Rusiya şirkətləri ABŞ-ın sərtləşdirilmiş sanksiyaları fonunda Çin bankları vasitəsilə həyata keçirilən ödənişlərdə ciddi problemlərlə üzləşməkdə davam edir.
Tacxeber.comxəbər verir ki, bu barədə “Nornikel” şirkətinin vitse-prezidenti Anton Berlin “Reuters”ə açıqlamasında bildirib.
Onun sözlərinə görə, hər dəfə yeni sanksiya paketi elan olunduqda, hətta həmin tədbirlər birbaşa Rusiya məhsullarına və şirkətlərinə aid olmasa belə, Çin bankları 2–4 həftəlik fasilə götürür, sənədləri araşdırır və nəticədə ödənişlər “dondurulur”.
Berlindənin sözlərinə görə, Çin bankları rus şirkətləri üçün təhlükəsiz hesablar açmaqdan da imtina edir. Halbuki “Nornikel” istehsalının yarıdan çoxunu Asiyaya, əsasən də Çinə göndərir. Şirkət formal olaraq sanksiyalara düşməsə də, banklar və tərəfdaşlar getdikcə onu riskli müştəri kimi qiymətləndirir.
Vitse-prezident hesab edir ki, problemin həlli azı iki il çəkəcək və bunun üçün Rusiya ya gizliliyi yüksək səviyyədə təmin edən mexanizmlər yaratmalı, ya da Qərbdən asılı olmayan yeni beynəlxalq ödəniş sistemi formalaşdırmalıdır.
Rusiya Maliyyə Nazirliyi isə fərqli mövqedədir. Nazirliyin rəsmisi Aleksey Yakovlev Vladivostokda keçirilən Şərq İqtisadi Forumunda bildirib ki, “xarici ticarət davam edir, ödənişlər həyata keçirilir” və bu da Rusiya ilə tərəfdaş ölkələrin əməkdaşlıqda maraqlı olduğunu göstərir.
Moskvanın rəsmi qurumları problemi arxa plana atmağa çalışsa da, iş adamları Çin banklarının sanksiyalarla bağlı ehtiyatlı davranışından ciddi narazılıq edirlər.