Dünyada daha çox insan xəbər istehlakını məhdudlaşdırmağa çalışır.
Tacxeber.com xəbər verir, Reuters İnstitutunun illik araşdırmasına görə, artıq 40% respondentlər xəbərləri qəsdən az izləyir.
2017-ci ildə bu göstərici 29% idi. Xüsusən Böyük Britaniya (46%) və ABŞ-da (42%) rəqəmlər daha yüksəkdir.
Əsas səbəb kimi xəbərlərin mənfi emosional təsiri, müharibə və fəlakət xəbərlərindən yaranan yorğunluq, həmçinin baş verənlər qarşısında gücsüzlük hissi göstərilir.
Bundan əlavə, informasiyanın çoxluğu və təkrarlanan, bəzən aqressiv təqdimat tərzi insanlarda narazılıq yaradır.
Mütəxəssislər qeyd edir ki, televiziyalar və sosial şəbəkələrdəki davamlı neqativ xəbər axını psixi sağlamlığa mənfi təsir edir. Tədqiqatlar göstərir ki, belə kontent stressi artırır və depressiya simptomlarını gücləndirir.
Həll yolu kimi şüurlu media istehlakı tövsiyə olunur: bildirişləri söndürmək, xəbərlərə sərf olunan vaxtı məhdudlaşdırmaq və yalnız etibarlı mənbələri seçmək. Araşdırmaçılar xəbər axınının tamamilə dayandırılmasının isə vətəndaş fəallığını azalda və sosial təcridə yol aça biləcəyini qeyd edirlər.