15 C
Bakı
18 Sentyabr 2025 10:08
CəmiyyətDünyaİdman

“Qarabağ” yuxumuzu ərşə çəkdi – Futbol şərhçisi

Bu gecə yuxumuz ərşə çəkildi. “Qarabağ”ın Lissabon zəfəri, “Benfika” üzərində tarixi qələbəsinin sevinci, qüruru yatmağa qoymadı bizi. Ağdam təmsilçisi UEFA-nın Çempionlar Liqasında bu mövsüm qalib gəlmək şansı ən yüksək olan komandalar sırasına daxil etdiyi kluba onun meydanında qalib gəldi. Bu qalibiyyəti, sadəcə, idman sahəsində deyil, daha geniş anlamda əldə olunan, Azərbaycanımızın nüfuzunu artıran nailiyyət kimi qəbul edən həmvətənlərimiz səhərədək sevinclərini bir-birini təbrik etməklə bölüşdü. Milyonlar, bəlkə də milyardlar xərcləsən belə, məncə, tərəzinin gözündə bu gecəki futbol zəfərinin çəkisi, ölkəmizə qazandırdığı ideoloji imici ağır gələr. Büdcəsi təxminən 300 milyon avro, başqa sözlə, “Qarabağ”dan 15-20 dəfə yüksək olan “Benfika”nı məğlub etmək qətiyyən sıradan bir uğur sayıla bilməz. Ona görə də futbola münasibətindən asılı olmayaraq, böyük əksəriyyətimiz bu komandayla həm qürur duyur, həm də fəxr edirik. Prezident İlham Əliyev də qələbə münasibətilə kluba təbrik məktubunda bildirdi ki, “Hər bir azərbaycanlı Avropada xariqələr yaradan “Qarabağ”la qürur duyur”.

Amma bu tarixi nailiyyət kimlərinsə başqa anlamda yuxusunun ərşə çəkilməsinə səbəb oldu. Buna isə təbii baxmaq lazımdır: Ermənistan mətbuatında müşahidə olunan sükut tam anlaşılandır, ancaq bu dəfə Rusiya mediasında da məsələyə daha çox qısqanclıq müstəvisindən yanaşıldı. Eyb etməz, onlar öz işlərində olsun, ilkləri sıralaya-sıralaya mətin addımlarla irəliləyən “Qarabağ” da öz işində…

“Benfika” ilə oyunda maraqlı statistik məqamlar da önə çıxdı:

* “Qarabağ” ÇL-in əsas mərhələsində qələbə qazanan ilk və yeganə klubumuzdur;

* Təmsilçilərimizin ÇL-də keçirdiyi oyunların sayı 110 oldu;

* Aleksey Kaşşukun vurduğu qol ÇL-də klublarımızın 140-cı, “Qarabağ”ın isə 100-cü qoludur;

* “Benfika”nı məğlub etməklə “Qarabağ”ın ÇL-də qələbə sayı 30-a çatdı;

* Leandro Andrade avrokuboklarda 10-cu qolunu vurmaqla bu göstəricidə Kadi Borgeslə eyniləşdi: onlar Zubir, Juninyo və Reynaldodan geri qalmaqla məhsuldarlıqda 4-5-ci yerləri bölüşürlər;

* Kamilo Duran “Qarabağ”ın heyətində qitə klub turnirlərində fərqlənən 61-ci futbolçu oldu.

 

Rövşən Binnətli,
futbol şərhçisi

Tacxeber.com

Oxşar xəbərlər

Bu deputatlara ev veriləcək

redaktor

Qətəri cəhənnəmə bənzətdi

admin

İcra hakimiyyəti ağacların diblərini asfaltladı (FOTO)

admin