Azərbaycanda Formula 1 adı ilə keçirilən “ralli şousu” illərdir xalqın belinə yüklənmiş ən böyük talançılıq layihələrindən biri kimi qalır. Dövlət büdcəsindən, yəni xalqın cibindən çıxan vəsaitdən, milyonlarla manat bu yarışa xərclənir. Halbuki ölkədə ictimai nəqliyyat bərbad vəziyyətdədir, kəndlərin böyük hissəsi susuzluqdan əziyyət çəkir, yüzlərlə məktəb isə qəzalı binada fəaliyyət göstərir.
Hakimiyyətin “prestij layihəsi” adlandırdığı Formula 1, əslində, bir ailənin hobbi səviyyəsində saxladığı bir əyləncədir. Bu yarışa sərf edilən pullar, əslində, 11 milyon insanın gündəlik çörəyinə, dərmanına və azuqəsinə çevrilməli olduğu halda, göyə sovrulur. Paytaxt sakinləri isə hər dəfə eyni mənzərə ilə üz-üzə qalır: səhərlər bir neçə kilometrlik yolu 2-3 saata getmək, bağlanmış küçələrdə iflic olmuş həyat, əsəblə evə dönən minlərlə insan. Onların “sürət sevdası” xalqın səbrini yeyir.
İqtisadi əsaslandırmaya gəldikdə, rəsmi təbliğatda bu yarış guya turizmin inkişafına xidmət edən layihə kimi təqdim olunur. Amma beynəlxalq təcrübə göstərir ki, Formula 1 yalnız çox güclü turizm infrastrukturu, şəffaf idarəetmə və davamlı investisiya siyasəti olan ölkələrdə real iqtisadi fayda verə bilər. Azərbaycan kimi korrupsiya indeksi üzrə dünyanın ən geridə qalan ölkələrindən birində isə bu yarış yalnız dövlət büdcəsinə əlavə yük, xalq üçünsə sosial uçurumun dərinləşməsi deməkdir.
Şou bitdikdən sonra xalqa qalan nədir? Yalnız bağlanmış yollar, daha da ağırlaşan sosial problemlər və artan ədalətsizlik hissi. Formula 1-in Bakıda keçirilməsi nəticə etibarilə bir daha göstərir: ölkə vətəndaşlarının gündəlik həyatını yaxşılaşdırmaq deyil, hakimiyyət elitasının imic layihələri prioritet sayılır.