– Bu sammitin əsas fiquru Si Zinpin idi, nə Putin, nə Modi, nə də bir başqası.
– Ukrayna, Moldova və Gürcüstan istisna olmaqla, qalan hər birinin öz səbəbi olması səbəbli (məsələn, Azərbaycana investisiya, Mərkəzi Asiya ölkələrinə Rusiya basqısına qarşı Çin təhlükəsizlik çətiri lazım idi, Ermənistanın, Belarusun Putinin xeyrinə olmayan öz həqiqətləri var) Rusiyadan uzaqlaşmaq istəyən keçmiş sovet respublikalarının, Şimali Koreyanın, İranın əsas sponsoru Si Zinpindir, Putin yox.
– Rusiya zəifləmiş ölkədir və Ukrayna müharibəsində həlledici rol oynamır. ABŞ-dan sonra həlledici rolu olan ikinci ölkə varsa, o da Çinin özüdür.
– Çin Asiya regionunun və Afrikanın hegemonudur və hətta Amerika qitəsinə əli çatır.
Bu paraqraflar həm də Si Zinpinin Çin üçün görmək istədikləridir. Hələki…
Çin hələki fərdi qaydada solo oynaya bilmir, çünki bazarı qərbdədir. Ona görə də diktatorlar və avtoritarlar klubu yaradaraq onların vasitəsiylə oynayır, başqa sözlə desək, ilanı seyidəhməd əlilə tutur.
Amma…
Bu mənada bildiklərimizə yeni heç nə əlavə olunmadı. Əlavə oluna biləcək yeni məsələ
– zəifləmiş ABŞ idi. Bu vəziyyətə də Amerikanı Tramp salıb. Çin lideri üçün Pekin ansamblının əsas hədəfi o idi ki, dünyaya göstərsin ki, ABŞ zəifdir, onun prezidenti zəifdir. Buna da nail oldu. Tramp əlbəttə ki, Amerikanın dünyanın bir nömrəli güclü dövləti olduğunu, özünün dünyanın bir nömrəli güclü dövlətinin güclü prezidenti olduğunu göstərmək istəyir, amma… güc Ukrayna-Rusiya müharibəsində özünü göstərməli idi. Ukrayna müharibəsi ilk növbədə ABŞ-ın gücü olmalı idi.
Bəs Tramp nə etdi? İnauqurasiyasından üzü bəri 225 günün 66-nı qolf oynamaqla keçirdi, Rusiyaya, Ukraynaya münasibətdə gah nala-gah mıxa vurdu, mənasız tariflərlə baş aldatdı və… sözün həqiqi mənasında təlxəkliklə məşğul oldu. Nəticəsi də göz qabağında.
Qayıdaq əvvəldə yazdığım üç nöqtəli amma bağlayıcısına.
Çinin qlobal oyunçuya çevrilməsinin yolu özünün dediyi kimi, Ukrayna müharibəsinin davamıdır. Müharibənin bitəcəyi bütün hallarında Çin qlobal oyunçuya çevrilməsi yenə də şübhə doğurur. Rusiya uduzsa da, udsa da ona Çin lazım olmayacaq. Bunu Si Zinpin çox gözəl başa düşür.
Si Zinpin, Putin, Kim Çen In paradda “dost oyunu” oynadıqları bir vaxtda Tramp onlara salam göndərərək faktiki olaraq onları sui-qəsd hazırlamaqda ittiham etdi: “Siz orda ABŞ-a qarşı sui-qəsd hazırladığınız bir vaxtda mənim ən xoş arzularımı Vladimir Putinə və Kim Çen Ina çatdırın”.
Si Zinpin təcrid olunmuş iki diktatoru – Putini və Kim Çen Inı təcriddən çıxardı və paradda birini sol, digərini sağ tərəfində tutmaqla qərbə göstərməyə çalışdı ki, on illərlə iqtisadi sanksiyalarla Çinlə yaxşı münasibətləri olan ölkələrə, xüsusilə də özünün balası olan Şimali Koreyaya təsir və təzyiq edə bilməyəcəklər. Əlavə edim ki, Şimali Koreya Rusiyaya Ukraynada döyüşmək üçün əsgəri və silah yardımını məhz Çinin xeyir-duası ilə etmişdi.
Çin sammiti həm də onu göstərdi ki, iqtisadi sanksiyaların güclü, həlledici təsiri yoxdur, iqtisadi sanksiyalar artıq məğlubiyyətedici amil deyil .
O ki, qaldı 4 saat davam edən və Çinin müasir silah arsenalının nümayişinə, əlbəttə ki, nümayiş şok təəssüratı doğururdu. Lakin Çinin hərbi gücünün doğrudan da ən güclü güc olduğunu sınayan döyüş meydanları olmalıdır. Yalnız döyüş meydanlarında hərbi gücün nəzəriyyə yox, təcrübə olduğunu söyləmək olar. Odur ki, Çinin silah-sursatı, duruşu ilə sanki ağac udmuş əsgərləri müharibələrə qatılmayınca, təcrübədən keçməyincə, bunun reallığı da hələlik nağıldır. Çinə qarşı kimsə müharibə etməyənədək, Pekinin özünün də kiməsə qarşı müharibəyə girişməməsinədək (ki, bu da inandırıcı deyil) nümayiş olunan hərbi güc möhtəşəm nəzəriyyə olaraq qalacaq.