(Yazı KHAR Center-in “Avtoritar Rejimlər və Transregional Təsir Mexanizmləri” araşdırması çərçivəsində hazırlanıb.)
Giriş
XX əsrin sonlarına qədər Türkiyənin xarici siyasəti, əsasən, böyük dövlətlərdən gələn ciddi təhdidlər qarşısında Lozanna müqaviləsinin nailiyyətlərini qorumağa istiqamətlənmişdi. Bu səbəbdən Türkiyə uzun müddət status-kvonun tərəfdarı olan ölkə kimi çıxış edir, qonşu dövlətlərlə münasibətləri əsasən geniş geosiyasi qarşıdurmalarda tutduğu mövqe ilə formalaşırdı (Zürcher, 2017).
Lakin Soyuq müharibənin başa çatmasının ardınca Türkiyənin iqtisadi, hərbi və diplomatik gücünün artması ilə vəziyyət dəyişdi. İndi Ankara xarici siyasətini yalnız mövcud nizamı qorumağa deyil, həm də artan təsir imkanlarına uyğun olaraq regional düzəni yenidən formalaşdırmağa yönəltdi (Öniş & Yılmaz 2009). Bu istiqamətdəki səylərin xarakteri və onların qonşu dövlətlər tərəfindən qəbul olunma forması gələcəkdə Türkiyənin ABŞ və Avropa ilə münasibətlərini müəyyənləşdirən əsas amillərdən birinə çevriləcək. Hakimiyyətdə hansı qüvvə olursa-olsun, Türkiyənin yeni dinamizmi gərginlik mənbəyi olaraq qalacaq. Lakin düzgün idarə olunsa, bu dinamizm Türkiyə ilə Qərb arasında qalıcı bir parçalanmaya gətirib çıxarmaya da bilər (Marc Pierini, 2020).
Hazırda Türkiyənin Qərb müttəfiqləri ilə münasibəti “artan gərginlik” halındadır və Ankara beynəlxalq arenada revizionist güc kimi görünməyə çalışır. Bu, onun regional siyasətində dövri olaraq meydana gələn yaxınlaşmalarla bərabər, zaman-zaman baş verən kəskin münaqişələri də açıq şəkildə ortaya qoyur (Larrabee & Lesser 2003). Ona görə də Ankaranın atdığı ziqzaqlı addımları diqqətlə izləməyin, həmçinin onların uzunmüddətli təsirlərini anlamağın önəmi hazırda daha da artıb.
Khar Centerin bu analizinin məqsədi Türkiyənin qlobal siyasi ambisiyalarını və onun xarici siyasətində strateji muxtariyyət oyununu araşdırmaqdır.
Yazının əsas sualı Türkiyənin siyasi-iqtisadi, ideoloji resurslarının onun qlobal siyasi ambisiyaları ilə nə dərəcədə uzlaşıb uzlaşmamasıdır.
Coğrafi körpü: Şərqlə Qərb, Şimalla Cənub arasında

Türkiyə siyasi-coğrafi baxımdan bir çox regionla bağlıdır: Avropa Birliyi ilə həmsərhəddir; Qara dənizin qarşı tərəfində Ukrayna və Rusiya var; şimal-şərqində Cənubi Qafqaz yerləşir və Yaxın Şərqlə qonşudur; Aralıq dənizi vasitəsilə də Şimali Afrika ilə əlaqəlidir.
Bu coğrafi mövqe Türkiyə xarici siyasətinin əsas xüsusiyyətinə çevrilib. Həmin xüsusiyyət Rəcəb Tayyib Ərdoğanın hakimiyyəti dövründə xüsusilə güclənib. 2002-ci ildə iqtidara gələn Ərdoğan indi prezident kimi hələ də hakimiyyətdədir. O, ölkə daxilində müxalifəti məhkəmələr vasitəsilə sıxışdırsa da və etirazları dağıtmaqda ittiham olunsa da, xarici siyasətdə aktiv və iddialı xətt yürüdür (Tugal, 2016a).
Somalidə türk əsgərlərinin təlim keçdiyi hərbi baza Türkiyənin xaricdəki ən böyük hərbi məntəqəsidir. Bu, Ankaranın artan qlobal ambisiyalarının sadəcə bir nümunəsidir.
Türkiyə öz coğrafi mövqeyi ilə Avropa, Asiya və Afrikanın kəsişməsində dayanır. Bu unikallıq ölkəyə həm üstünlüklər, həm də çətinliklər qazandırır. Yerləşdiyi coğrafi mövqe ona 3 qitəyə çıxış imkanı verməklə bərabər, həm də Qafqazın, Yaxın Şərqin, Qara dənizin potensial və qaynar müharibələrinin içinə çəkir (Philip Robins,2004).
Strateji muxtariyyət (Strategic Autonomy) oyunu: ideoloji və siyasi dayaq nöqtələri
Strateji muxtariyyət Türkiyənin xarici siyasətində əsasən çoxvektorlu strategiyanı ehtiva edir. Bu yanaşma illər ərzində müxtəlif siyasətlərdə özünü göstərdi, akedemik şəkildə isə keçmiş baş nazir Əhməd Davudoğlunun “Strateji dərinlik” doktrinasında formalaşdı (Davutoğlu, A. 2001a). Qlobal inkişaf və ənənəvi beynəlxalq təhlükəsizlik sistemindəki sınmalar bu yanaşmanı, Ərdoğanın “Türkiyə əsri” şüarının əsas komponentlərindən birinə çevirib. İstər NATO üzvü kimi Türkiyənin rolu, istər ABŞ və AB ilə münasibətləri, istərsə də Çin və Rusiya ilə iqtisadi tərəfdaşlıqları – bütün bunlar Türkiyənin strateji muxtariyyət axtarışının geniş miqyasını göstərir (Altunişik, M. 2020). Bu axtarış mərhələli şəkildə baş verib, beynəlxalq, regional və daxili müstəvidəki avtoritarlaşma ilə bərabər irəliləyib.
XXI əsrdə beynəlxalq miqyasda çoxqütblülüyə keçid – BRICS ölkələrinin (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika) siyasi-iqtisadi yüksəlişi ilə sürətlənib və beynəlxalq güc balansını daha qeyri-müəyyən və mürəkkəb hala gətirib.
2007–2008-ci illər maliyyə böhranı Qərb iqtisadi institutlarının effektsizliyini ortaya qoyaraq Asiya İnfrastruktur İnvestisiya Bankı kimi yeni institutların meydana çıxmasına zəmin yaratdı. Bundan əlavə, beynəlxalq qaydaların və insan haqları normalarının təkrar-təkrar pozulması qarşısında ABŞ və AB-nin ya qeyri-adekvat, ya da seçimli yanaşması digər dövlətləri öz maraqlarını kollektiv təhlükəsizlikdən önə çıxarmağa sövq etdi (Amitav Acharya, 2017).
Ankaranın prizmasından baxanda qlobal nizamın bu qarışıqlığının əsasında ABŞ və AB-nin müəyyən regionlardakı rolunun zəifləməsi dayanır. ABŞ-ın 2021-ci ildə öz təşəbbüsü ilə Əfqanıstandan çıxması bu zəifləmənin əlamətidir. ABŞ-ın geri çəkilməsi və ya Asiyaya yönəlməsi ilə yaranan “güc boşluğu” dəyişən konfiqurasiyasının başqa bir göstəricisidir. Belə qlobal fon qarşısında Türkiyə siyasətçiləri artıq özlərini ABŞ-ın rəhbərlik etdiyi Qərb gündəminə o qədər də bağlı hiss etmirlər. NATO üzvü olmasına baxmayaraq, Türkiyə Rusiya və Çin də daxil olmaqla Qərbdən kənar tərəfdaşlarının siyahısını genişləndirməyə davam edir. Dəyərlərin bu yenidən gözdən keçirilməsi həm də ABŞ və AB ilə ikitərəfli münasibətlərdə yığılan məyusluqlar fonunda baş verir (Senem Aydın-Düzgit, Mustafa Kutlay & E. Fuat Keyman , 2025).
ABŞ-ın İŞİD-lə mübarizədə Kürd Demokratik Birlik Partiyası (PYD) ilə əməkdaşlığa yönəlməsindən sonra Vaşinqtonla fikir ayrılığı xüsusilə kəskinləşib. Bu amil və ABŞ-ın 2016-cı ildəki çevriliş cəhdindən sonrakı dövrdə Gülən hərəkatıyla bağlı Ankaranın narazılıqlarını nəzərə almaması Türkiyə rəhbərliyi və ictimaiyyətindəki məyusluğu daha da artırdı. Alman Marşal Fondunun “Transatlantic Trends 2022” sorğusuna görə, Türkiyə vətəndaşlarının 67 faizi ABŞ-ın beynəlxalq arenada mənfi rol oynadığını düşünür. Uğursuz üzvlük prosesi sonrası AB ilə münasibətlərin gərginləşməsi də Türkiyədə antiqərb ovqatını bir az da qidalandırdı. AB Türkiyəni “imtiyazlı tərəfdaş” kimi qəbul edərək onu, faktiki olaraq, Avropanın “daxili üzvü” saymadı. İkitərəfli münasibətlərdə dönüş nöqtəsi Kiprin AB-yə üzvlüyü və adanın siyasi bölünməsi ilə bağlı problemin həll edilməməsi oldu. Bu qədər siyasi problemin cəmi son illərdə AB–Türkiyə münasibətlərini tranzaksiyaya əsaslanan əməkdaşlıq çərçivəsinə saldı (GMF, 2022).
Əslində Türkiyədə antiqərb ovqatının tarixi xeyli keçmişə dayanır. Mövzunun üzərində çox dayanmadan qeyd edə bilərik ki, ABŞ ilə münasibətlərdə gərginliyin ilk işarələri 1960-cı illərdə özünü göstərməyə başladı. Kuba böhranı zamanı gərginliyi azaltmağa çalışan prezident Kennedinin sovet lideri Xruşşovla əldə etdiyi razılaşmada Ankaraya heç bir məlumat vermədən Türkiyədə yerləşdirilmiş nüvə başlıqlı “Jupiter” raketlərini geri çəkməyi öhdəsinə götürməsi soyuq duş təsiri yaratdı. İki il sonra isə prezident Conson baş nazir İnönüyə yazdığı məktubda Türkiyənin Kiprə müdaxiləyə hazırlaşmasından narazılığını bildirir, müdaxilə zamanı ABŞ silahlarından istifadəni qadağan edirdi. Üstəlik, bildirirdi ki, əgər bu müdaxilə SSRİ-nin Türkiyəyə hücumuna səbəb olsa, NATO işə qarışmayacaq. “Conson məktubu” iki ölkə arasındakı münasibətlərə uzun müddət unudulmayan zərbə vurdu. Ortaya çıxan bu ABŞ əleyhdarlığı türk toplumunun avrointeqrasiya hərəkatına da şübhə ilə yanaşmasına səbəb oldu və ümumilikdə Qərb əleyhdarlığına çevrildi (William Hale, 2013a). Bu səbəbdən də 2016-cı ildə baş verən çevriliş cəhdi vaxtı nə Ağ Evin davranışı, nə də Türkiyədə antiamerikanizmin bir az da yüksəlməsi sürpriz deyildi.
Türkiyə tarixən NATO üzvü və AB-yə namizəd ölkə olaraq Qərb blokuna yaxınlaşmağa cəhd edib. İndi isə strateji muxtariyyət siyasətini qəbul edərək açıq şəkildə qlobal güclər arasında tərəddüd edir. Ənənəvi beynəlxalq təhlükəsizlik sisteminin çökdüyü indiki zamanda və ehtimal olunan “postqərb” dünya nizamında Türkiyə özünü yeni güc qütblərindən birinin aparıcı üzvü kimi formalaşdırmağa çalışır (Mustafa Kutlay, Ziya Öniş, 2021).
Qeyd etmək lazımdır ki, çoxqütblülüyün yaratdığı qeyri-sabitlik təhlükəsizlik yönümlü düşüncəni gücləndirir. Türkiyənin beynəlxalq sistemdəki davranışını formalaşdıran xüsusi strateji baxış da əsasən təhlükəsizlik diskursundan qaynaqlanır. Bu, 100 illik “xaricdən parçalanma” qorxusu – yəni “Sevr sindromu” – ilə bağlıdır.
Ərəb üsyanları, parçalanmış bölgə dövlətləri, vətəndaş müharibələri Türkiyə sərhədlərində proksi münaqişələr buraxaraq bu qorxunu daha da gücləndirib. Şərqi Aralıq dənizində akvatoriyalar, xüsusi iqtisadi zonalar və qaz resursları üzərində münaqişə də oxşar təcrid hissini qidalandırır. 2019-cu ildə Liviya Milli Razılıq Hökuməti ilə imzalanmış sərhəd razılaşmasını da Türkiyənin Şərqi Aralıq dənizi Qaz Forumundan kənarda saxlanması ilə formalaşmış “diplomatik mühasirə” hissini nəzərə almadan izah etmək mümkün deyil (Aaron Stein, 2022a).
Beləliklə, strateji muxtariyyətin mahiyyətində irredentist və ekspansionist motivlər deyil, status-kvonu dəyişdirən regional və qlobal proseslərə məcburi reaksiya dayanır.
Daxili siyasətdə isə strateji muxtariyyət narrativi seçiciləri “bayraq ətrafında” toplamaq üçün faydalı alətə çevrilib. Ərdoğanın antiqərb ritorikası həm avrasiyaçılar, həm də islamçılar arasında populyardır. Hətta qərb həyat tərzini mənimsəmiş solçu elektorat belə özünün ənənəvi antiqərb narrativi ilə bu konteksdə Ərdoğanın siyasi taktikasının predmetinə çevrilirlər.
Ərdoğanın Qərbi ikili standartlara görə tənqid etməsi və HƏMAS-a qarşı müharibədə İsraili “soyqırım” törətməkdə günahlandırması da bunu göstərir. Bu siyasi ritorika Ərdoğanın özünü qlobal islam ümmətinin lideri kimi təqdim etmək cəhdidir. AB-ni islamofobiyada ittiham etmək, Ərəb baharından sonrakı Yaxın Şərqdə “Müsəlman qardaşları” ilə əlaqələri möhkəmləndirmək, Somali kimi müsəlman əhalisi çoxluq təşkil edən Afrika ölkələrinə inkişaf yardımı və hərbi dəstək göndərmək bu iddianın görünən təzahürlərindəndir (Ali Balcı, 2024).
Strateji muxtariyyət ritorikasını tamamlayan başqa bir xətt isə populist texno-millətçi ritorikadır. Ərdoğanın 2023 prezident seçkiləri kampaniyasında ölkənin müdafiə sənayesində əldə olunan nailiyyətlərə tez-tez toxunması diqqətəlayiq idi. O, təbliğat çərçivəsində milli döyüş təyyarəsi KAAN, donanmanın ən böyük gəmisi “TCG Anadolu” və qırıcı pilotsuz uçuş aparatı “Kızılelma” kimi layihələrin təqdimat mərasimlərində şəxsən iştirak etdi (Can Kasapoğlu and Sine Özkaraşahin, 2024).
Xarici siyasətdəki sərt manevrlərini milli kimlik və maraqların ifadəsi kimi təqdim edən Ərdoğan daxili müxalifəti “antimilli” kimi damğalaya bildi. Maraqlıdır ki, Türkiyənin siyasi müxalifəti bu çərçivəyə qarşı təsirli cavab hazırlamaqda aciz qalıb. Çox vaxt onlar da təhlükəsizlik yönümlü xarici siyasət narrativinin əsirinə çevriliblər (Tugal, 2016b). Daha doğrusu, cəmiyyətin əhvalı onları buna sövq edir. Əlbəttə, burada ölkənin çəkindirici gücünün artırılması və müdafiə sənayesinin inkişafı faktorunu gözardı etmək mümkün deyil. Ancaq bu faktor hakim ailənin iqtisadi-siyasi monopoliyasının artması ilə yanaşı dəyərləndirilməlidir. “Bayraktar” şirkətinin novatorluğundakı bütün müdafiə sənayesi faktiki olaraq Ərdoğanın ailə biznesinin əsasını təşkil edir. Teknofestlər və s. vasitəsilə həyata keçirilən meqalayihələr həm də ailənin üzvü Səlçuk Bayraktarı siyasi olaraq böyütmə cəhdləridir (Aaron Stein,2022b).
Güc Resursları
85 milyonluq gənc əhali, güclü sənaye və ABŞ-dan sonra NATO-nun ikinci ən böyük ordusu Türkiyəyə zatən regional güc statusu qazandırır. 350 mindən çox aktiv hərbçi ilə Türkiyə həm Avropada, həm də Yaxın Şərqdə ciddi oyunçudur (IISS, 2023).
Son dövrlərə qədər Türkiyə gücünü göstərmək üçün əsasən ticarətə, diplomatiyaya və Avropa ilə Yaxın Şərq arasında yerləşən mühüm coğrafi mövqeyinə arxalanırdı. Lakin 2011-ci ildə başlayan Ərəb baharı üsyanlarının yaratdığı on illik qeyri-sabitlik fonunda Ankara özünü həm təhdidlərdən qorumaq, həm də qlobal gücə çevrilmək arzularına çatmaq üçün sərt güc yanaşmasına keçdi.
Türkiyənin mürəkkəb coğrafi mövqeyi – Avropa ilə Asiya, Qara dənizlə Aralıq dənizi arasında yerləşməsi – onu eyni zamanda bir neçə coğrafi, siyasi və mədəni geosiyasi mühitin mərkəzinə qoyur. Belə vəziyyət ölkənin daxili, xarici və müdafiə siyasətinə güclü təsir göstərir və Ankaranı qonşuluğunda yaranan təhlükəsizlik təhdidlərinə qarşı son dərəcə həssas edir (Fulya Hisarlıoğlu, 2022).
Ənənəvi yanaşmaya görə, Türkiyənin coğrafiyası Şərqlə Qərb arasında körpü kimi ona divident qazandırır. Amma çox vaxt nəzərdən qaçırılan bir məqam var: həmin coğrafiya Türkiyəni həm də unikal çətinliklər və təhdidlər qarşısında qoyur. Bu da ölkənin ərazi bütövlüyü, təhlükəsizliyi və milli maraqları mövzusunu türk siyasi, təhlükəsizlik və müdafiə düşüncəsinin mərkəzinə çevirib. Bu çətinliklər Türkiyəni “güclü dövlət modeli”ni qəbul etməyə və sərt güc tətbiqini artırmağa vadar edir (William Hale, 2013b).
Türkiyə barədə beynəlxalq diskurs çox vaxt bu amilləri görməzdən gəlir. Nəticədə, Ankara “nə edir?” və ya “nə etməyə çalışır?” sualına cavab tapmaqla yanaşı, ən əsası, “niyə bunu edir?” və “son hədəfi nədir?” sualları cavabsız qalır.
Yumşaq gücdən sərt gücə keçid
XXI əsrin ilk onilliyində hakim Ədalət və İnkişaf Partiyası (AKP) hərbi idarəçiliyin zorla tətbiq etdiyi ənənəvi radikal sekulyarizmdən də, sərt dini dogmatizmdən də uzaqlaşaraq özünə orta yol tapa bildi. Onun demokratiya, sekulyarizm və islamı uzlaşdırmaq cəhdləri müasir, liberal iqtisadiyyata malik yüksələn bir ölkəyə beynəlxalq diqqəti cəlb edirdi. O dövrdə Türkiyə böyük yumşaq güc potensialı formalaşdırırdı və bu təcrübəsi bir “model” kimi təqdim olunurdu (Ihsan Yilmaz & Syaza Shukri, 2024).
Bu yumşaq güc üç əsas dayağa söykənirdi:
-
Demokratikləşmə təcrübəsi və islahatlar;
-
Artan ticarət, davamlı iqtisadi yüksəliş;
-
Vizioner, cəlbedici və aktiv xarici siyasət (sıfır problem siyasəti, yüksək səviyyəli siyasi dialoq, iqtisadi inteqrasiya və qarşılıqlı asılılıq, hər kəs üçün təhlükəsizlik, çoxmədəniyyətli birgəyaşayış) (Davutoğlu, 2001b).