21 C
Bakı
18 Sentyabr 2025 10:47
İqtisadiyyatMaraqlıŞikayət

Maliyyə Nazirliyinin bu proqnozları reallıqdan daha çox, arzulara-istəklərə əsaslanır.

Maliyyə Nazirliyi 2026-ci il dövlət büdcəsinin ilkin parametrlərini və 2026-2029-cu illər üzrə makroiqtisadi göstəricilərlə bağlı proqnozlarını açıqlayıb.

Rəsmi sənədlərə baxanda ilkin olaraq ölkədə iqtisadi mənzərənin, hətta hökumətin özünün belə gözləntilərinin, yumşaq desəm, yaxşı olmadığını görmək mümkündür.

2026-29-cu illər üzrə ÜDM artımı proqnozu belədir: 2026-cı ildə ÜDM-in artımı 2,9 %, 2027-ci ildə 3,3 %, 2028-ci ildə 3,1 %, 2029-cu ildə 4,8 % proqnozlaşdırılır.

Əvvəl onu deyim ki, hökumət 2025-ci ildə ÜDM artımını 3% proqnozlaşdırırdı, ilin 8 ayı geridə qalib, ÜDM artımı cəmi 0,9% olub – yəni, Maliyyə Nazirliyinin bu proqnozları reallıqdan daha çox, arzulara-istəklərə əsaslanır.

Gələk 2026-cı il büdcə proqnozlarına:

2026-cı ildə dövlət büdcəsinin gəlirləri 38 milyard 423 milyon manat proqnozlaşdırılır ki, bu da 2025-ci ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 67 milyon manat və yaxud 0,2% çoxdur. Yəni, ölkə büdcəsinin gəlirləri 2025-ci ilə nisbətən cəmi 67 mln. manat çox olacağı proqnozlaşdırılır – çox aşağı rəqəmdir, iqtisadiyyatda problemlərin olduğunu açıq göstərir.

2026-cı ildə dövlət büdcəsinin xərcləri 2025-ci ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 141 milyon manat və ya 0,3 faiz artım ilə 41 milyard 548.6 milyon manat proqnozlaşdırılır. Yəni, büdcə gəlirləri cüzi artıb deyə, xərclərdəki artım da mikroskopikdir və bu ölkəmiz qarşısında duran çağırışlara, problemlərin həllinə cavab vermir.

Maliyyə nazirliyi yaxın 4 il üçün büdcə parametrlərində neftin orta qiymətini 65 dollar kimi götürmək, hesablamalarını bu qiymətlə aparmaq istəyir.

Çox optimist hökumətimiz var – geosiyasi gərginliklər azalsa, sırf makroiqtisadi vəziyyətə ABŞ və OPEK+ ölkələrin hasilatın artım dinamikasına görə, yaxın illərdə neft qiymətlərinin, ortalama, 60 dollardan aşağı olması ehtimalı çox yüksəkdir. Hökumət daha yüksək qiymət ortalaması ilə hesablamalar aparır, səbəbi sadədir – neftin proqnoz qiymətlərinin hər 5 dollar aşağı götürüləndə, büdcənin gəlir hissəsində ciddi azalmalar olur, zatən büdcə gəlirləri, demək olar ki, artmır (2026-da cəmi 67 mln. artım proqnozlaşdırılır), 2026-cı ildə orta qiyməti 60 dollar götürsələr büdcə gəlirləri 2025-ci ilə nisbətən AZALACAQ, xərclər isə az da olsa artmalıdır, deməli iki yol qalacaq – ya Neft Fondundan daha çox vəsait götürülməlidir, ya da büdcə kəsri kəskin artmalıdır. Ona görə də, hökumət arzuladığı, görmək istədiyi qiyməti proqnoz parametrlərinə daxil edir.

Sözün qısası: 2026-29-cu il proqnoz rəqəmləri, 2026-cı ilin ilkin büdcə göstəriciləri açıq-aydın bizə deyir ki, iqtisadiyyatda ciddi problemlər var və onlar dərinləşir. Bir daha – bunu mən demirəm ha, hökumətin ÖZ rəqəmləri, ÖZ gözləntiləri deyir, hətta ən optimist yanaşma ilə hesablayıblar, yenə də problemləri gizlətmək mümkün olmayıb…

Natiq Cəfərli

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Endokrinoloq yaponların çox yaşama sirrini açıqlayıb

redaktor

Kreditin faiz dərəcəsi: Bölgələrdə faizlər niyə bu qədər yüksəkdir?

redaktor

İki həftə əvvəl 500 manata təklif olunurdu, indi 100 manata satılır (VİDEO)

admin