Tutaq ki, İlham Əliyev bu dəfə də Əli Kərimliyə pasport vermədi, Varşava Təhlükəsizlik Forumuna getməsinə də imkan vermədi, bəs o zaman Avropanın bu forumda iştirak edəcək çoxsaylı siyasətçiləri, mətbuat orqanları bu faktdan hansı nəticələri çıxaracaqlar?
Mən deyim, siz sayın, həm də görün düzmü deyirəm.
Əvvəla, bu xəbərdən təəccüblənəcəklər. Şoka düşəcəklər ki, Avropa məkanında hələ də elə rejim var ki, öz siyasi rəqibinə 20 ildir ki, ölkədən çıxmağa imkan vermir. Əliyev rejimi həqiqətən də repressiv rejim imiş.
Sonra təəccüb hissi keçəcək və yavaşca qımışacaqlar ki, sən demə, bütün günü sağa-sola yumruq silkələyir, ancaq bu Əliyevin də bir qorxusu var imiş. Ata-oğul 32 il Azərbaycan xalqının başına min oyun açandan, bu qədər adamı həbs edəndən, mətbuatı məhv edəndən sonra da bu Əliyev öz rəqibi ilə yarışmağa qorxurmuş. Deməli, hərifin vəziyyəti yaxşı deyil, xalq dəstəyindən əmin deyil.
Hə, sonra da bu Avropa elitası oturub fikirləşəcək ki, deməli Azərbaycan müxalifət lideri Əli Kərimli həqiqətən güclü liderdir ki, bu qədər sərt rejim şəraitində belə, Əliyev rejiminə qorxulu rəqib ola bilib. Mətbuatın məhv edildiyi, mitinqlərin, çoxpartiyalılığın faktiki qadağan edildiyi, özünün ofisdən, pasportdan, internetdən məhrum edildiyi şəraitdə bu şəxs necəsə özünə xalq dəstəyini təmin edib ki, əlində bu qədər imkan və resurslar olan Əliyev onunla ədalətli yarışdan çəkinir; deməli, Əli. Kərimlini daha diqqətlə izləmək lazımdır.