Siyasi fəaliyyəti ilə əlaqədar Azərbaycanda təqib olunan və nəticədə qonşu ölkə Gürcüstana sığınan “Hüquq və Azadlıqların Müdafiə İnstitutunun” rəhbəri Avtandil Məmmədov bəyanat verib.
Tacxeber.com olaraq bəyanatı olduğu kimi sizə təqdim edirik:
“Hüquq və Azadlıqların Müdafiə İnstitutunun fəaliyyətinin davamı ilə bağlı.
Hüquq və Azadlıqların Müdafiə İnstitutunun rəhbəri Avtandil Məmmədov hüquq müdafiə fəaliyyətini 11 il ərzində Azərbaycanda bir sıra QHT-lər çərçivəsində həyata keçirilmiş və əsasən insan hüquqlarının müdafiəsinə yönəlmişdir. Bu fəaliyyətlər səbəbilə hakimiyyətin təzyiq və təqiblərinə məruz qalmış, nəticədə 2017-ci ildə təhlükəsizlik məqsədilə Gürcüstana mühacirət etməyə məcbur olmuşdur.
Avtandil Məmmədovun Gürcüstanda fəaliyyətini davam etdirməyi Azərbaycan hakimiyyəti tərəfindən narahatlıqla qarşılanmış, bu səbəbdən Avtandil Məmmədov barəsində qondarma və həqiqətə uyğun olmayan ittihamlar irəli sürülərək 11 iyul 2018-ci il tarixində İnterpol vasitəsilə qırmızı bülletenlə beynəlxalq axtarış elan edilmişdir. Qeyd edək ki, bu axtarış Gürcüstanda Hüquq və Azadlıqların Müdafiə İnstitutunun rəsmi qeydiyyata alınmasından (29 iyun 2018) cəmi bir neçə gün sonra elan olunmuşdur ki, bu da məsələnin siyasi sifarişli xarakter daşıdığını göstərir.
Azərbaycanın tələbi əsasında “Hüquq və Azadlıqların Müdafiə İnstitutunun” rəhbəri Avtandil Məmmədov 17 iyun 2019-cu il tarixində Gürcüstanda saxlanılmış, lakin Gürcüstan məhkəmələri beynəlxalq hüquq normalarına əsaslanaraq ekstraditsiyanı mümkünsüz saymış və azadlığa buraxılmışdır.
Bütün təzyiqlərə baxmayaraq, Hüquq və Azadlıqların Müdafiə İnstitutu fəaliyyətini daxili imkanlar çərçivəsində davam etdirmiş, bu müddət ərzində 100-dən çox vətəndaşa hüquqi məsləhət göstərmiş, 50-dən artıq sosial həssas qruplardan olan şəxslərin hüquqlarının müdafiəsini təşkil etmişdir. 2022 və 2024-cü illərə kimi Təşkilatın nəzdində iki müstəqil komitə — “Sərhədsiz Təqiblər və Repressiya Qurbanlarının Müdafiə Komitəsi” və “Müstəqil Reportyorların Müdafiə Komitəsi” fəaliyyət göstərmişdir.
Təəssüflə bildiririk ki, Azərbaycan hakimiyyəti müxtəlif siyasi vasitələrdən istifadə etməklə təşkilatın fəaliyyətinə müdaxilə və əngəllər yaratmağa səy göstərilmişdir.
2024–2025-ci illər ərzində “Hüquq və Azadlıqların Müdafiə İnsitutuna” məxsus veb portal dəfələrlə kiber hücumlara məruz qalmış, xüsusilə xarici dillərdəki bölmələr sıradan çıxarılmış və bəzi beynəlxalq bəyanatlar silinmişdir.
Bütün bu çətinliklər və təzyiqlərə baxmayaraq, Hüquq və Azadlıqların Müdafiə İnstitutu fəaliyyətini şəxsi təşəbbüs və resursları çərçivəsində davam etməyə qərar vermişdir. Təşkilatın yenidən formalaşdırılması prosesi başlamış, veb portal isə yaxın günlərdə tam bərpa olunaraq ictimaiyyətin istifadəsinə veriləcəkdir.
Biz İnsan hüquqlarının müdafiəsi sahəsində fəaliyyətimizi daha da gücləndirərək davam etdirməyə sadiq qalırıq!”
“Hüquq və Azadlıqların Müdafiə İnstitutunun” direktoru