Rusiyalı alpinist Lyudmila Korobeşko dünyanın ən təhlükəli zirvələrini açıqlayıb. AzPost bildirir ki, alpinistlər arasında “ölüm dağları” adlandırılan bu zirvələr arasında K2 (Karakorum), Annapurna (Himalaylar), Nanga Parbat (Pakistan) və Qələbə zirvəsi (Qırğızıstan) var.
Korobeşko bildirib ki, bu dağlarda ölüm riski hətta Everestdən də yüksəkdir. Onun sözlərinə görə, sərt hava şəraiti, mürəkkəb marşrutlar və xilasetmə işlərinin çətinliyi bu zirvələri xüsusilə təhlükəli edir. Everestdə bir mövsümdə üçdən on altıya qədər alpinist həyatını itirsə, sadalanan zirvələrdə bu göstərici daha yüksəkdir.
K2 dünyada ikinci ən hündür dağ olsa da, ekstremal şəraiti ilə məşhurdur. Dik yamaclar, qar uçqunları və kəskin hava dəyişiklikləri bu zirvəni “Vəhşi dağ” adına layiq edib.
Annapurna isə 8091 metr hündürlüyünə baxmayaraq, yüksək lavina təhlükəsi ilə seçilir. Statistikaya görə, uzun illər hər üçüncü alpinist bu zirvədə həyatını itirib.
Pakistanın Nanga Parbat dağı isə “adam yeyən dağ” kimi tanınır. Burada sərt hava şəraiti, uzun marşrutlar və oksigen çatışmazlığı alpinistləri ciddi sınağa çəkir.
Qırğızıstandakı Qələbə zirvəsi (7439 metr) isə Orta Asiyanın ən çətin dağlarından biri sayılır. Burada güclü küləklər, şaxtalar və fırtınalar hər addımı təhlükəyə çevirir.
Alpinistlər hesab edirlər ki, bu zirvələrə qalxmaq sadəcə idman nailiyyəti deyil, həm də həyatla ölüm arasında incə bir xəttdə hərəkət etmək deməkdir.