“Meydan TV işi” ilə bağlı həbs edilən jurnalist yazar “Arqument.az” saytının baş redaktoru Şəmşad Ağanın sentyabrın 1-də Xətai Rayon Məhkəməsindəki çıxışını təqdim edirik:
“Mən məhkəməyə ərizə ilə müraciət etmişdim ki, həbs-qətimkan tədbirinin uzadılması ilə bağlı prosesdə iştirak etmək istəmirəm. Həm siyasi sifarişə boyun əyən məhkəməyə etimadımın olmamasını, həm də səhhətimdəki problemləri əsas gətirərək prosesin vəkillərimin iştirakı ilə keçirilməsini istəmişdim, amma bu gün sentyabrın 1-də – doğum günümdə qəfil gəlib dedilər ki, məhkəməyə çıxırsan.
Maraqlıdır ki, avqustun 30-da müstəntiq təcridxanaya gəlib mənə 7 maddə üzrə ittiham elən edəndə həbs müddətimin daha 1 ay 1 gün uzadılacağını demişdi. Hələ məhkəmə prosesi keçirilmədən müstəntiqin artıq qərarı elan etməsi Azərbaycan məhkəmələrinin necə onurğasız bir qurum, hakimlərin isə siyasi qərar qarşısında necə müti və xaraktersiz olduğunu bir daha aydın ortaya qoydu. Mənə verilən ittihamın absurd olduğunu dəfələrlə sübut etmişəm. Hər dəfə proses uzadılanda mən və vəkillərim irəli sürülən ittihamla bağlı istintaqın heç bir maddi sübut ortaya qoymadığını deyirik. Yəni verilən maddə üzrə faktsız-sübutsuz həbsdə saxlanılıram.
Nəhayət, istintaq Amerikanı yenidən kəşf edərək və fikirlərimə cavab olaraq A4 formatında bir “faktura” sənədi “tapıb” ki, guya 2024-cü ildə Meydan TV mənə bir dəfə 1370 avro pul ödəyib. Sənəddə heç bir rəsmi təsdiq, möhür-filan da yoxdur. Bu əldəqayırma sənədi kompüterdə word proqramında işləməyi bacaran hər kəs düzəldə bilər. Özlərinin nəzarətində olan xətt və yazı ekspertizası da rəy verib ki, bu sənəddəki imza Şəmşad Ağayeva məxsus deyil, eyni zamanda imza “Meydan TV işi”ndə həbs edilən heç kəsə aid deyil. İşlə tanış olanda məlum oldu ki, bu sənəd “Meydan TV işi”ndə həbs edilən həmkarlarımın hamısına düzəldilib və ekspertiza imzaların onlara da aid olmadığına dair rəy verib. Demək, bu sənəd həbsimizlə bağlı qərar verən və onu icra edənlərin yeni uydurmasıdır. Əgər xətt və imza ekspertizası da təsdiq edirsə ki, bu kağız parçası bizə aid deyil, o zaman hansı maddi sübutdan söhbət gedir?
Bundan başqa, 2023-cü ilin yazından 2025-ci ilin fevralına, yəni həbs olunduğum günə qədər xaricdə olmamışamsa, 2024-cü ildə necə dəfələrlə xaricə gedib qaçaqmalçılıq etmişəm? Normal ölkələrdə belə bir ittihamla həbsi artırmaq üçün vəsatət verən müstəntiqi və bu vəsatəti müdafiə edən prokuroru hakim elə məhkəmə zalından Ruhi Dispanserə göndərər ki, görək bunların sağlıq durumu yerindədirmi? İndi təsəvvür edin ki, bu ittiham üzrə daha 6 maddə irəli sürülüb və 7 maddə ilə ittiham olunuram. Bu da o deməkdir ki, 7 ildən 12 ilə qədər həbs gözləyir məni. Bəli, bu, ölkə və məhkəmə hakimiyyəti adına utancdır. Heç Bəşər Əsəd Suriyasında belə biabırçılıq olmayıb, bəlkə də. Öncə “Toplum TV işi”ndə şahid kimi çağırıb, ölkədən çıxışıma qadağa qoydular, sonra “Meydan TV işi”ndə həbs etdilər. Demək, Meydan TV işində də həbs etməsəydilər, başqa bir iş düzəldib yenə də həbs edərdilər. Deməli, məqsəd nə olursa olsun, məni həbs etmək olub.
Mən hakim Rəfail Sadıqova “möhtərəm və cənab hakim” deyə müraciət etməyi özümə yaraşdırmıram. Siyasi qərar qarşısında müticə davranış göstərən, bu məhkəmənin gülünc personajına çevrilən biri “möhtərəm və cənab” kimi etiketlərə layiq deyil, çünki öz peşəsinə dəyər vermir.
İllər öncə təyinatla müəllim işlədiyim məktəbə İcra Hakimiyyətindən sovetdənqalma “yaz yoxlaması” gəlmişdi. Hər yaz mövsümündə keçirilən bu yoxlamalar əslində “pul yığma” yoxlaması idi. İcra Hakimiyyətinin rəsmisi sinifə girib şagirdlərlə normal davranmadığı üçün onu sinifdən çıxartdım. Dedim ki, 45 dəqiqə mənim səlahiyyətimdədir, zəngdən sonra nəyi istəsəniz yoxlaya bilərsiniz. Bunu ona görə etdim ki, peşəmə, şəxsiyyətimə, şəxsiyyət, vətəndaş yetişdirən müəllim kimi şagirdlərimə dəyər verirdim. Bunu ona görə deyirəm ki, indi hakimlər öz peşə və şəxsiyyətini adi bir əməliyyatçı, müstəntiq qarşısında dəyərsizləşdirib müti vəziyyətə düşürlər. Ona görə də həbsxanalar günahsız vətəndaşlarla dolub-daşır. Anlamırlar ki, bu mütilik milyonlarla insanın taleyi ilə oyun oynamağa gətirib çıxarır. Mən utanıram ki, ölkəmdə belə onurğasız məhkəmə sistemi və xaraktersiz hakimlər ordusu var. Siz – Rəfail Sadıqov da onlardan birisiniz. Biz ölkədəki qanunsuzluq və korrupsiyanın yaratdığı mənzərəni təsvir etdiyimiz üçün buradayıq. Bunu hər bir Azərbaycan vətəndaşı, elə sizlər də yaxşı bilirsiniz.
Yeri gəlmişkən, bu gün doğum günümdə məhkəmə qarşısına çıxarılmışam. Ona görə də çıxaracağınız istənilən ədalətsiz qərarı şəxsən İlham Əliyevin ad günümə hədiyyəsi kimi qiymətləndirirəm”.
Çıxışdan sonra müşavirəyə gedən hakim Şəmşad Ağanın həbs müddətinin 1 ay 1 gün uzadılmasına qərar verib.