Kamerunun Şimal-Qərb regionunda dəniz səviyyəsindən 1091 metr hündürlükdə, vulkanik aktiv zonada yerləşən Niyos gölü.
1986-cı il avqustun 21-də burada baş verən təbii fəlakət nəticəsində 1700-dən çox insan və minlərlə heyvan həlak oldu. Şəkil hadisədən 8 gün sonra çəkilib.
Niyosun dərinliklərində əsrlər boyu karbon qazı toplanırdı. Adətən bu qaz suyun içində həll olur və təhlükə yaratmır. Lakin həmin gecə tarazlıq pozuldu: ehtimal ki, sürüşmə və ya yeraltı silkələnmə baş verdi və qaz bir anda səthə çıxdı.
Göldən 100 metr hündürlüyündə su və qaz sütunu qalxdı. Bir neçə saat ərzində Niyosdan 100-300 ton karbon qazının havaya buraxıldığı təxmin edilir.
Qaz əvvəl hündürlüyə qalxdı, sonra havadan ağır olduğu üçün aşağıya çökdü, oksigeni sıxışdırıb çıxardı. İnsanlar və heyvanlar boğularaq öldülər.
25 kilometrə qədər yayılan qaz 1746 nəfər və 3500-dən çox heyvanı öldürdü. Sağ qalan insanlar iflic oldu və ya respirator infeksiyaya məruz qaldılar.
Bu hadisə son dərəcə nadir təbiət hadisəsi olan limnoloji püskürmənin ən böyük nümunəsi kimi tarixə düşdü.
Gölü tədqiq edən beynəlxalq alimlər qrupu faciənin yenidən baş verməsinin mümkünlüyü qənaətinə gəldilər. Təhlükəni önləmək üçün 2001-ci ildə göldə bir, 2011-ci ildə daha iki qazsızlaşdırma borusu quraşdırıldı — onlar qazı tədricən səthə çıxarır, onun təhlükəli həcmdə yığılmasına imkan vermir.
Bu gün göl nisbətən təhlükəsiz hesab olunur, amma daim nəzarətdə saxlanılır.
Bu faciə göstərdi ki, təbiət insanın ağlına belə gəlməyən tələlər hazırlaya bilər. Sakit və gözəl görünən bir göl, əslində, vulkan püskürməsi gücündə təhlükə daşıya bilər.
Alimlərin araşdırmaları göstərib ki, buna bənzər limnoloji fəlakət bir çox su hövzələrində, o cümlədən Qara dənizdə də mümkündür. Ən böyük təhlükəni isə Ruanda ilə Konqo Demokratik Respublikası sərhədində yerləşən Kivu gölü təşkil edir. Kivunun aşağı qatları karbon qazı və metanla zəngindir. Üstəlik, göl həcminə görə Niyosu xeyli üstələyir və sıx məskunlaşmış ərazidə yerləşir. Qonşu ərazilərdə yaşayan iki milyondan çox insan təhlükə altındadır.