Fransada solçu “Boyun əyməyən Fransa” partiyası prezident Emmanuel Makronun vəzifədən kənarlaşdırılması ilə bağlı parlament təşəbbüsü qaldırmağı planlaşdırır.
Tacxeber.comxəbər verir ki, bu barədə partiyanın parlament fraksiyasının rəhbəri Matilda Pano sosial şəbəkə X-də açıqlama verib.
Onun sözlərinə görə, təşəbbüs hökumətə etimad səsverməsindən bir gün sonra – 9 sentyabrda parlamentdə müzakirəyə çıxarılacaq. Qeyd edək ki, hökumətə etimad səsverməsi 8 sentyabrda keçiriləcək.
“8 sentyabrda biz baş nazir Fransua Bayrunun istefasına nail olacağıq. 9 sentyabrda isə prezident Emmanuel Makronun vəzifədən uzaqlaşdırılması barədə təklif irəli sürəcəyik”, – deyə Pano bildirib.
Fraksiya rəhbəri əlavə edib ki, bu qərarın səbəbi 2024-cü ildə keçirilən parlament seçkilərində sol qüvvələrin qalib gəlməsinə baxmayaraq, Makronun onların namizədini baş nazir təyin etməkdən imtina etməsidir.