07 sentyabr 2025-ci il tarixində Abşeron–Xızı Regional Mədəniyyət İdarəsi və Abşeron rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə 7–12 yaşlı uşaqların çəkdikləri rəsmlərdən ibarət “Mən təbiəti çəkirəm” adlı sərgi baş tutdu.
Sərgidə uşaqların təbiətə fərqli baxış bucaqları ilə yaratdıqları əsərlər nümayiş etdirildi. Tədbirə qatılan valideynlər və qonaqlar balaca rəssamların istedadını yaxından izləmək imkanı əldə etdilər. Tədbirin sonunda müxtəlif nominasiyalar üzrə uşaqlara sertifikatlar və hədiyyələr təqdim olundu.
Sərginin təşkilatçısı, rəssam–dizayner Fatimə Əhmədova, bu işə böyük sevgi və peşəkarlıqla yanaşaraq uşaqların ilk yaradıcılıq addımlarına dəstək oldu. O bildirib:
“Məqsədim uşaqların yaradıcılıq yönünü gücləndirmək, onları sərbəst düşünməyə və özlərini ifadə etməyə təşviq etməkdir. Valideyn dəstəyi bu prosesdə çox önəmlidir və uşaqların inamla irəliləməsinə böyük təsir göstərir.”
Fatimə xanım həmçinin vurğulayıb ki, dərslər mütəmadi olaraq davam edir və hazırda həftə sonları təşkil olunur. Gələcəkdə də belə sərgilərin keçirilməsi nəzərdə tutulur ki, daha çox uşaq yaradıcılıq imkanlarını cəmiyyətə nümayiş etdirə bilsin.
Qeyd edək ki, Fatimə Əhmədova yaradıcılıq dünyasında öz zövqü, estetik duyumu və incə yanaşması ilə seçilən bir rəssam–dizaynerdir. Onun təşəbbüsü ilə təşkil edilən bu sərgi yalnız uşaqların rəsm bacarıqlarının təqdimatı deyil, həm də onların daxili aləminin zənginliyini üzə çıxaran bir sənət bayramına çevrildi. Fatimə xanımın incəsənət sevgisi, gənc nəslə göstərdiyi qayğı və diqqət, onu pedaqoq kimi də xüsusi fərqləndirir.
Beləliklə, “Mən təbiəti çəkirəm” sərgisi balaca rəssamların yaradıcılıq potensialının tanınmasına, onların gələcək uğurlarına aparan yolun başlanğıcına çevrildi. Bu yolda Fatimə Əhmədovanın əməyini xüsusilə qeyd etmək gərəkdir – çünki o, uşaqlara yalnız rəsm öyrətmir, həm də onların xəyal gücünə qanad verir.