“Son illər Azərbaycanda geyimə münasibət mənfiyə doğru inkişaf edir. “Qurani-Kərim”də buyrulur ki, geyim insanlar üçün abır-həya məqsədilə göndərilib. Allahın kitabında da geyimin insan üçün nə qədər zəruri olduğu, əhəmiyyət daşıdığı vurğulanır. Xüsusən, gənc qızların, hətta məktəblilərin geyimindəki açıq-saçıqlıq ikrah doğurur, onlara qarşı insanda nifrət, acıq, əsəb yaranır. Axı geyimin bir şəkli, forması olar. Geyim insanın bədəninin, əzalarının örtülməsi, abır-həya üçündür, təkcə isti, yaxud soyuqdan qorunmaq üçün deyil. Açıq-saçıq geyinənlərin sayı son zamanlar ifrat dərəcədə artıb. Hətta bəzi ortada yeyib, qıraqda gəzən oğlanlar da şalvar, kostyum məsələsində o qədər ifrata varırlar ki. “Moda” adı ilə lazımsız səviyyədə geyimlər tikdirirlər, yaxud alırlar. Fabrik üsulu ilə hazırlanmış, xaricdən gətirilən geyimlər də bu baxımdan insanlarda yaxşı münasibət doğurmur. Orta yaşlı – 40-50 yaşında olan qadınlar elə paltarlar geyinirlər ki, adam xəcalət çəkir, utandığından yerə girir”.
Tacxeber.com xəbər verir ki, bu sözləri tanınmış etnoqraf-tarixçi, professor Təvəkkül Səlimov deyib.
“Heç şəhərə, kəndin hansısa məhəlləsinə getmək lazım deyil. Bir-birini təkrar edən, bir-birindən daha aşağı səviyyədə hazırlanan televiziya verilişlərinə az qala küçədən dəvət olunan bir para müğənniciklərin geyimi insanda nifrət hissi oyadır. Onlar efirə oxumağa yox, bədən əzalarını göstərməyə çıxırlar. Bu, abır-həya gözləyən insanlar arasında yaxşı qarşılanmır. Bir ziyalı kimi geyimlərin bu cür əndirəbadi forma almasına qarşıyam. Mətbuatımız bu cür məsələlərə tez-tez yer ayırsa, bəlkə, beş nəfər açıq geyinəndən ikisi bu yoldan çəkinər. Bu da cəmiyyətimizin xeyrinədir. Demirəm ki, yapıncıya qayıdaq, qurşaq bağlayaq, başımıza şələ papaq qoyaq. Yox, o zaman, o dövran getdi. Lakin milli geyimlərimizin elə detalları var ki, bunları geyimlərə əlavə etsələr, daha gözəl görünər. İnsanların da münasibəti müsbət olar. “Dəb” adı ilə açıq-saçıq paltar istehsal edirlər. İndi “Leyli və Məcnun” kimi məhəbbət dastanları ortaya gəlmir, məhəbbət ucuzlaşıb. Çünki hər şeydə açıq-saçıqlıq, bayağılıq insanların məhəbbətə, həyata münasibətini soyudur. Geyim insanın vacib əxlaq dəyərlərindən, mərifət nişanələrindəndir və bir azərbaycanlı kimi bu mənəvi dəyərləri qoruyub-saxlamalıyıq. Bu bizim borcumuzdur”, – professor bildirib. (Pravda.az)