CəmiyyətGündəmHadisə

Müəllim, salam. Biz də buradayıq. Tək deyilsiniz.

Əhməd Muxtarı bir neçə il öncə qoşulduğum vizual kommunikasiyalar təlimində tanımışdım. O, bizə foto-jurnalistikadan dərs keçirdi.

Bu təlimə qədər mən əsasən videoreportajlarla məşğul idim. Onda belə bir imkanım yarandı ki, özümü foto reportajda da sınayım.

Əhməd Muxtar mənim müəllimim idi. Foto çəkməyin bütün qızıl qaydalarını ondan öyrəndim. Danışdığım hekayəni təsirli və vizual cəhətdən daha dolğun göstərəcək fotonu necə çəkməliyəm? Keyfiyyətli foto üçün kameranın parametrləri necə tənzimlənməlidir? Əhməd hamısını böyük həvəslə izah edirdi. Ona qulaq asdıqca elə bilirdim ki, yeni nəsə öyrənmirəm, nə vaxtsa mənə məlum olan bilikləri sadəcə xatırlamağa çalışıram.

Əhməd Muxtar öyrətməyə xəsislik etməyən jurnalist idi. Öyrədirdi, ümidlə öyrədirdi.

Onun sayəsində ilk foto reportajımın ardınca – Şabran rayonunun Qazbabalı kəndinə içimdə bu işi illərdir görən peşəkarlara məxsus inamla getdim.

Paytaxt Bakıdan bir o qədər uzaq məsafədə yerləşməyən bu kənddə təhsil orta məktəbin dördüncü sinifinə qədər mövcud idi. Qazbabalı kəndinin uşaqları bu dörd ilin sonunda təhsillərini davam etdirə bilmirdilər. Kəndin kələ-kötür, enişi-yoxuşu bilinməyən yolları uşaqlara imkan vermirdi ki, uzaq-uzaq məsafələri qət edib, təhsil üçün başqa kənd məktəbinə getsinlər.

Həmin yollarda mənim getdiyim qış ayının qar və palçığında isə nəinki piyada, heç maşınla hərəkət etmək olmurdu. Foto reportaj həm bu uşaqların, həm də onlara könüllü müəlliməlik edən jurnalist Coşqun Eldaroğlunun hekayəsindən bəhs edirdi.

O gün kəndin ətəyindən ucqarınadək təxminən iki km-lik piyada yolu əlimdə kamera, çiynimdə ağır ştativlə qalxarkən müəllimimin də mənimlə yanaşı addımladığını hiss edirdim.

“İşığı azalt, açıq havadasan”, “rakursu dəyiş”, “gözlə, hə, indi çək”, – sanki bütün çəkiliş boyu məsləhət verirdi.

Həmin foto reportaj əntiqə alındı. Çünki, Əhməd Muxtar istedadlı və peşəkar fotojurnalist olmaqla yanaşı, həm də bacarıqlı müəllim idi. İnanıram ki, o qış onun təlimində iştirak edən hamının xatirində Əhməd məhz bu cür qaldı.

Əhməd Muxtarın həbs olunması xəbərini eşidəndə ağlımdan tək bir söz keçdi : “biabırçılıqdır”.

Əhməd Muxtarın cinayətkar olmadığına onu həbs edənlər də ən az mənim qədər əmindir.

Əhməd Muxtar sadəcə jurnalistdir. Onun adının yanına qoşulan istənilən cinayət ittihamı absurddur.

Yəqin ki, saxlanıldığı andan bəri ətrafını müşahidə edir və nə qədər yaxşı kadrı çəkə bilmədiyinə heyfslənir.

O, indi məni eşitmir. Amma yazıram, bəlkə oxuyar: “Müəllim, salam. Biz də buradayıq. Tək deyilsiniz.

Fatimə Mövlamlı

Bakı İstintaq Təcridxanası

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycanda əxlaqsızlığı təbliğ edən tiktokerlər saxlanıldı

redaktor

“Deyirdi, ata, nə qədər təhqir olar, Sahil Babayev…” – Xalq artisti nazirə “od püskürdü”

redaktor

Eldar Əzizov kimi bacarıqsız adamlar iqtidar tərəfindən də, xalq tərəfindən də normal qarşılanır.

admin