DünyaİdmanMaraqlı

“Superseriya-1972” – Yadigar Sadıqlı

SSRİ-də şaybalı hokkey İkinci Dünya Müharibəsinə qədər elə də populyar deyildi. İlk ölkə çempionatı yalnız müharibədən sonra, 1946-cı ildə keçirildi. Tezliklə bu oyun Moskva başda olmaqla bir sıra şimal şəhərlərində xeyli sevildi və ən populyar qış idman növünə çevrildi.

1954-cü ildən etibarən SSRİ yığma komandası beynəlxalq yarışlarda iştirak etməyə başladı. Həmin il İsveçdə keçirilən dünya və Avropa çempionatında (hokkey üzrə Avropa çempionatı dünya çempionatının nəzdində keçirilirdi) ilk dəfə iştirak edən sovet komandası gözlənilmədən hər iki turnirin qalibi oldu.

1950-1960-cı illərdə sovet komandası daha 8 dəfə dünya, 12 dəfə Avropa və 3 dəfə olimpiya çempionu titulunu qazandı (həmin dövrdə hokkey üzrə olimpiada turniri həm də dünya çempionatı sayılırdı). Bu uğurların arxasında sovet hokkeyçilərinin şəksiz ustalığı ilə yanaşı onların yalançı həvəskar statusu da önəmli rol oynayırdı.

Belə ki, Beynəlxalq Buz üzərində Hokkey Federasiyasının (İİHF) himayəsi altında keçirilən yarışlarda yalnız həvəskar idmançıların iştirakına icazə verilirdi. Peşəkar hokkeyçilər bu yarışlarda iştirak edə bilməzdilər. Sovet idmançıları (eləcə də digər sosialist ölkələrinin təmsilçiləri) isə de-yure peşəkar sayılmırdılar. Onlar idmanla guya işdən sonrakı asudə vaxtlarında məşğul olurlar. Məsələn, ÇSKA üzvləri hərbçi, dinamoçular isə milis işçisi sayılırdılar. “Spartak” həmkarlar ittifaqını təmsil edirdi. Əslində isə bu həvəskarlıq saxta idi.

Beləliklə, Kanada və ABŞ-n ən güclü hokkeyçiləri dünya çempionatlarında və olimpiadalarda iştirak edə bilmirdilər (halbuki başqa idman növlərində bu qayda yalnız olimpiadalara aid idi, məsələn, futbol üzrə dünya çempionatında peşəkarlar iştirak edirdilər), “həvəskar” sovet hokkeyçiləri isə iştirak edir və çempion olurdular.

Sovet komandasının xüsusən 1963-1969-cu illərdə bütün turnirlərdə qələbə qazanmasından təngə gələn kanadalılar İİHF-ə müraciət edərək qaydalarda dəyişiklik edilməsini istədilər. Axı növbəti çempionat Kanadada keçiriləcəkdi və ev sahibləri sonuncu dəfə 1961-ci ildə qazandıqları çempionluğa yenə qovuşmaq arzusunda idilər.

İİHF əvvəlcə kanadalıların istəyinə qismən müsbət yanaşdı. Hər komandaya öz tərkibinə 9 peşəkar idmançı qatmaq hüququ verildi. Üstəlik, dünya çempionatının başlanmasına 6 həftə qalmış peşəkar klubla müqaviləsinə son verən hokkeyçilər də turnirdə iştirak edə bilərdilər (əvvəllər həmin müddət 6 ay idi).

Amma bu qərar sonradan ləğv edildi. Qəzəblənən kanadalılar nəinki dünya çempionatını keçirməkdən, ümumiyyətlə iştirakdan imtina etdilər (1977-ci ilə qədər). Bunun əvəzinə onlar sovet komandasını, bir növ, duelə çağırdılar: ən güclü hokkeyçilərdən təşkil olunan SSRİ və Kanada yığmaları arasında bir neçə oyundan ibarət superseriya keçirməyi təklif etdilər.

Təklif, idman yarışlarına ciddi siyasi əhəmiyyət verən sovet rəhbərliyində fikir ayrılığı yaratdı. Kommunist partiyasında ikinci adam və əsas ideoloq sayılan Suslov məğlubiyyət ehtimalı səbəbindən əleyhinə çıxdı. Hokkeyi çox sevən partiya rəhbəri Brejnevdə isə azarkeş ehtirası siyasətçi ehtiyatına qalib gəldi. Məhz Brejnevin mövqeyi həlledici oldu və təklif qəbul edildi.

***

1972-ci ilin yazında tərəflər gələcək oyunların detallarını dəqiqləşdirdilər. Səkkiz oyun keçiriləcəkdi: dördü Kanadada, dördü SSRİ-də. Kanadadakı oyunları ABŞ-dan olan hakimlər, SSRİ-dəki oyunları isə avropalı hakimlər idarə edəcəkdi. Hər iki komandanın əsas forma rəngi qırmızı olduğundan qərara alındı ki, evdə oynayan komanda qırmızı, qonaqlar isə ağ geyinsin.

Uzun illər ABŞ və Kanada peşəkarları yeganə hokkey liqasında – Milli hokkey liqasında (NHL) çıxış edirdilər. Amma 1971-ci ildə Kanadada daha bir peşəkar hokkey liqası –Ümumdünya hokkey assosiasiyası (WHA) – yaradıldı. İki liqa arasında kəskin düşmənçilik hökm sürürdü.

NHL rəhbərləri WHA-da çıxış edən klublarla müqavilə imzalayan kanadalıların superseriyaya dəvət edilməsinin əleyhinə çıxdı. Buna görə də o zaman Kanada hokkeyinin ən parlaq ulduzu sayılan Bobbi Hall komandaya çağrılmadı. Hətta Kanadanın baş naziri Pyer Trüdonun (indiki baş nazirin atası) xahişi də nəticəsiz qaldı. Eyni səbəbdən bir sıra başqa tanınmış oyunçular da dəvət olunmadılar. Kanadalıların daha bir itkisi bütün dövrlərin ən yaxşı müdafiəçilərindən biri sayılan Bobbi Orrun zədə səbəbindən oyunlarda iştirak etməməsi oldu.

Sovet komandasında isə üçqat olimpiya çempionu (hokkey tarixində üçqat olimpiya çempionu olan cəmi 6 nəfərdən biri) Anatoli Firsov oyunlarda iştirak etmirdi. Bunun da səbəbi yığma komandanın yeni məşqçisi olan Vsevolod Bobrov idi. O, Firsovu 1972-ci ilin dünya çempionatına aparmamışdı. Həmin çempionatda SSRİ-nin 9 illik ardıcıl çempionluğuna son verildi. İndi Firsov Bobrovun məşqçi olduğu komandada oynamaq istəmirdi.

Sovet komandasının əvvəlki məşqçi dueti, Çernışev və Tarasov 1972-ci il olimpiadasında çempionluq qazansalar da, komandadan qovuldular. Səbəb o idi ki, turnirin son oyununda siyasi rəhbərlik Çexoslovakiya komandası ilə heç-heçə oynamağı tapşırmışdı. Bu halda SSRİ yenə çempion olurdu, sosialist Çexoslovakiya isə gümüş medal qazanacaqdı. Moskva bununla “Praqa baharı” zamanı hərbi müdaxiləyə görə SSRİ-yə kəskin münasibət bəsləyən çexoslovakların könlünü almaq istəyirdi. Amma məşqçilər tapşırığa qulaq asmadılar, komanda 5:2 hesabı ilə qalib gəldi, nəticədə ikinci yeri SSRİ-nin əsas düşməni olan ABŞ tutdu.

***

Sovet hokkeyçilərinin Kanadada ilk məşqinə ciddi maraq vardı. Qonaqların nə qədər köhnə forma geydiklərini görən kanadalılar xeyli heyrətləndilər. İdman ləvazimatları istehsal edən bir neçə şirkət sovet komandasına dərhal pulsuz, reklam məqsədilə konkilər, papaqlar, dizliklər, dirsəkliklər, hokkey ağacı, əlcəklər, köynək və şortik verdilər.

Kanadalılar qalib gələcəklərinə əmin idilər. Üstəlik, bütün səkkiz oyunu udacaqlarına inanırdılar. “The Hockey News” jurnalının keçirdiyi sorğuda iştirak edən ekspertlər SSRİ-nin bircə oyunda belə qalib gəlməsinin mümkünsüz oduğunu deyirdilər. Torontoda çıxan “The Globe and Mail” qəzetinin jurnalisti Dik Beddos da kanadalıların qalib gələcəyini yazır və deyirdi ki, əgər ruslar bircə oyunda qalib gəlsələr, məqaləsini xırda hissələrə bölərək borşa töküb yeyəcək.

Deyilənlərə görə, kanadalılar bir qədər də sovet məşqçisinin hiyləsinin qurbanı oldular. Belə ki, Bobrov yetirmələrinə məşq zamanı özlərini zəif göstərməyi tapşırmışdı. Hokkeyçilər də buz üzərində köntöy sürüşür, tez-tez yıxılır, qapıya zərbələrin çoxunu kənara vururdular. Dəqiq zərbələrin çoxunu isə qapıçı Tretyak buraxırdı.

Kanadalılar 20 yaşlı Tretyak haqqında ümumiyyətlə aşağı fikirdə idilər. Avqust ayında Moskvaya göndərdikləri nümayəndələr ÇSKA ilə Moskva şəhər yığmasının yoldaşlıq oyununa baxmışdılar. ÇSKA-nın qapıçısı olan Tretyak həmin oyunda 8 qol buraxdı. Kanadaya dönən nümayəndələr sovet komandasında ən zəif həlqənin qapıçı olduğunu söyləyirdilər. Tretyak isə həmin oyunda zəif çıxışını ağlının ertəsi gün baş tutacaq toyunda qalması ilə izah edəcək.

Ev sahiblərində bu əhval-ruhiyyə o qədər güclü idi ki, NHL tarixinin ən məşhur qapıçılarından biri olan Jak Plant ilk oyun öncəsi Tretyaka yaxınlaşıb ona bəzi kanadalı oyunçularla bağlı məsləhətlər verdi. Plant Kanadanın qalib gələcəyinə əmin idi və gənc qapıçının heç olmasa az qol buraxmasını, sarsıntı keçirməməsini istəyirdi.

Analoji əhval-ruhiyyədə olan təkcə kanadalılar deyildi. Sovet nümayəndə heyətinə başçılıq edən idman bürokratı Georgi Roqulski də həmvətənlərinin perspektivi haqqında yüksək fikirdə deyildi. Sovet hokkeyçisi Boris Mixaylov xatırlayır ki, Roqulski onlara verdiyi öyüd-nəsihətdə qələbə qazanmaqdan yox, ləyaqətlə uduzmaqdan bəhs edirdi.

***

Superseriyanın ilk oyunu sentyabrın 2-də Monrealın “Forum” zalında keçirildi. Oyundan əvvəl 18800 tamaşaçı bir-bir adları çəkilən kanadalı hokkeyçiləri gurultulu alqışlarla salamlayırdılar. Sovet hokkeyçiləri heç vaxt belə səs-küy görməmişdilər. Tretyak sonralar “Qordonun qonağı” verilişində etiraf edirdi ki, həmin anda dizləri əsirdi.

Yəqin ki, o biri sovet hokkeyçiləri də eyni əhvalda idilər və oyuna olduqca uğursuz başladılar. Bobbi Hallın yoxluğunda Kanadanın əsas hücumçusuna çevrilən Fil Espozito artıq 30-cu saniyədə hesabı açdı. 7-ci dəqiqədə Hendersonun zərbəsindən sonra hesab artıq 2:0 idi. Bu zaman arenadakı orqançı sovet hokkeyçilərini artıq basdırmaq lazım gəldiyinə işarə edərək dəfn marşı çaldı, tamaşaçılar bunu qəhqəhə ilə qarşıladılar.

Amma kanadalılar dəfn üçün bir az tələsmişdilər. Tezliklə vəziyyət dəyişdi. Zimin və Petrovun qollarından sonra komandalar ilk hissəni 2:2 hesabı ilə bitirdilər. Kanadalı azarkeşlər yüngül şok keçirsələr də, bunun təsadüf olduğuna əmin idilər. Ancaq təsadüf deyildi. İkinci hissə Xarlamovun iki qolundan sonra 2:4 hesabı ilə bitdi. Sonuncu hissədə qonaqların üç qoluna (Mixaylov, Zimin, Yakuşev) kanadalılar yalnız bir qolla (Klark) cavab verdilər və ilk oyunu 3:7 hesabı ilə uduzdular.

Məğlubiyyət kanadalılar üçün soyuq duş oldu və onlar özlərinə bərabər rəqiblə qarşılaşdıqlarını anladılar. Ev sahibləri o qədər məyus idilər ki, qonaqlar əl sıxmaq üçün onları meydançada gözləsələr də, görüşmədən soyunma otağına yollandılar. Dik Beddos isə Torontodakı sovet konsulluğunun qarşısına gələrək sözübütöv adam olduğunu sübut etdi. O, qəzetdə məqaləsi yazılan hissəni doğrayaraq borşa tökdü və yedi.

İkinci oyun sentyabrın 4-də elə Torontoda, “Maple Leaf Gardens” arenasında keçirildi. Ürəklənən Roqulski sovet hokkeyçilərinə bu dəfə “sizin uduzmağa haqqınız yoxdur” dedi. Amma yenə onun dediyinin əksi baş verdi. Hesab ikinci hissənin ortalarında açıldı, Fil Espozito fərqləndi. Sovet komandası üçüncü hissənin altıncı dəqiqəsində hesabı bərabərləşdirsə də (Yakuşev), kanadalılar daha üç qol (Kurnuaye, Piter Mahovliç və Frenk Mahovliç) vuraraq 4:1 hesabı ilə qələbə qazandılar və ümumi hesabı bərabərləşdirdilər.

Nə qədər əsaslı olduğunu indi söyləmək çətindir, amma bu oyundakı hakimlik sovet tərəfinin ciddi narazılığına səbəb oldu. Onlar həmin hakimlərin (Stiv Daulinq və Frenk Larsen) daha heç bir oyunu idarə etməməsini tələb etdilər. Kanada tərəfi bu istəklə razılaşdı və sonrakı iki oyunda da ilk oyunu idarə edənlər (Len Qanyon və Qord Li) hakimlik etdilər.

Vinnipeq şəhərində “Winnipeg Arena”da sentyabrın 6-da keçirilən üçüncü oyunun birinci hissəsində kanadalılar 2:1 hesabı ilə qalib gəldilər (Parize və Ratel; Petrov). İkinci hissədə Espozito hesab arasındakı fərqi bir az da artırdı – 3:1. Xarlamovun qoluna Henderson cavab verdi 4:2. Amma hissənin son 5 dəqiqəsində sovet idmançıları (Lebedev və Bodunov) hesabı bərabərləşdirdilər. Üçüncü hissədə qol vurulmadı və heç-heçə qeydə alındı 4:4

Kanadada son oyun sentyabrın 8-də Vankuverdə “Pacific Coliseum” arenasında keçirildi. İlk hissədə Mixaylov dubl etdi, 0:2. İkinci hissədə kanadalı Perro fərqi azaltsa da, Blinov və Vikulovun qollarından sonra hesab 1:4 oldu. Üçüncü hissədə kanadalılar iki (Qolsuorti və Dennis Hall), qonaqlar isə bir dəfə (Şadrin) fərqləndilər. Nəticədə SSRİ 5:3 hesabı ilə qalib gəldi və seriyada önə çıxdı: 2:1

Oyunun sonunda azarkeşlər kanadalı hokkeyçiləri fitə basırdılar. Fil Espozito televiziyaya müsahibəsində buna belə reaksiya verdi: “Biz buraya Kanadanı sevdiyimiz üçün gəlmişik. Onların yaxşı komandası var və mən bilmirəm, nəyi daha yaxşı edə bilərdik, amma söz verirəm ki, öhdəsindən gələcəyik. Mən çox məyusam, düşünürəm ki, azarkeşlərin bizi fitə basması ədalətli deyil”.

Fil Espozito məşhur müsahibəsini verir

Fil Espozito məşhur müsahibəsini verir

Bu oyunla superseriyanın Kanadı hissəsi başa çatdı. Tretyak 4 oyunun ikisində SSRİ heyətində ən yaxşı oyunçu seçilməklə kanadalıların onu barəsində nə qədər yanıldıqlarını ortaya qoydu. O, son oyunda qapısına endirilən 41 zərbədən 38-ni dəf etdi. Həmin vaxtdan etibarən Tretyak və Xarlamov kanadalı hokkey azarkeşlərinin idoluna çevrildilər.

***

Sovet komandasının Superseriyanın səfərdə keçirilən ilk yarısında 2:1 qalib gəlməsinin bir mənfi cəhəti vardı ki, indi hamı onlardan mütləq qələbə tələb edirdi. Bu isə əlavə psixoloji basqı yaradırdı.

Kanadalılar Moskvaya sentyabrın 20-də gəldilər. Peşəkar olduqlarına dünya çempionatları və olimpiya oyunlarında iştirak etmədiklərindən onların, demək olar, hamısı ilk dəfə Şimali Amerikadan kənara çıxmışdılar. Həm də SSRİ elə-belə “kənar” deyildi, tamamilə başqa siyasi quruluşa malik ölkə, Fil Espozitonun dediyi kimi, “kommilər” idi.

Kanadalıların bir çoxu Moskvada təqib maniyasına mübtəla olmuşdular. Onlar güman edirdilər ki, haqqında qorxunc əfsanələr dolaşan KQB (Dövlət Təhlükəsizlik Komitəsi) tərəfindən izlənilirlər, otaqlarında dinləyici qurğular var. Ueyn Keşmen öz otağındakı güzgüdə dinləyici qurğu olduğundan şübhələnib divardan qoparmış və pəncərədən atmışdı. Buna görə, Keşmenin arvadı (kanadalılar arvadları və ya sevgililəri ilə gəlmişdilər) bəzənmək üçün qonşu otağa keçirdi.

Daha qrotesk hadisə Frenk Mahovliçin başına gəldi. Otağında dinləyici qurğu axtaran Mahovliç xalçanın altında döşəməyə dörd boltla bərkidilmiş bir qutu tapdı. Tələsik boltları açmağa başlayanda isə aşağı mərtəbədən dəhşətli bir gurultu qopdu. Sən demə, aşağıdakı konfrans zalının böyük çilçırağı həmin boltlardan asılıbmış. Kanadalılar sınan çilçırağa görə 3850 dollar ödədilər ki, bu da o zamanın kursu ilə indikindən dəfələrlə böyük məbləğ idi.

Kanadalılar özləri ilə xeyli ərzaq gətirmişdilər. Bunların arasında pivə və steyk hazırlamaq üçün iri ət parçaları vardı. Onlar “İnturist”də sovet reallığının bir hissəsi ilə – aşpazların qida rasionundan kəsməsi ilə – rastlaşanda xeyli təəccübləndilər. Steyklər xeyli kiçik görünürdü. Bir-iki gündən sonra pivələrin yoxa çıxması isə qonaqları lap qəzəbləndirdi.

***

SSRİ-də böyük hokkey arenaları çox deyildi, bütün oyunlar Moskvada, 15 min tamaşaçı tutan “Lujniki” idman sarayında keçirildi. Hər oyunda 3 min yer Kanadadan gələn azarkeşlər üçün ayrıldı. 12 min bilet isə partiya, sovet orqanları, müəssisələr tərəfindən paylanıldı. Əhəmiyyətsiz görünən bu detal komandanı dəstəkləmə keyfiyyətinə ciddi təsir göstərdi. Belə ki, biletlər adətən vəzifəli adamlara nəsib olurdu və onlar da oyun zamanı özlərini “ağır” aparırdılar. Nəticədə 3 min kanadalı azarkeş öz komandalarını 12 min sovet azarkeşindən daha çılğın dəstəkləyirdi.

Moskvada ilk, superseriyada beşinci oyun sentyabrın 22-də başladı. Şərəf lojasında Kommunist partiyasının Baş katibi Leonid Brejnev, Nazirlər sovetinin sədri Aleksey Kosıgin, Ali Sovetin Rəyasət Heyətinin sədri Nikolay Podqornıy, müdafiə naziri Andrey Qreçko və başqaları vardı.

Oyunun çox hissəsi kanadalıları üstünlüyü ilə keçdi. İkinci hissədən sonra hesab 0:3 idi (Parize, Klark, Henderson). İkinci hissənin əvvəllərində komandalar hərəyə bir dəfə fərqləndilər (Blinov və Henderson). 1:4 hesabı üçüncü hissənin ortalarına qədər davam etdi. Kanadalıların qalib gələcəyinə artıq çox az adam şübhə edirdi. Amma 50-ci dəqiqədə sovetlər 8 saniyə ərzində iki qol vurdular. Telekanallar Anisinin vurduğu ilk qolun təkrarını göstərdiyindən ikinci qol zamanı Şadrinin yalnız son zərbəsi göstərildi.

Bu iki qol kanadalıların psixoloji durumunu sarsıtdı və onlar toparlana bilmədilər. Sonrakı 5 dəqiqə ərzində sovet hokkeyçiləri daha iki qol vurdular (Qusev, Vikulov) və hesabda irəli çıxdılar – 5:4. Qalan vaxt ərzində hesab dəyişmədi, seriyada hesab 3:1 oldu. İndi yekun qələbə üçün sovet hokkeyçilərinə qalan üç oyunda bir qələbə lazım idi.

Altıncı oyunda nə birinci, nə üçüncü hissələrdə qol vurulmadı. Əsas hadisələr ikinci hissədə cərəyan etdi. Oyunun 22-ci dəqiqəsində Lyapkin sovet komandasını hesabda irəli çıxardı. Amma 26-27-ci dəqiqələrdə 83 saniyə ərzində qonaqlar üç qol vurdular (Hall, Kurnuaye, Henderson). Bu zaman ikinci və üçüncü qollar arasında cəmi 15 saniyə keçdi. 38-ci dəqiqədə Yakuşev hesabı 2:3 etdi, amma bundan sonra qol olmadı. Kanadalıların qapıçısı Ken Drayden çox yaxşı oynadı, qapısına endirilən 29 zərbədən 27-ni qaytardı.

Bu oyunda kanadalılar xüsusilə kobud oyun səgiləməyə başladılar. Onlar oyun boyu 31 dəqiqə cərimə olundular. Bunun 12 dəqiqəsi (2 dəqiqə azlıqda, 10 dəqiqə əvəz olunmaqla) Bobbi Klarkın payına düşür. O, ikinci hissədə sovetlərin ən yaxşı hücumçusu Xarlamovun topuğundan yuxarı, müdaiəsiz yerə zərbə endirdi. Zədələnən Xarlamov həmin oyunun qalan hissəsini, eləcə də növbəti oyunu buraxmalı oldu. Deyilənlərə görə, məşhur sovet şərhçisi Nikolay Ozerov məşhur “Bizə belə hokkey lazım deyil” (Такой хоккей нам не нужен) sözlərini məhz bu oyunda dedi. Bəzən isə superseriyanın səkkizinci oyununa aid edirlər.

Yeddinci oyunda hesabı Fil Espozito 5-ci dəqiqədə açdı. Yakuşev və Petrov ev sahiblərini irəli çıxarsa da, hissənin sonuna 2,5 dəqiqə qalarkən yenə də Fil hesabı bərabərləşdirdi. İkinci hissədə qol olmadı. Üçüncü hissədə Jilber və Yakuşevin qollarından sonra hesab 3:3 oldi. Amma Henderson sona 2 dəqiqə qalarkən Kanadaya qələbə qazandıran qolu verdu – 3:4. Oyun yenə kobudluqlarla yadda qaldı. SSRİ 14, Kanada 22 dəqiqə cərimələndi.

Kanada komandasında qapını növbə ilə Drayden və Toni Espozito (Filin kiçik qardaşı) qoruyurdular. Yeddinci oyunda növbə Toninin idi. O da Draydendən geri qalmaq istəməyərək oyunu yüksək səviyyədə keçirdi. İkinci və üçüncü hissələrdə xüsusən fərqləndi, qapısına vurulan 25 zərbənin 24-nü dəf etdi.

Son oyundan əvvəl hakimliklə bağlı tərəflər arasında mübahisə yaradı. Reqlamentə görə bu oyunu da altıncı oyundakı Qərbi almaniyalı hakimlər dueti idarə etməli idilər. Kanadalılar isə onların deyil, beş və yeddinci oyunları idarə edən çex və isveçli hakimlərin təyin olunmasını istəyirdilər.

Qonaqlar xatırladırdılar ki, Kanadada sovet tərəfinin analoji tələbinə anlayışla yanaşmışdılar. Ruslar isə eyni vəziyyətdə əks mövqe sərgilədilər. Kanadalılar son oyuna çıxmayacaqları ilə hədələyəndən sonra kompromis variant qəbul olundu. Tərəflərdən hər biri bir hakim seçdi. Kanadalılar çex Rudolf Batyanı, sovetlər isə alman Yozef Kompallanı seçdilər.

Yeddi oyundan sonra ümumi hesab bərabər idi – 3:3. Amma vurulan və buraxılan qollarn fərqi SSRİ-nin xeyrinə idi – 27-25. Buna görə də son oyunda onları heç-heçə də qane edirdi. Düzdür, bu, superseriyanın Moskva hissəsi öncəsi, xüsusən də beşinci oyundan sonra arzulanan qədər parlaq qələbə olmayacaqdı, amma son iki oyunda məğlubiyyətdən sonra buna da razılaşmaq olardı.

Nəhayət, sentyabrın 28-də superseriyanın olduqca dramatik alınan son görüşü baş tutdu. Bu oyuna maraq həddindən artıq böyük idi. SSRİ-də 50 milyondan artıq adamın baxdığı güman olunur. Bu da o zaman hər evdə televizorun olmadığı SSRİ üçün çox böyük rəqəm idi. Kanadada isə həyatın durduğu söylənilir, baxmayaraq ki, oyun iş günü və iş vaxtı (cümə axşamı və Kanada vaxtı ilə saat 12.00-də) keçirilirdi. O zamankı 22 milyonluq əhalisinin 16 milyonunun səkkizinci oyuna baxdığı iddia olunur.

Hesabı 4-cü dəqiqədə Yakuşev açdı, üç dəqiqə sonra Fil Espozito hesabı bərabərləşdirdi. Fasiləyə qədər hər komanda daha bir dəfə fərqləndi. Lutçenkonun qoluna Park cavab verdi və ilk hissə 2:2 hesabı ilə bitdi. İkinci hissə də bir müddət eyni ssenari ilə davam etdi. Şadrinin ilk saniyələrdə vurduğu qolun əvəzini on dəqiqə sonra Uayt çıxdı – 3:3. Amma qalan vaxt ərzində Yakuşev və Vasilyev fərqlənərək ev sahiblərini irəli çıxardılar – 5:3.

Qazandıqları üstünlük sovet komandasının əleyhinə işlədi. Onlar üçüncü hissəyə çıxarkən hesabı qorumağa köklənmişdilər. Kanadalıların isə itirməli bir şeyləri yox idi və var qüvvə ilə irəli atıldılar. Fil Espozito əvvəlcə 43-cü dəqiqədə hesab arasındakı fərqi minimuma endirdi. On dəqiqə sonra isə onun ötürməsindən sonra Kurnuaye hesabı bərabərləşdir – 5:5

Bu qoldan sonra böyük qalmaqal yaşandı. Hokkey qaydalarına görə vurulan qoldan sonra qapının arxasında qırmızı işıq yanmalıdır. Amma nədənsə yanmadı. Kanada hokkeyçilərinin həmkarlar ittifaqının sədri, superseriya ideyasının “xaç atası” Alan İqlson ehtiyat oyunçular üçün yeri tərk edərək meydançanın üzərindən qarşı tərəfə keçdi, burada oturan köməkçi hakimlərə etirazını bildirdi. Dərhal hadisə yerində peyda olan milislər (sovetdə polislər belə adladırdı) İqlsonu yaxalayaraq qollarını burdular. İqlson sonralar xatırlayırdı: “ Fikirləşdim ki, vəssalam, ömrümün axırına kimi sovet həbsxanasında qalacağam”.

Amma Kanada hokkeyçiləri İqlsonun müdafiəsinə yetişdilər. Onlar bortun yanında duraraq milisləri hokkey ağacı ilə vurmağa başladılar. NHL-in ən hündürboylu oyunçusu Pit Mahovliç isə bortu da aşaraq İqlsonu milislərin əlindən aldı. Haşiyə çıxım ki, sovet həbsxanası olmasa da, İqlson sonralar maliyyə maxinasiyaları ittihamı ilə bir neçə ay Kanada həbsxanasında yatdı və milyon dollar cərimə ödədi. Üstəlik, adı Hokkey şərəf zalından çıxarıldı.

Oyun bərpa edildikdə sovet komandasının hesabı qorumaq istəyi açıq-aşkar hiss olunur. Statistika da bunu açıq göstərir: əgər ilk iki hissədə onlar rəqib qapısına 22 (12+10) zərbə endirmişdilərsə, son hissədə bu rəqəm cəmi 5 idi. Kanadalılar isə qələbə qazanmaq üçün əllərindən gələni edirdilər. Fil Espozito karyerasının ən yaxşı hissəsini oynayırdı. O, hətta əvəzolunma vaxtı çatanda da meydançanı tərk etmirdi.

Bir aya yaxın davam edən, səkkiz oyundan ibarət epopeyanın kulminasiyası son dəqiqədə baş verdi. Sağ cinahdan Kurnuayenin qapı ağzına ötürdüyü şaybaya Henderson zərbə endirə bilmədi, yıxılaraq qapının arxasına sürüşdü. Yan borta dəyən şayba iki sovvet hokkeyçisinin üstünə qayıtdı. Artıq təhlükənin sovuşduğunu güman etmək olardı. Amma məşhur müdafiəçi Vladimir Vasilyev şayba ilə olduqca yöndəmsiz davrandı, Espozito onu ələ keçirdi və qapı qarşısına atdı. Artıq ayaq üstə qalxan Hendersonun ilk zərbəsini Tretyak dəf etdi, ikinci zərbəsi isə qol oldu – 6:5. Bu zaman oyunun bitməsinə 34 saniyə qalırdı.

Henderson superseriyada son qolu vurur

Henderson superseriyada son qolu vurur

Qalan vaxt ərzində sovet hokkeyçiləri rəqib qapısı qarşısında təhlükəli heç nə yarada bilmədilər. Final fiti səslənərkən Kanada komandasının bütün heyəti – təkcə oyunçular yox, həm də texniki heyət – buz üzərinə tökülərək çılğınlıqla qələbəni qeyd etməyə başladılar. Sovet tərəfində isə məyusluq hökm sürürdü.

Superseriya Kanada hokkeyçilərini qələbəsi ilə başa çatdi: +4-3=1. Vurulan və buraxılan şaybaların nisbəti SSRİ-nin xeyrinə idi: 32-31. Ruslardan Yakuşev, kanadalılardan isə Espozito və Henderson hərəyə 7 qol vurdular. Daha 6 məhsuldar ötürmə edən Espozito qol+pas sistemi üzrə 13 xal toplayaraq ən məhsuldar oyunçu oldu. İkinci yerdə Yakuşev idi – 11 xal. Yakuşev superseriyanın ikinci yarısını xüsusilə yüksək səviyyədə keçirdi və Moskvadakı dörd oyunun dördündə də öz komandasının ən yaxşı oyunçusu seçildi.

Fil Espozitonun ümumi qələbədə töhfəsi o qədər böyük idi ki, ölkəsinə qayıtdıqda mülki şəxslər üçün nəzərdə tutulan ən ali mükafata – “Kanada ordeni”nə və ilin ən yaxşı idmançısı kimi Lu Marş mükafatına layiq görüldü. Son üç oyunda Kanadanın qələbə qollarını vuran Pol Henderson isə milli qəhrəmana çevrildi.

Fil Espozito 40 ildən sonra verdiyi müsahibədə öz qələbələrini daha emosional və istəkli olması ilə izah edir, nümunə olaraq, qol vurarkən sovet və Kanada hokkeyçilərinin fərqli davranışlarını göstərirdi. Ruslar olduqca sakit davranırdılar, kanadalılar isə hər qolu çılğınlıqla qeyd edirdilər.

Mənim fikrimcə əsas səbəb bir qədər başqa idi. SSRİ komandasının oyunçuları cəmi 5 komandadan toplanmışdı. Onların demək olar ki, hamısı ya öz klublarında, ya da milli komandada bir yerdə oynayırdılar və çoxdan komanda kimi formalaşmışdılar. Kanadalılar isə 10 klubdan toplanmışdılar və peşəkar olduqlarına görə milli komandada çıxış etmirdilər. Buna görə də ilk oyunlarda bri-birlərinə uyğunlaşmaq problemləri vardı. Amma oyundan oyuna (superseriyanın SSRİ hissəsindən əvvəl kanadalılar İsveç millisi ilə də 2 oyun keçirdilər) komanda kimi formalaşdılar və bu da son üç oyunda həlledici rol oynadı.

Mütəxəssislərin yekdil rəyinə görə, superseriya hokkeyin inkişafına müstəsna təsir göstərdi. İki fərqli hokkey məktəbi bir-birlərindən çox şey əxz etdilər. Tretyak həmin oyunları “hokkeydə inqilab” adlandırırdı. Fil Espozito isə 45 il sonra verdiyi müsahibədə deyirdi: biz udmadıq, ruslar uduzmadılar, hokkey qalib gəldi.

 

Yadigar Sadıqlı

Tacxeber.com

Oxşar xəbərlər

Tehranda qeyri-adi ETİRAZ: metroda müşahidə kameralarını uşaq bezi ilə bağladılar – FOTO

redaktor

Bu axşam “Omoniya” – “Zirə” qarşılaşması olacaq. “Zirə” mərhələ adlasa, milyonlar qazanacaq – MƏBLƏĞ

admin

Ramin İsayev SOCAR-ın 54 milyonunu belə talayıb – FAKT

redaktor