“Milli Məclisdə dəfələrlə çıxışlar edirdim ki, qanunvericilik sahəsindəki sözləri öz dilimizdə olan sözlərlə ifadə edək, əcnəbi dillərdən söz gətirməyin əleyhinə idim. Hətta bunu “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanununun tələbi də bu cürdür. Görürsən ki, xüsusən, hüquq, tibb və s. kimi sahələr lüğətimizə hədsiz dərəcədə lazımsız əcnəbi sözlər gətirirlər. Bəziləri də öz kök dilimizi lağa qoyurlar, üstdən aşağı baxırlar. Sanki bunlar bizim millətdən deyillər, bizim millətə nifrət edirlər. Çox ağrılı məsələdir”.
Bu sözləri Pravda.az-a açıqlamasında sabiq deputat Tahir Kərimli deyib.
T.Kərimli narazılıq edib ki, hüquqi şəxslər yaradılan zaman 99 faizi əcnəbi adlar qoyur: “Bakıda gəzəndə görürsən ki, milli restoran, mağaza adı yoxdur. Vaxtilə təklif etmişdim ki, paralel olaraq milli aylarımızın adlarını istifadə edək. Mənə nə qədər hücumlar oldu… Demirdim ki, ayların adı tam dəyişsin. Necə ki İran, Ukrayna, Çin, Yaponiya… Özünə hörmət edən heç bir millət aylarının adını dəyişməyib. Biz isə ancaq əcnəbi adlar işlədirik. Axı öz dilimizdə dədə-babadan ayların adları var: çillə, səpin, qora bişirən… Bu kimi adları qoymaq olardı, amma lağ etdilər. Məsələ qaldırdım ki, hər kəs çalışsın, öz övladına milli adlar qoysun. Bəsdir, başqa millətləri təqlid etdik, özgə millətlərə simpatik yanaşdıq, özümüzküləri isə aşağıladıq… Nəvələrimə milli ad qoymuşam. Nə çətin iş var? Ümumiyyətlə, Azərbaycanda yaşayan başqa milli azlıqda olan xalqlar da öz dillərində ad qoya bilərlər. Ancaq ərəb, fars, ingilis adlarına sitayiş edirik. Bu məsələdən nə vaxt qurtaracağıq? Vaxtilə Atatürk islahat keçirdi və qərar verdi ki, milliyətindən asılı olmayaraq bütün soyadlar türkcə olmalıdır. Buna görə də bu gün Türkiyədə hər kəs türk soyadı daşıyır. Bəzən ağlıma gəlir, imperativ qaydada “ov”, “yev” sonluqları ilə qurtarmırıq, ya da qurtarmaq istəmirik. Elə qəribə adlar qoyurlar, lüğət tərkibinə daxil edirlər ki… Həmişə gülüş, lağ hədəfinə çevrilir. Sentyabrın 3-də Vəhdət Partiyası dilçiliklə bağlı böyük konfrans keçirdi. Çıxışımda bu məsələni bildirdim. Dilçilik İnstitutunun rəhbərləri də orada idi. Hər şey bundan başlayır – millətin öz adı olar. Bizim adımız isə azərbaycanlıdır. Bu yaxınlarda yenə alimlərdən soruşdum ki, biz İranda yaşayan azərbaycanlılarla eyni millətik? Dedilər ki, bəli. Onlar da yaşadıqları yerə – Təbrizə, Ərdəbilə “Azərbaycan” deyirlər, biz də Bakıya, Şamaxıya. Eyni millətiksə, vətənimiz Azərbaycandırsa, necə ola bilir ki, bir millətin 70-80%-i özünə türk deyir, biz isə “azərbaycanlı”? Bu necə olur? Hamı da əsaslandırır ki, bu doğrudur. Birinci növbədə özümüzə hörmətimiz bundan başlayır ki, öz kökümüzə bağlı olaq”.