Azərbaycan xalqı dövlətinin, ölkəsinin, cəmiyyətinin məsuliyyətini daşıyır.
Lakin bu məsuliyyət xalq olaraq bizi qorxutmamalıdır, əksinə, bizi sevindirməlidir.
Düzdür, Azərbaycan Respublikası Rusiya, İran, Fransa, ABŞ, B. Britaniya, Çin kimi dövlətlərlə müqayisədə, şahmat fiqurları sırasında görünən piyada təsəvvürü yaradır. Ancaq bəzən çox hallarda şahmat taxtasında oyunun taleyini vəzirlər, toplar yox, piyadalar dəyişir.
Heç bir qərəz, heç bir düşməni münasibət bu “piyada”nın-ölkəmizin “şah” xanasına irəliləyişinin qarşısını ala bilməyəcəkdir.
Geo-siyasi baxımdan dünya üçün mühümlüyümüz, vacibliyimiz müstəqilliyimizdən dərhal sonra – 1991-ci ildə baş verməliydi.
Lakin Rusiya məlum münaqişəni körükləməklə bu prosesin qarşısını çox illər ala bildi.
Rusiya dünyanı bu coğrafiyada 35 il ləngitdi.
Böyüklüyümüzü kiçikdir işarəsinə sığdıranlar, qoy tarix qarşısında utansınlar!
Rusiyaya görə bu münaqişə bu gün də bitə bilməz.
Bu münaqişənin bitməsiylə Azərbaycan Rusiyanın bir hissəsinə çevrilməliydi axı. Rusiya buna görə münaqişəni bu gün də bitmiş hesab etmir.
Bu gün Azərbaycan Respublikası Şimal-Cənubu, Şərq-Qərbi özünə qovuşduran bir taleyə şahidlik edir.
35 ildir bu taleylə qorxudulmuşuq, bu taleyə yaxın durmaq, onun sahibinə çevrilmək istəməmişik.
Bu tale bizə özgə deyil, bu tale özümüzük.
Bu talenin adı da bizik, özü də bizik!
Belə bir mühüm, vacib məkanda yerləşən ölkəmiz özünün daxili həyatında da dünya üçün fərqli olmalıydı. Azərbaycan demokratiyası, demokratiyaya yeni yanaşma, Azərbaycanın demokratiyaya verdiyi yeni töhvələr, qurduğumuz yeni siyasi sistem bir çox dünya dövlətləri üçün örnək ola bilərdi.
Bu gün ailə hakimiyyəti heç olmasa Prezident, Parlament, Bələdiyyə seçkisində 1(bir) gün də demokrat ola bilmir.
Heç olmasa, 5 ildə bir dəfə, 7 ildə bir dəfə demokrat olun!
Bu gün Azərbaycan xalqı uydurulmuş ədaləti Azərbaycanın TV kanallarında tapmamalıdır, gerçək həyatında ədaləti tapmalıdır.
İstifadə etdiyimiz feodal siyasi sistemi müasir siyasi sistemlərin tam əksidir.
Müasir siyasi sistemlərdə xalq hakimiyyəti dəyişir, köhnə siyasi sistemlərdə isə hakimiyyətlər xalqlara istədikləri məzmunu, istədikləri formanı verməklə dəyişə bilirlər, eynilə ölkəmizdəki kimi.
Ailə hakimiyyəti Azərbaycan xalqını bu səbəbdən də bu siyasi sistemə uyğun gələn qəlibə salıb.
Biz qəlibdəyik!
Buna görə də bu feodal siyasi sistemdə:
-Azərbaycan insanı Vətəndaş kimi davranışını itirib. Cəmiyyət olaraq quluq, köləyik.
– Ölkədə seçki idarəçiliyin məzhəkəsindən başqa bir şey deyil!
– İdarəçilik irsidir, ailəyə aiddir.və.s.
Adı min illərin coğrafiyasından gələn milli kimliyimiz var.
Bu kimlik qürurumuzdur.
Bu kimlik inkişaf etmiş xalqların kimliyi boyundadır.
Nə üçün həmin xalqlar kimi yaxşı yaşamağa haqq etməyək?
Milli kimliyimiz yaddaşımızdır!
Milli kimliyimizdən ayrı düşə bilmərik, yad ola bilmərik.
Yaddaşımızdan məhrum ola bilmərik!
Necə ki bir evdə yaşayan insanların fərqli adları olsa da necə ki bir ailədilər, eləcə də ölkəmizdə yaşayan bütün xalqlar da birdirlər, vahid bir orqanizmdirlər.
-Coğrafi yaddaşımız bir.
-Tarixi yaddaşımız bir.
-Dini yaddaşımız bir.
-Mədəniyyət yaddaşımız bir.
Deməli, doğrudan da milli kimliyimizdə birik.
Azərbaycan Respublikasının geo-siyasi mövqeyi dünyanın əsrdən də çox arzusunda olduğu yeni bir xəritəsidir.
Bu xəritədə vahidliyimizi, butünlüyümüzü qorumalıyıq.
Ölkəmizdə bu feodal siyasi sisteminin yaratdığı məhrumiyyətlər bütün sahələrdə hiss edilir:
-Azərbaycan tarixi kölgədədir. Ata və oğul tariximizi əvəz edir.
-Azərbaycan dili qandalsız, qəfəssiz həbs həyatı yaşayır.
Azərbaycan dili ölkə daxilində muhüm dil statusunu itirib, yeni vacib hesab edilmir.
-Azərbaycan mədəniyyəti yad mədəniyyətlərin təsiri altında Azərbaycan xalqına yadlaşdırılır.
-Azərbaycanın müstəqilliyi həyatımızda duyulmur.
-Sosial ədalətsizlik bəlli.
-Hüquqsuzluq bəlli.
-Hakimiyyətlə cəmiyyət arasında münasibətsizlik bəlli.
-Təhsil siyasəti yox.
-Gənclər siyasəti yox.və.s.
Deməli, Azərbaycan formal olaraq respublikadır, formal olaraq dövlətdir.