Dünyada istehsal olunan bütün təkərlərin təxminən 80%-i neftdən əldə edilən sintetik kauçukdan hazırlanır. Sintetik kauçukun tərkibi üçün lazım olan monomerlər (məsələn, butadien, stirol) istehsal etmək üçün neft emal edilir. Rezin birləşməsinə neft yağları əlavə edilir, onlar yumşaldıcı rolunu oynayır və təkərin xüsusiyyətlərinə təsir göstərir.
İndi deyəcəksiz bütün bunları nədən yazdım, deyim də: 2005-ci ildə ölkədə “Azərşin” ASC yaradılmışdı, güya, ölkədə şin istehsal edəcəkdi. Uzun illərdir ki, heç bir fəaliyyəti yoxdur, indi də məlumat yayıldı ki, oktyabrın 22-də tam bağlanır, ləğv edilir.
Halbuki, şin istehsalı üçün Azərbaycan nefti çox uyğundur, neftin emalından alınan materiallarla keyfiyyətli məhsul istehsal etmək olar.
Avtomobil həvəskarlarının çox bəyəndiyi təkər markası var – Pirelli, İtaliya istehsalıdır. Azərbaycan neftindən istehsal olunur, Bakıda satılan qiymətlərə baxın, təkər istehsalı kompyuter deyil, mikrocip deyil, qəliz texnologiya heç deyil, yaxşı, biz nə vaxta qədər italiyaya 1 barrel (159 litr) xam nefti 70 dollara, yəni litrini 44 sentə satıb, sonra həmin neftdən alınan şinin birini 500-800 manata, yəni, 300-500 dollar arası alacağıq?!
Ölkədə 2005-ci ildə “Azərşin” yaradıldı, işləyə bilmədi, indi bağlanır, Pirelli bir qırağa, ölkədə 1,2 mln. dan çox avtomobil var, deməli təqribən, 5 mln. təkər fırlanır, özümüz üçün də şin istehsal edə bilmirik. Bu iqtisadi sistem bitib, yenisinə keçid üçün isə ilk növbədə siyasi islahatlar vacibdir…