Atalar deyib ki, “torpağa bax!” Biz necə baxırıq?
Azərbaycanın torpaqlarının 40-%-i şorandır. Bu kiçik Azərbaycan üçün çox böyük rəqəmdir. Qalanı da düzgün idarəçiliyin olmaması ucbatından məcazi mənada “şoranlaşıb”.
Bu yaxınlarda kənd təsərrüfatı ilə bağlı bir layihəyə cəlb edilmişdim. Bir neçə rayonda olduq. Gördüyüm bu oldu ki, əkinə və maldarlığa yararlı torpaqlar da düzgün bölüşdürülməyib.
Əkin sahələri minerallarını da itirib, gücünü də. Mal-qara üçün otlaq sahələri azalmaqdadır. Onları əkinçiliklə əvəzləməyə başlayıblar. Mal-qara təsərrüfatı kəndli üçün sərfəli sayılmır, xeyli xərci var, üzü astarından baha başa gəlir. Ona görə də əkinçiliyə meyllər artıb.
Əkinçilik də planlı şəkildə deyil.
Kənd təsərrüfatı üzrə ölkədə 300 aqropark var. Bu qədər aqroparkın fəaliyyət istiqaməti nədən ibarətdir? Onları açmaqda məqsəd nə olub? Niyə özünü doğrultmur? Suallar çoxdur. Hamısı da bağlanır qeyri-peşəkar idarçiliyə.
Azərbaycan bazarlarında gəlmə məhsullara üstünlük verirlər. Fermerlər bunu bazarın tələb və şərtləri ilə izah edirlər. Məsələn, gətirilmə xurma sortları yerli sortlardan daha tələbatlıdır, çünki ölçülərinə, rəng-rufuna görə alıcını daha çox cəlb edir. Bazarın tələb və şərtləri nədirsə, kənd təsərrüfatı da odur. Burda ekotəmiz məhsullardan danışmağa dəyməz.
Ağdaşda iki böyük meyvə plantasiyasına rast gəldim. Alma və xurma. Sahibləri iqlimdən şikayətlənirdilər. Amma səbəb yalnız iqlim deyil axı. Düzgün olmayan suvarılma, gübrələrin, dərmanların keyfiyyətsizliyini və izafi istifadəsini nəyin ayağına yazaq?
Vaxtilə kənd təsərrüfatı məhsulları adla idi. Məsələn: Xaçmaz pomidoru, Gədəbəy kartofu, Lənkəranın subtropik meyvələri, Sabirabad qarpızı, Naxçıvan əriyi, Zaqatala xurması və s. İndi bazarlarda İran qarpızı, Türkiyə əriyi, amerikan pomidor sortu və digərləri əksəriyyətdir.
Göyçaya da getmişdim. Nar plantasiyaları ola biləcək sahələrdə mebel hazırlanan ağaclar əkilmişdi. Bahalı idi. Əsas məsələ pul qazanmaqdır. Torpağı haqsız yerə incitmək, işgəncə vermək sonuncu sorğulanan mövzudur.
Adamın torpağa yazığı gəlir.
Kəndlərdə torpağa yad münasibət bir cür pisdir, şəhərə gəlirsən, daha pis münasibət görürsən. Şəhərdə torpaq yoxdur. Ya asfaltdr, ya da daş plitələr. Alimlər üzə çıxarıblar ki, xərçəng xəstəliyi asfalt çox olan ölkələrdə daha geniş yayılıb. Tədqiqatlar göstərib ki, asfaltdan ayrılan, xüsusilə də yay günəşi altında qızmış qaz halında ayrılmalar benzin və dizel mühərriklərinin tüstü qazlarından daha təhlükəlidir, ilk növbədə sağlamlığa çox zərərlidir. Temperatur 40°-ni keçəndə 12–25 karbon atomuna malik karbohidrogenlərin ayrılması iki dəfə artır. Bu maddələr kanserogen maddələrdir. İsti gündə asfalt 60 °C-ə qədər qıza bilər. Çox qızmar havalarda ayağınızın altındakı asfaltın yumşaldığını hiss etmisiz?
Havaların istiləşməsi, temperaturun artması insanların sayəsində təbiətdə qaçılmaz prosesə çevrilib. Bunun qarşısını həm də torpaq ala bilər. Torpaq isə azdır, hətta olanları da süni ot təbəqəsi ilə örtürlər. Torpaq nəfəs almır, torpaq təbiətə nəfəs vermir.
Fikir vermişəm ki, qarışqalar yoxa çıxıb. Torpaqda eşələnən böcəklər də yoxdur. Kəpənəklərdən isə danışmağa dəyməz. Çünki onlara – qarışqalara, dozanqurdlara, qırxayaqlara, parabüzənlərə, kəpənəklərə, ilbizlərə, hətta hörümçəklərə və onlarla digər təbiəti yaşadan, torpağa gözəllik verən həşəratların özünə həmin nəfəsi qaytaran, onları yaşadan torpağın özü yoxdur.
Torpaq yoxdursa, günəşin istisi də udulmayacaq, qarın soyuğu mülayimləşməyəcək, havanın ekoloji tarazlığı qorunmayacaq, təbiət prosesləri tənzimlənməyəcək. Şəhərin vəhşi urbanizasiyası torpağı udub.
Pis torpaq yoxdur, pis sahiblər var. Biz pis sahiblərik. Amma torpaq həm də Vətəndir axı!