəsi əsasən hava vasitəsilədir.
Belə olan təqdirdə vəziyyətdən sui-istifadə edərək süni şəkildə qiyməti qaldırmaq, kassada bilet satmayıb əllərdə, qara bazarda ikiqat artığına satmaq heç bir çərçivəyə sığmır.
Bu məsələ birbaşa dövlətimizin təhlükəsizliyinə də xələl gətirir. Yəqin aidiyyatı orqanlar bu problemlə maraqlanıb araşdırıb bir nəticəyə gələrlər. Mövzunu diqqətdə saxlayacağıq.
Sima Babayeva