Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli artıq 20 ildir ki, pasport almaq hüququndan məhrum edilib və ölkədən çıxışına qadağa qoyulub. Bu, ölkədə siyasi rəqabəti tamamilə aradan qaldırmağa yönəlmiş uzunmüddətli strategiyanın ən açıq nümunələrindən biridir.
Son günlərdə, 29–30 sentyabrda keçiriləcək Varşava Təhlükəsizlik Forumuna dəvət alan Əli Kərimli pasport almaq və ölkədən çıxmaq üçün Baş Prokurorluğa rəsmi müraciət edəcəyini açıqlayıb. Əslində, hakimiyyət onun varlığını çox yaxşı bilir, lakin rəsmi sənəd verməkdən çəkinir. Çünki bu addım həm onların qanunsuz siyasətlərinin, həm də yaratdıqları saxta kimliklərin beynəlxalq aləmdə ifşa olunmasına daha çox səbəb ola bilər.
Əli Kərimli bu barədə deyib:
“20 ilə yaxındır hakimiyyət mənə pasport vermir və xarici ölkə səfərlərimə qadağa qoyulub. Forumda iştirak etmək üçün Baş Prokurorluğa bir daha müraciət edəcəyəm.”
Bu qadağalar yalnız Kərimlinin fəaliyyətini məhdudlaşdırmaq üçün deyil, bütövlükdə müxalif düşüncəni boğmaq məqsədilə tətbiq olunur. Onun ölkədən çıxışına qoyulan qadağa illərdir beynəlxalq diplomatik nümayəndəliklər tərəfindən bilinsə də, dünya ictimaiyyətinin reaksiyası minimal səviyyədə qalır.
Həqiqət budur ki, 22 ildir hakimiyyətdə olan İlham Əliyev bu gün Tramp administrasiyası tərəfindən maraqlar çərçivəsində “fərasətli” siyasətçi kimi təqdim olunur. Avropanın bir sıra dövlətləri isə Azərbaycanla enerji müqavilələrini prioritet saydıqları üçün ölkədəki repressiyaları görməzlikdən gəlirlər. Məsələn, 2023–2024-cü illərdə müxalif jurnalistlərə və fəallara qarşı kütləvi repressiyalar həyata keçirilirdi, amma həmin dövrdə Avropa Azərbaycanla neft müqaviləsini yenilədi.
Bəs, indi hakimiyyət Əli Kərimliyə pasport verməsə nə baş verəcək? Çox güman ki, yenə tanış mənzərə: Qərbdən “dərin narahatlıq” ifadəsi səslənəcək vəssalam. Heç bir real təzyiq, heç bir sanksiya, yalnız kağız üzərində qalan diplomatik jest.
Bütün bunlara baxmayaraq, Əli Kərimli mübarizəsini davam etdirir. O, həm ölkə daxilində, həm də beynəlxalq platformalarda Azərbaycandakı hüquq pozuntularını ifşa etməyə çalışır. Amma reallıq budur ki, dünyada ikili standartlarla çıxış edən siyasətçilərin sayı artır və bu səbəbdən də Əli Kərimli kimi müxalifət liderləri ağır repressiyalardan qaça bilmirlər.