Bir neçə gündür çinli xanım iqtisadçı Keyu Jin-in müəllifi olduğu “The New China Playbook” (2023) kitabını oxuyuram. Müəllimə Harvard məzunudur və əsərində Çini dünyaya daha aydın və başa düşülən formada izah etməyi hədəfləyir. Çini də qaldırır dağın başına, olsun. Ancaq mənim diqqətimi çəkən məqam onun Çinin iqtisadi inkişaf modeli ilə bağlı dedikləri oldu.
Müəllif qeyd edir ki, Çin iqtisadiyyatının motoru “iqtisadi desentralizasiya”-dır. Yəni ki, Çində bələdiyyə institutu, yerli idarəetmələr və onların iqtisadiyyatdakı rolu çox yüksəkdir. Qeyd edir ki, bələdiyyələr arasında sözün əsl mənasında rəqabət hakimdir. Rəqabətin motivi isə öz ərazilərində daha çox sərmayə cəlb etmək, daha çox yerli firma yaratmaq, bu firmalara dəstək vermək və iqtisadi artımı təşviq etməkdir.
Təsəvvür edin ki, bir şirkət sahibisiniz və işinizi böyütməyə çalışırsız. Bələdiyyə sədri özü gəlir sizinlə görüşür, işinizi qurmaq üçün az qala bütün bürokratik əngəlləri aradan qaldırır. Sizə çox ucuz ərazi verir, hətta ehtiyac varsa, sizə zamin durur ki, gedib bankdan kredit götürəsiz. Müəllif deyir ki, hətta xəstələnsəz, bələdiyyə sədri özü gəlib sizə baş çəkir, yemək gətirir. İşçilərinizin evlənməsini belə təşkil etməyə boyun olur. Məqsədi isə təkdir, yetər ki, onun sədri olduğu bələdiyyədə fəaliyyətiniz olsun, məhsul istehsal edin, məhsul satın.
Deyə bilərsiz ki, bələdiyyə sədrinin motivi nədir ki, bu qədər canfəşanlıq edir. Müəllifə görə, yerli bələdiyyələrdəki bütün proseslər Mərkəzi Komitə tərəfindən izlənilir. Vaxtaşırı hesabatlar hazırlanır. Bələdiyyə sədrləri də partiya üzvləridir və siyasi karyerada yüksəlmək üçün özlərini Mərkəzi Komitəyə işləri ilə göstərməyə can atırlar. Bu ağılla SSRİ-i vaxtındakı “pripiska” sistemini xatırladır. Lakin Çində vəziyyət fərqlidir.
Mərkəzi Komitə partiya daxilində “meritokratik” (hər kəsin bacarığına, biliyinə əsaslanan) sistem yarada bilib. Bələdiyyə sədrləri də bu sistemin ədalətli seçimə əsaslandığını, yalnız bacarıqla və real uğurla irəli gedə biləcəklərini başa düşürlər. Kiminsə qohumu olmaq, rüşvət, plan doldurma, tapşırıq kimi məsələlər burda keçmir. Bu da azad rəqabət üçün mühit formalaşdırır. Müəllif bu sistemi “mayor economy” adlandırır.
Müəllifin iddiası odur ki, “iqtisadi desentralizasiya” və Mərkəzi Komitənin yaratdığı “meritokratik” sistem Çin möcüzəsi deyilən anlayışın motorudur. Digər məsələlər də öz yerində təbii ki. İndi bir də Azərbaycanı təsəvvür edin. Sizcə bizdə bələdiyyə sədri iş qurmaq istəyən şirkət sahibinə nələr edərdi? Nələr istəyərdi?
Hərlənib fırlanıb eyni yerə gəlirik. İqtisadi inkişaf üçün bəzi təməl şərtlər təmin olunmalıdır. Çin nümunəsində bu “iqtisadi desentralizasiya”, “meritokratik” yanaşmadır. İnsanlar öz bacarıqları ilə harasa gələ biləcəklərinə inanmalıdır, sistem o güvəni verməlidir. Üstəlik, insanlar siyasi sistemin birbaşa iştirakçısı olmalıdır. Çox vaxt Daron Acemoğlunun tezislərinin Çin modeli ilə sıradan çıxarmağa çalışıldığını görürük. Kitabda isə Çinli müəllimə elə özü Acemoğluna istinad edir.